Jurnalist Kamran Mahmudov sərhəddə saxlanıb (Yenilənib)

Vəkil: ”İlkin olaraq ”Kamran axtarışdadır” – deyildi”

Source:



Vəkil: ”İlkin olaraq ”Kamran axtarışdadır” – deyildi”

İyunun 22-də jurnalist Kamran Mahmudov Gürcüstana gedərkən saxlanıb. Bu barədə Meydan TV-yə vəkil Cavid Rzazadə məlumat verib.

“Kamran Mahmudovu Gürcüstana mənimlə birlikdə gedərkən sərhəddə saxlayıb Qazax Rayon Polis İdarəsinə apardılar. Hardasa saat 4 idi. Mən sərhəddi maşınla keçmişdim artıq. Zəng edib saxlandığını dedi, qayıtdım. İlkin olaraq “Kamran axtarışdadır” – deyildi”.

Vəkilin bildirməsinə görə, jurnalist müvəqqəti saxlanma kamerasına aparılıb.

“Kamranın üzərindən 127 manat pul, plastik kartlar və digər şəxsi əşyalar aşkar edilib götürüldü. Şəxsi axtarış hal şahidlərinin və mənim vəkil olaraq iştirakım olmadan aparıldı. Vəkili olduğumu bildirsəm də, məni yanına buraxmadılar. 9-da yaxınlaşdım, dedilər “razvoddur, yarım saat sonra gəl”. Yarım saat sonra yaxınlaşdım. Bu dəfə də “bu gün bizim dərs günümüzdür, ona görə içəri buraxa bilməyəcəyik”, – bildirildi. Hələ ki gözləyirəm”.

Vəkil deyir ki, öncədən Kamran Mahmudova axtarışda olduğu barədə heç bir məlumat verilməyib.

“Kamran Mahmudov saxlanıb və Qazax Rayon Polis Şöbəsinə gətirilib. İndi araşdırma gedir”.

Bunu Qazax Rayon Polis Şöbəsindən Azadlıq Radiosuna bildiriblər.

Polis əməkdaşı deyib ki, K.Mahmudovun saxlanma səbəbi ölkədən çıxışına yasaq qoyulması ilə bağlıdır:

“Amma biz deyə bilmərik ki, bu qadağanı konkret kim qoyub. Sadəcə olaraq, çıxış yasağı olduğu üçün saxlanılıb və yaxın saatlarda məsələ tam məlum olar”.

K.Mahmudov AzadlıqRadiosunun Bakı ofisi bağlananadək bu radioyla əməkdaşlıq edib. O, daha sonra “Kanal 13” internet televiziyasında çalışırdı. Ancaq onun axtarışda olma səbəbi, saxlanması barədə rəsmi orqanlardan açıqlama almaq, hələlik, mümkün olmayıb.

“Kanal 13” internet televiziyasının Bakı filialının rəhbəri və icraçı direktoru Əziz Orucov mayın 2-də polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə bir ay müddətinə inzibati qaydada həbs edilib. İyunun 2-də isə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsi inzibati cəzasının başa çatdığı gün Ə.Orucova Cinayət Məcəlləsinin 192.2.2-ci (böyük gəlir əldə etməklə qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürüb. Nəsimi Rayon Məhkəməsinin qərarına görə, Ə.Orucov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Ə.Orucov ittihamları qəbul etmir və həbsinin “Kanal 13” internet televiziyasının fəaliyyəti ilə bağlı olduğunu bildirir.

“Kanal 13” 2008-ci il oktyabrın 10-dan yayımlanırdı. Müdafiə tərəfi bildirir ki, ofisdə axtarış zamanı bütün kompüterlər götürüldüyündən internet televiziyasının işinə maneə yaranıb.

Ana səhifəXəbərlərJurnalist Kamran Mahmudov sərhəddə saxlanıb (Yenilənib)