Mixalkov isə ölkə başçısı ilə daha vacib məsələləri müzakirə etdiyini açıqlayıb
Rusiya Prezidenti Vladimir Putinə bloger Nastya İvleyevanın “Demək olar ki, çılpaq” gecəsində iştirak edənlər haqqında məlumatı rejissor Nikita Mixalkov verib.
Bu iddia ilə jurnalist Ksenya Sobçak çıxış edib:
“Qarşıma məqsəd qoymuşamsa, ona mütləq nail oluram. Nəhayət ki, Prezidentə “Demək olar ki, çılpaq” gecəsinin haqqında kimin məlumat verdiyini öyrənə bildim. İki etibarlı mənbədən dəqiqləşdirdim ki, bu, Nikita Mixalkovdur. O, keçirilən gecə ilə bağlı məlumat verib, həmçinin videoları göstərərkən öz şərhi ilə də müşayiət etməyi unutmayıb”.
“Putin ona hörmət edir, sevir. Mixalkov da özünə lazım olanda, arqumentlər gətirib, inandırmaq qabiliyyətinə malikdir. Buna görə də hakimiyyətdən belə sərt reaksiya oldu”, – Sobçak bildirib.
Rejissor, Rusiyanın Xalq artisti Nikita Mixalkov məsələyə münasibət bildirərkən deyib ki, Putinlə görüşən zaman daha vacib məsələləri müzakirə edirlər:
“Sizin də iştirak etdiyiniz “Mutabor” klubunda keçirilən bu gerontoloji (insanın qocalmasını və bu qocalmaya qarşı mübarizə metodunu öyrənən elm-red.) həyat bayramına Prezidentin marağını çəkməkdən daha maraqlı və vacib müzakirə edəcəyimiz mövzular var”.
2023-cü il dekabrın 21-də bloger Nastya İvleyevanın təşkilatçılığı ilə Moskvanın “Mutabor” klubunda “Demək olar ki, çılpaq” partisi keçirilib.
Gecədə Rusiya şou-biznesinin bir çox ulduzları, o cümlədən Filipp Kirkorov, Lolita Milyavskaya, Dima Bilan və Kseniya Sobçak və başqaları iştirak ediblər.
Partidən görüntülər internetdə yayıldıqdan sonra Rusiya hakimiyyəti hadisəyə sərt reaksiya verib.
Rusiya mətbuatı yazır ki, gecəyə tamamilə çılpaq gələn repçi Vasio (Vacio) hüquq müdafiə orqanları tərəfindən saxlanılaraq xırda xuliqanlıq maddəsi ilə iki inzibati həbs – 15 və 10 gün – alıb.
İkinci dəfə həbs olunmazdan əvvəl ona hərbi komissarlığa çağırış vərəqəsi verilib.
Digər qonaqlar üzrxahlıq videoları çəkiblər.
“Mutabor” klubu tədbirdən sonra üç ay müddətinə bağlanıb.
Rusiya Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin (FPBC) rəhbəri Vitali Borodin ölkənin Mədəniyyət Nazirliyinə müvafiq bəyanat təqdim edib.
O bəyanatında bildirib ki, İvleyevanın məclisində xalq artistlərinin iştirakı fəxri ada xələl gətirir.
Vladimir Putin “Demək olar ki, çılpaq” gecəsini iki dəfə dolayısı ilə Ukrayna müharibəsi fonunda şərh edib.
O, yanvarın 16-da Rusiya vilayətlərinin bələdiyyə rəhbərləri ilə görüşündə Ukraynadakı müharibədən qayıdan əsgərlərə diqqət yetirməyə çağırıb.
“Əlbəttə, biz Şimal Hərbi Dairəsi zonasından qayıdan uşaqlara diqqət yetirməliyik. Odun-alovun içindən keçib geri qayıdanların bir çoxunun həyat prioritetləri dəyişir və sən heç bir tədbirdə şalvarsız tullanmırsan”, – Putin bildirib.
Yanvarın 26-da Putin deyib ki, ölkənin elitası cinsiyyət orqanlarını açanlardan və ya arxalarını göstərənlərdən deyil, döyüşənlərdən formalaşmalıdır.