Aksiyaçılar Xədicə İsmayılın dərhal azad olunmasını istəyiblər
Jurnalist Xədicə İsmayılovanın dostları, hüquq-müdafiəçiləri və bir qrup jurnalist Azərbaycanın ABŞ-dakı səfirliyinin qarşısında etiraz aksiyası keçirib. Onlar X.İsmayılovanı dəstəklədiklərinin bildiriblər və onun dərhal azad olunmasını tələb ediblər. Bu barədə “Turan” İA-nin Vaşinqton müxbiri məlumat verib.
“Mən bilirəm, Xədicə indi bizə nə deyərdi: Mənim həbsimi problemə çevirməyin – problem Azərbaycanda siyasi məhbusların olmasıdır”, – fotojurnalist Amanda Rivkin bildirib.
X.İsmayılovanın vaxtilə çalışdığı Beynəlxalq Jurnalistika Mərkəzinin vitse-prezidenti Patrik Batler onun həbsini “bütün regionda mətbuat azadlığına ciddi zərbə” adlandırıb.
“Biz Azərbaycan hökumətindən onun azadlığa buraxılmasını tələb edirik”, – o qeyd edib.
Aksiya başa çatdıqdan sonra iştirakçılar piketin qətnaməsini səfirliyə təqdim ediblər.