Alya Yaqublu

Mənbə: Meydan TV

Başlıq: Alya Yaqublu

Jozefin Batler – seksist qanunlara qarşı mübarizə aparan feminist qadın

(ikinci hissə)

“Kişilər və qadınlar üçün vahid standart, bu standarta əsaslanan eyni qanunlar və eyni əxlaq kodeksi – bizim tələbimiz budur”.

Jozefin Batler

1875-ci il. İngiltərə. Olderşot şəhəri. Pasxa bayramı.

Beyzinqstok kanalından qadın meyiti tapılır. 36 yaşlı Ceyn Mersinin – professional müğənni və aktrisa olan 3 uşaq anasının meyiti. Bir il əvvəl əri ölən bu qadını polis daim nəzarətdə saxlayırmış və bu, cəmiyyətdə belə bir fikir formalaşdırıbmış ki, missis Mersi artıq fahişəliklə məşğul olur. Ona görə də Ceyni daha heç yerdə işə götürmürlərmiş. Uşaqlarına çörəkpulu qazana bilməyən, ümidsizliyin və çıxılmazlığın son həddinə çatdırılan bu qadın fahişə olmadığını canına qəsd edərək sübut etmək istəyibmiş...

****

Hərbi düşərgə və limanlarda cinsi xəstəliklərin yayılmasına mane olmaq üçün qadınların tibbi müayinəyə cəlb edilməsi praktikası ilk dəfə 1864-cü ildə - Yoluxucu xəstəliklər haqqında qanunun (CDA) qəbuluyla başlamışdı. Polislərə icazə verilmişdi ki, fahişə hesab etdikləri qadınları həbs edib məcburi müayinəyə gətirsinlər, yoluxucu xəstəliyi olanlarısa 3 aya qədər həbsdə saxlasınlar.

1866-cı ildə qəbul edilən yeni qanun müayinə tətbiq edilən şəhərlərin sayını artırmış, qadınların hər iki həftədən bir həkim qəbuluna getməsi qaydasını müəyyənləşdirmişdi.

1869-cu ildə daha bir qanun qəbul olunur və artıq 18 şəhərdə tətbiqi nəzərdə tututlur. Qadınarın həbs müddəti artırılaraq 9 aya çatdırılır. Bəzi həkimlər CDA-ya qarşı çıxsalara da, çoxları, o cümlədən, “Lanset” jurnalı yeni qanunu dəstəkləyir.

Yoxsul təbəqəyə və ya fəhlə sinfinə aid olan qadınları daim nəzarət və təzyiq altında saxlayan, hər fürsətdə onları həbslə təhdid edən və tutub təcridxanalara dolduran polislərə bu qanunla daha geniş səlahiyyətlər verilir. Ordu və donanma əsgərlərinin sağlamlığını qorumaq adına yürüdülən bu siyasət minlərlə qadının reputasiyasına elə ağır zərbə vurur ki, nəticə etibarilə onların fahişəlik etməkdən başqa çarəsi qalmır.

“Parlamentin bu böyük vəhşiliyə sanksiya verməsini mən bir neçə həftə sonra öyrəndim... Məni hər şeydən çox yoran qəzəb bədənimə və ruhuma hakim kəsildi, elə bir qəzəb ki, hətta nifrətə də çevrilə bilir və mən onunla üzləşməkdən qorxuram...” (Sitatlar Ceyn Cordanın “Jozefin Batler” kitabındandır).

Həm CDA-nın əleyhinə olan həkimlər, həm də rəfiqəsi Elizabet Uolstonholm onu mürtəce qanuna qarşı milli kampaniyaya rəhbərlik etməyə dəvət edirlər. Jozefin o vaxta qədər yoxsul qadınlara yardım təşkil etməklə, yəni humanitar fəaliyyətlə məşğul olmuşdu, fahişəlik haqqında qanuna qarşı siyasi kampaniya aparmaqsa fərqli sahəyə aid işiydi və nəticəsi özündən başqa, ərinə və övladlarına da təsir edə bilərdi.

Ona görə də missis Batler bir müddət götür-qoy edir və qadınlara qarşı sanksiyalaşdırılmış dövlət zorkılığına son qoymağın ən effektiv üsulunun siyasi fəaliyyət olması qənaətinə gələrək aldığı təklifi, nəhayət, ərinə də deyir. Mister Batler dərhal razılaşmır - ailəyə, övladlarına dəyə biləcək zərər onu da narahat edir. Ancaq bir neçə gün sonra Jozefin kimi o da bu çətin və təhlükəli işi görməyin vazib olduğunu düşünərək arvadına xeyir-dua verir. Sonrakı mərhələlərdə miss Batler həm mətbuatın, həm Palatanın kəskin tənqidləriylə, bəzənsə hətta təhqirləriylə üzləşəcək, hər dəfəsində də Corc arvadının yanında olacaq, onu dəstəkləyəcəkdi.

****

1869-cu ilin oktyabr ayında yoluxucu xəstəliklərlə bağlı qanunlara qarşı mübarizə məqsədilə Milli Assosiasiya yaradılır, ancaq qadınları bu quruma üzv etmirlər. Buna cavab olaraq Jozefin Batler və Elizabet Uoltstenholm Milli Qadın Assosiasiyası yaradırlar (LNA).

Jozefin zorakı və alçaldıcı müayinəyə əsaslanan “fahişə ovuna” qarşı çıxır, hesab edir ki, tətbiq edilən üsullar qadınları əslində kişilərin şikarına çevirir, onların cinsi istismarına yol açır və cəmiyyətdə üstün mövqelərə sahib olmalarını əngəlləyir.

Həkimlərin və polislərin sadəcə şübhə və təxminlərə görə qadınlara qarşı zorakı üsullardan istifadə etməsini, kişilərinsə heç bir halda müayinəyə cəlb edilməməsini pisləyən Jozefin bu mövqeyinə görə özünə xeyli düşmən qazanır.

Buna baxmayaraq missi Batler zorakı və kobud müayinələrə etiraz kampaniyasını davam etdirir, davamlı şəkildə bütün instansiyalara məktublar göndərir. Məşhur homeopat C.C.Hart Uilkinsona isə bunları yazır:

“BİZİ QƏZƏBLƏNDİRƏN İLK MƏSƏLƏ QADINLARA QARŞI İYRƏNC MÜNASIBƏTDİR. HƏLƏ O ALƏTLƏR – BƏZƏN EYNİ VAXTDA BİR NEÇƏSİNDƏN İSTİFADƏ EDİRLƏR. DEYİLƏNLƏRƏ GÖRƏ, ƏVVƏLCƏ VAGINAYA ƏLLƏRİYLƏ MÜDAXILƏ EDIRLƏR, SONRA ALƏTLƏRİ QADINLARIN BƏTNİNƏ YERİDİB UŞAQLIQ BOYNUNU DARTIB ÇÖLƏ ÇIXARIRLAR, BURURLAR, ƏZİRŞDİRİRLƏR. AĞRIYA DÖZMƏYIB QIŞQIRANLARI MƏCBUR EDİRLƏR Kİ, AĞIZLARINA DƏSMAL TIXASINLAR”.

Doktor Uilkinson az sonra dərc etdirdiyi pamfletə bu sözləri də əlavə edəcəkdi.

Qanunun dəyişdirilməsi xahişiylə İcmalara Palatasına göndərdiyi müraciətdə Jozefin sözügedən qanunlardakı ikili standartlara diqqət çəkir, qeyd edir ki, fahişəliklə məğul olan qadınların əxlaqsız elan olunması, onların xidmətlərindən istifadə edən kişilərinsə zərərçəkmiş kimi tanınması haqsızlıqdır.

“Manifestiniz bizi ciddi şəkildə sarsıtdı. Palatanın rəhbərlərindən biri mənə dedi ki, parlamentdəki və ölkədəki bütün müxalifətçilərin öhdəsindən gələ bilirik, ancaq qadınların üsyanı qarşısında çətinlik çəkirik” – sonralar deputatlardan biri Jozefinlə belə deyəcəkdi (1871).

Bunun ardınca Jozefin ölkənin müxtəlif bölgələrinə gedib publik tədbirlər təşkil edərək CDA əleyhinə təbliğat aparır, kişilərin yaratdığı və elə özlərinin də nəzarət etdiyi sistemin qadınlara hansı zərbələr vurduğunu izah edir. Qadınların hələm-hələm irəli durmadığı, belə mövzularda isə heç danışmadığı o dövr üçün belə şeyləri dilə gətirmək həqiqətən böyük cəsarət tələb edirdi və missis Batlerin mütəmadi fəaliyyəti qadınların publik platformalarda qəbul edilməsində, sonrakı illərdə onlara səsvermə hüququnun verilməsində böyük rol oynayacaqdı. Çünki Jastin CDA əleyhinə kampaniyanı quldarlığın ləğvi və kişilərə səsvermə hüququnun verilməsi kimi liberal islahatların davamı olaraq görürdü. Jozefin fahişəliyi və qadın alverini quldarlıqla, transatlantik qul ticarətiylə müqayisə edirdi və onun nəzər nöqtəsini getdikcə daha çox adam dəstəkləyirdi. Az sonra CDA əleyhinə kampaniyanın iştirakçıları özlərini bu sahənin abolisionistləri adlandırmağa başlayacaq və təkcə CDA-nın yox, qadınlara qarşı bütün növ ayrı-seçkiliklərin aradan qaldırılması uğrunda mübarizə aparacaqdılar.

****

1870-ci ilin payızında Jozefin CDA tətbiq edilən şəhərlərə yollanır, bu şəhərlərdəki fahişəxanalara gedib müayinəyə cəlb edilən və müayinədən imtinaya görə həbs olunan qadınlarla görüşür. Onlar özlərinə qarşı kobud rəftardan, müayinə zamanı həkimlərin zorakı və qəddar davranışından şikayətlənirlər, bəzi qadınlarda yoxlamalardan sonra güclü qanaxma başladığını bildirirlər. Qadınlardan biri onun haqqında hökm çıxaran hakimin məhkəmədən bir neçə gün əvvəl pul verərək onunla intim münasibətdə olduğunu deyir.

Jozefin Batler

Jozefin Batler

Mənbə: google.az

Jozefin əsgərlərlə də görüşür, onlar qeyd edirlər ki, istirahət və əyləncə yeri olaraq onlara ancaq fahişəxanalara getmək fürsəti yaradılır. Bu isə hakimiyyətin fahişəliyi və seksual zorakılığı təşviq etməsinin daha bir sübutuydu.

Həmin ilin may ayında missis Batler Milli Assosiasiyanın konfransında çıxış edərək səfər zamanı topladığı faktları açıqlayır. Bundan başqa, daxili işlər naziriylə görüşəcək nümayəndə heyətinə onu da daxil etmişdilər və Jozefin gördükləri və eşitdikləri barədə ona da məlumat verir.

Az sonra LNA Yardım və Müdafiə Assosiasiyası yaradaraq CDA-dan əziyyət çəkmiş qadınlar üçün hüquqi dəstək imkanı yaradır, həbsdə olan qadınların uşaqlarına maddi yardım göstərir.

O dövrdə yazdığı “Əməl olunmayan konstitusiya” əsərində Jozefin bu qanunun təkcə qadın hüquqlarına yox, hər kəsin hüququna təhlükə olduğunu əsaslandırır. Eyni zamanda o, qadınların ən böyük ehtiyaclarından birinin siyasi təmsilçilik olduğunu vurğulayır.

1871-ci ilin əvvəllərində Milli Assosiasiyanın parlamentdəki təmsilçisi deputat Uilyam Faulerin SDA-nın ləğviylə bağlı layihəsi rədd edilir, bundan sonra yaradılmış Kraliyyət Komissiyası Jozefin Batleri ifadə verməyə dəvət edir, ancaq bu komissiyaya etibar etməyən LNA 250 mindən çox insanın imzaladığı “dəhşətli petisiyanı” parlamentə təqdim edir. Şahidlərin dediyinə görə, deputatlar onu gülüşlə qarşılayırlar...

Kraliyyət Komissiyası qadınların ona olan şübhələrini doğruldur – hesabatında bəyan edir ki, CDA konstitusiya normalarını pozmur.

1872-ci ildə hökumət guya CDA-nın ləğvini nəzərdə tutan yeni qanun layihəsi təqdim edir, əslində isə bu layihədə CDA normalarının bütün ölkəyə tətbiqi nəzərdə tutulmuşdu.

Hərəkatda parçalanma baş verir - Milli Assosiasiya layihəni dəstəkləyir, LNA isə əksinə, qəti şəkildə əleyhinə çıxır. Xoşbəxtlikdən baş nazir Uilyam Qladston layihənin “çiy” olduğunu etiraf edir və geri çəkir.

Bu hadisədən sonra Jozefin bir daha əmin olur ki, səsvermə imkanl qadınlar üçün son dərəcə vacib şərtdir:

“Özünüqoruma vasitəsi olaraq səsvermə hüququna malik olmağımızın böyük əhəmiyyətini heç vaxt olmadığı qədər dərindən hiss edirəm. Biz öz səhvlərimizi düzəltmək üçün nəcib insanların fədakarcasına göstərdikləri səylərə heç də həmişə etibar edə bilmərik”.

İrəlidə missis Batleri bununla bağlı ciddi sınaqlar gözləyirdi...

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/w94xl1

Ən çox baxılan