İTV “Eurovision”nun milli seçim turunun vaxtını uzadıb

Foto: İTV

Qərarın çoxsaylı müraciətləri nəzərə alaraq verildiyi bildirilir

“Eurovision 2023” Beynəlxalq Musiqi Müsabiqəsinin Azərbaycan üzrə seçim turlarının vaxtı uzadılıb.

Bu haqda müsabiqənin Azərbaycanda rəsmi yayımçısı İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) məlumat yayıb.

Bildirilir ki, qərar ifaçı və mahnı seçimi üçün çoxsaylı müraciətləri nəzərə alaraq verilib.

Seçimlərdə iştirak etmək istəyən Azərbaycan ifaçıları və bəstəkarları 15 yanvar saat 22:00-dək öz ifalarını, demo şəklində bəstələdiyi mahnılarını, yaxud öz ifasında olan və “Eurovision” üçün hazırlanmış yeni mahnılarını “song@eurovision.az” elektron ünvanına göndərməlidirlər.

Göndəriləcək mahnıların demo versiyaları tam hazır (sözlər, ifa, xronometraj) və “Eurovision” mahnı müsabiqəsinin qaydalarına uyğun olmalıdır.

Avropa Yayım Birliyinin (EBU) qaydalarına əsasən, mahnının xronometrajı 3 dəqiqədən çox olmamalıdır.

Mahnı 2022-ci il sentyabrın 1-dən əvvəl kommersiya məqsədi ilə buraxılmamalı, ictimai resurslarda və KİV-də (televiziya, radio və ya internet vasitəsilə) yayımlanmamalıdır.
Seçimlərdə iştirak edəcək hər kəs özü haqqında qısa məlumat təqdim etməlidir.

“Eurovision”. Mənbə: Review News/shutterstock

2022-ci il mayın 10-dan 14-dək İtaliyanın Turin şəhərində “Eurovision 2022” Beynəlxalq Musiqi Müsabiqəsi keçirilib.

Ümumilikdə 25 ölkənin iştirak etdiyi yarışmanın final mərhələsində 631 səslə Ukrayna (“Kalush Orchestra” – “Stefania”) qalib olub.

Böyük Britaniya (Sam Ryder – “Space Man”) ikinci, İspaniya isə (Chanel – “SloMo”) üçüncü olub.

Azərbaycanı “Fade to black” mahnısı ilə təmsil edən Nadir Rüstəmli ümumilikdə 103 xal toplayaraq, 16-cı yerdə qərarlaşıb.

Avropa Yayım Birliyi hazırda davam edən hərbi əməliyyatlarla əlaqədar müsabiqənin Ukraynada deyil, yarışmanın ikincisi olmuş ölkənin – Böyük Britaniyanın Liverpul şəhərində keçirilməsinə qərar verib.

Müsabiqə bu il 9, 11 və 13 may tarixlərində keçiriləcək.

“Eurovision” maliyyə çatışmazlığı səbəbindən qaydaları dəyişib.

Bundan sonra yarımfinal iştirakçılarının taleyini pullu səsvermə ilə istənilən ölkənin tamaşaçıları həll edəcək.

Azərbaycan İctimai Telelvizya və Radio Yayımları Şirkəti 2007-ci ildən Avropa Yayım İttifaqının üzvüdür.

Azərbaycan 2008-ci ildən “Eurovision” mahnı müsabiqəsində iştirak edir.

Ana səhifəMədəniyyətİTV “Eurovision”nun milli seçim turunun vaxtını uzadıb