Vəkil: ”Provayderlər domenə girişi qanunsuz olaraq məhdudlaşdırıblar”
“Kanal13 televiziyasının “kanal13.tv” domeninə Azərbaycan Respublikasının internet məkanından giriş qanunsuz olaraq məhdudlaşdırılıb və ölkə İP ünvanlarından bu sayta giriş mümkün deyil”.
Bunu vəkil Cavad Cavadlı bildirib. O, qeyd edib ki, Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi verilmiş sorğuya cavab olaraq bildirib ki, qurum tərəfindən internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılmasına dair hər hansı tədbir görülməyib:
“Eyni cavab sorğumuza əsasən həmin nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi tərəfindən verilmişdir. Bu isə bir anlama gəlir ki, kanal13.tv saytına Azərbaycan Respublikasından giriş qanunsuz olaraq provayderlər tərəfindən məhdudlaşdırılıb. Çünki internet resursuna müraciətinə məhdudlaşdırılmasının əsasları və qaydası “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda nəzərdə tutulub və məhdudlaşdırılma səlahiyyəti məhz yuxarıda göstərilən nazirliyin səlahiyyətinə aiddir”.
Vəkil bildirib ki, hal hazırda onun tərəfindən bütün internet provayderlərə mücariət ünvanlanıb.
Dekabrın 15-də “Kanal 13” internet televiziyasının icraçı direktoru Əziz Orucov Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il azadlıqdan məhrum
edilib
.
İnternet televiziyanın təsisçisi Anar Orucov isə bir müddət əvvəl Avropaya mühacirət edib.