”Keçənlər”in keçilməz yolları…

Sakinlər küçəyə çıxanda ayaqlarına sellofan bağlamalı olurlar

Source:
Maştağanın Keçənlər məhəlləsi
Maştağanın Keçənlər məhəlləsi


Sakinlər küçəyə çıxanda ayaqlarına sellofan bağlamalı olurlar

“İki aydan çoxdur su çəkmək adıyla buraları qazıb töküblər. Gətirib torpağın altıyla su xətləri çəkdilər. Sonra da elə xaraba vəziyyətdə qoyub getdilər. Bələdiyyəyə, yerli “kənd soveti”nə müraciət elədik, dedilər, papağınızı göyə atın ki, məhəllənizə su xətti çəkiblər”.

Su çəkmək yaxşıdır, amma…

Bunu Meydan TV-yə Maştağanın “Keçənlər” məhəlləsinin sakinləri deyir. Bu məhəllə qəsəbənin girişində – “dördyol” deyilən ərazidə yerləşir. Bura sakinlər arasında “qəbiristanlıqüstü” kimi də tanınır. Məhəllə sakini Nazilə Abbasova deyir, məhəllələrə su xətlərinin çəkilməsi yaxşıdır, ancaq bu şəkildə yox… Sakin danışır:

“Qaz xətti çəkən gəlir, deyir: “Bu hasar içəri girməlidir”. Borunu çəkmək olmur, vurur camaatın şəxsi mülkiyyətini dağıdır, sonra da o vəziyyətdə qoyub gedir. Su xətti çəkən gəlir, minlərlə insan yaşayan məhəllənin yollarını qazıb-tökür, sonra da o vəziyyətdə qoyub gedir. Özü də adamların boynuna elə minnət qoyurlar ki… Əslində bu, çox böyük məsələdir. Adi məişət problem deyil. Bu, hökumətin vətəndaşına verdiyi dəyərdir. Vətəndaşın qapısının önünü qazıb, sonra da xəndəkləri bağlamadan, yolu hamarlamadan getmək onu təhqir etməkdir. Biz siçovuluq məgər?”

Biri qapısınadək asfalt tökdürüb, o biri ayağına sellofan bağlayıb gəzir

Sakinlərin deməsinə görə, suçəkənlər gedəndən sonra özləri yolları hamarlamağa çalışıblar. Lakin o da yarımçıq…

Sakin Həmidə Sadıqova:

“Kimin əlinə həyətində bir vedrə torpaq keçirsə, çıxıb yola tökür. Ancaq bununla iş bitmir. Məhəlləmizin asfaltlanmasını istəyirik. Biz də normal yaşamaq istəyirik. Axı niyə mənim uşağım məktəbə gedəndə içi su ilə dolu xəndəyə düşməlidir? Biri varlıdır, “dördyol”dan qapısınacan asfalt tökdürüb, o biri kasıbdır, ayağına sellofan bağlayıb gəzir. Bizim məhəlləyə isə “dördyol”dan taksi də müştəri gətirmir. “Qəbiristanlıqüstü” deyən kimi ağız büzürlər ki, ora maşın girdi, torpağa batır”.

Vahiməli “İkarus”

Sakinlərin başqa dərdi illərdir ki, məhəllədə lövbər salmış köhnə, çürük, istifadəsiz avtomobillərdir. Onlar uzun müddətdir ki, bir neçə avtomobili məhəllədən tərpədə bilmirlər. Buna görə bələdiyyəyə və yerli icra nümayəndəliyinə də müraciət ediblər. Ancaq onlara bildirilib ki, bu yararsız avtomobillər kiminsə şəxsi mülkiyyətidir və toxuna bilməzlər:

“Avtomobillər düz qapılarımıza dirənib. Bura ümumi məhəllədir, avtomobillərin “ölüxanası” deyil, “metallom” deyil. Sahibi kimdirsə, bilmirik. Lap çoxdan burda dayanıblar. Gediş-gəlişə də mane olurlar. Yayda iri “İkarus”un içinə ilan, qurd-quş yığılır, uşaqlar anlamır, məhəllədə oynayanda pəncərəsindən içərisinə düşürlər, həyatları üçün təhlükəlidir”.

İcra hakimiyyəti maraqlanacaq

Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, qeyd olunan ərazi Zədabi küçəsidir, 2 ay əvvəl həmin küçəyə su xətti çəkilib. Ancaq sakinlərdən hər hansı şikayət daxil olmayıb:

“İcra nümayəndiliyi ilə əlaqə saxlayıb aydınlaşdırarıq, əgər vəziyyət sakinlərin dedikləri kimidirsə, bu məsələ yerli bələdiyyəyə deyilməlidir. Məhəllədaxili yolların təmiri, bərpası yerli bələdiyyələr tərəfindən həyata keçirilir”.

Ana səhifəReportaj”Keçənlər”in keçilməz yolları…