İşsizlər və işaxtaranlarla bağlı yeni qanun nə deyir?

Rövşən Ağayev: ”Qanunvericilikdə ləyaqətli məşğulluq anlayışı yoxdur”

Milli Məclis
Milli Məclis


Rövşən Ağayev: ”Qanunvericilikdə ləyaqətli məşğulluq anlayışı yoxdur”

Sona çatan həftədə Milli Məclisdə Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin təqdim etdiyi “Məşğulluq haqqında” qanun layihəsi diqqətdən kənar qaldı.

5 fəsil, 34 maddədən ibarət qanun layihəsində işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınması qaydası tamamilə yenidən müəyyən edilib.

Bildirilib ki, qeydiyyata alınma prosedurunun elektron qeydiyyat üzərində həyata keçirilməsi nəzərdə tutulur. İşsiz şəxslərin özünəməşğulluğunun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalan şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük veriləcək.

İlk dəfə olaraq işaxtaran və işsiz şəxslərə əvvəlcə vakansiya bankından münasib işin onlar tərəfindən seçilməsi hüququ verilir. Onlar bu hüquqdan istifadə etmədikdə isə bu, sistem tərəfindən edilir. Münasib iş təklifi üzrə müddət isə 11 gündən 5 günə endirilir.

Layihədə aktiv məşğulluq tədbirlərindən biri hesab olunan və hazırda tətbiqinə önəm verilən özünə məşğulluğa dair yeni maddə daxil edilib. Çünki hazırda qanunda bu tədbiri tənzimləyən müvafiq maddə yoxdur. Yeni maddə ilə özünə məşğulluq tədbirlərinin mərhələləri və müddətləri monitorinq, əmlakların qaytarılması və s. prosedurlar müəyyən edilib. Layihəyə əsasən, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan şəxslər də, müvafiq şəxslərin ümumi sayının 50 faizindən çox olmamaq şərtilə, özünəməşğulluğa cəlb edilirlər.

Layihədə işaxtaran və işsiz şəxslərin sosial təminatlarına əlavələr edilib, peşə hazırlığı dövründə işsiz şəxsə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi minimum aylıq əməkhaqqı məbləğində təqaüd veriləcəyi nəzərdə tutulub. Bu məbləğ hazırkı məbləğdən (75 manat) 1.7 dəfə çoxdur.

Layihə ilə bağlı çıxış edən əmək və əhalinin sosial müdafiə nazirinin müavini İdris İsayev deyib ki, qanun qəbul olunarsa, dövlət hansı iş yerinə göndərəcəksə, əmək haqqının 50 faizini qarşılayacaq:

“Bu qanun layihəsi əvvəlkindən əhəmiyyətli dərəcə fərqlidir. Əgər qanun qəbul olunarsa, iş axtaranlar təminat və sosial məsələləri həll etmək imkanı əldə edəcək”.

Layihənin birinci oxunuşda qəbul edildiyi bildirilib.

Sənəddə texniki yeniliklər daha çoxdur, nəinki məzmun və fəlsəfi

Meydan TV layihə ilə bağlı iqtisadçı Rövşən Ağayevə sorğu göndərib.

Rövşən Ağayev layihəni əvvəlki sənədlə müqayisə etməklə bərabər Beynəlxalq Əmək Təşkilatının və bir sıra ölkələrin məşğulluq barədə sənədlərinə də nəzər yetirdiyini deyib.

“Əgər köhnə qanundan imtina olunub yenisi təqdim edilirsə, qanunun fəlsəfəsi tamam dəyişməlidir və qanunun qarşısına qoyduğu məqsədlərdə fundamental dəyişikliklər olmalıdır. Amma qanunun fəlsəfəsi dəyişmirsə, köhnə qanuna dəyişikliklərlə də sənədi yeniləmək mümkündür. Beynəlxalq Əmək Təşkilatının ləyaqətli iş yeri, məşğulluq termini var, söhbət vətəndaşın sağlamlığına zərər vurmayan, eyni zamanda, ləyaqətli həyat şəraiti qurmaq üçün maddi imkanlar yaradan, əməkhaqqı təmin edən iş yerlərindən gedir. Təəssüf ki, nə əvvəlki, nə də indiki qanunvericilikdə ləyaqətli məşğulluq anlayışı yoxdur. Hökumət təkcə məşğulluğu yox, ləyaqətli məşğulluğu təmin etməyi hədəf götürməlidir. Təqdim olunan sənəddə texniki yeniliklər daha çoxdur, nəinki məzmun və fəlsəfi. Teniki yenilik odur ki, işsizlik və məşğulluqla bağlı bir çox məsələ elektron xidmət halına keçib. Məsələn, işsizlər elektron şəkildə müraciət edəcək, əvvəlki kimi idarəyə gəlib ərizə verməyəcək. Yaxud hər bir müəssisənin işçiləri haqda elektron baza olacaq. İkinci yenilik anlayışlar hissəsinin genişlənməsidir, əvvəlki qanunda 9 anlayış olduğu halda bu dəfə 24 anlayış daxil edilib. Amma bunların bir çoxu yeni deyil, sosial müdafiəyə ehtiyacı olan şəxslər hissəsi əvvəlki qanunda açılmamışdı, bu dəfə geniş yer verilib. Köhnə qanunda qeyri-formal, özünüməşğulluq anlayışları yox idi, halbuki, vacib məqamlardır, yeni qanuna salıblar. Başqa bir vacib məqam əmək yarmarkaları haqdadır, qüvvədə olan qanunda bu barədə heç bir müddəa yoxdur, artıq bu dəfə əmək yarmarkalarının təşkili haqda müddəa daxil edilib. Ümumən götürdükdə texniki baxımdan yeni qanunda xeyli məsələlər əksini tapıb”.

Qanunda işsizliyin obyektiv ölçülməsinin meyarları, prinsipləri mütləq əksini tapmalıydı

İqtisadçı bildirib ki, əgər qanun, normativ akt səmərəli siyasətə effektiv təminat vermirsə, müsbət qiymətləndirilə bilməz:

Rövşən Ağayev
Rövşən Ağayev

“Birinci, hökumət ləyaqətli iş yeri yox, çoxlu iş yeri açması təbliğatını aparır. Amma iş yerlərinin çoxunun Beynəlxalq Əmək Təşkilatının ləyaqətli məşğulluq standartına uyğun gəlməsi haqda danışılmır. Əgər təqdim olunan qanunda bu hədəf götürülsəydi, yeni baxış kimi qiymətləndirilərdi. İkinci, işsizlərin uçotu, hazırda işsizliyin miqyası hökumətin elan etdiyindən xeyli çoxdur. Rəqəm demək çətin olsa da, təhlillər və iqtisadi göstəricilərin müqayisəsi potensial işçi qüvvəsinin ölkəyə öz töhfəsini vermədiyi ortalığa çıxır. Sual yaranır, yeni qanunvericilik işsizliyin obyektivlik ölçülməsinə təsir göstərəcəkmi? Qanunda işsizliyin obyektiv ölçülməsinin meyarları, prinsipləri mütləq əksini tapmalıydı. Təəssüf ki, yeni qanunda bu barədə heç nə yoxdur”.

Torpaq minimum əməkhaqqı səviyyəsində qazanc vermirsə, insan necə məşğul sayıla bilər?!

İqtisadçı xatırladıb ki, 1996-cı il “Torpaq islahatı haqqında” qanunun tələbinə əsasən pay alan 1,3 milyondan çox insan qüvvədə olan qanuna əsasən işsiz sayıla bilməz. Yəni kiminsə adında torpaq payı varsa, artıq, o, məşğul sayılır:

“Məsələ ondadır ki, 10 sot torpaq və 1 hektar alan insan da var, cənub regionlarında 4 nəfərdən ibarət bir ailəyə yarım hektar torpaq düşüb. Şimal regionlarında isə adambaşına 1 hektar torpaq düşüb, bu da 5 nəfərlik ailəyə 5 hektar deməkdir. Yəni birin 10-a nisbətində torpaqların həcmində fərq var. Sual yaranır; yarım hektar torpağı olan 5 nəfər ailəyə hökumətin təklifi nədir ki, onların adambaşına qazancları minimum əməkhaqqı səviyyəsində olsun? Yarım hektarda taxıl əkəcək, taxılın Azərbaycan reallığında ən ideal məhsuldarlığı 4 tondur, bunun bir hektarının xərci ən azı 400 manatdır və yarım hektardan 2 ton taxıl əldə etmək mümkündür. Bazar qiyməti ilə bu, 600 manatdır, 200 manatı xərclərə çıxanda yerdə 400 manat qalır, 5 nəfərlik ailənin adambaşına 80 manat deməkdir və bunu 12 aya adambaşına böləndə 8 manat düşür. Yaxud yarım hektarda bostan məhsulları əksinlər, ən yaxşı halda 1000-1200 manat qazanc götürə bilər, onun da xərclərini çıxanda 700-800 manat qalır. Beləliklə, bunu 5 nəfərlik ailəyə böləndə aya 16-17 manat düşür. Gərək, yeni qanunu hazırlayan mütəxəssislər bu məsələlərə xüsusi diqqət yetirsin. Söhbət ondan gedir ki, torpaq minimum əməkhaqqı səviyyəsində qazanc vermirsə, insan necə məşğul sayıla bilər?! Ümumiyyətlə, normal ölkələrin kənd təsəsrrüfatında işsizliklə, qeyri-kənd təsərrüfatında məşğulluq bir-birindən ayrılır. Çünki kənd təsərrüfatı mövsümü fəaliyyətdir, insanlar ilin 3-4 ayını işləyir. Taxıl əkənlər oktyabrda səpinə başlayır, iyulda başa çatdırır. Ona görə işsizliyin miqyası qeyri-kənd təsərrüfatı sektoru üzrə elan olunur. Yeni qanunvericiliyə bu məsələnin daxil edilməsi ona görə vacibdir ki, obyektiv məşğulluq siyasəti işlənsin, hökumət işsizlik göstəricisinə siyasi bir göstərici kimi yanaşmadığını və real miqyası bilmək istədiyini nümayiş etdirsin. Beləliklə, yeni qanunda məşğulluq və işsizlik sahəsində problemlərə düzgün diaqnostika qoymaq təşəbbüsü görünmür”.

Sənəddə münasib iş yeri anlayışı manimulyasiya imkanı yaradır

Rövşən Ağayev deyib ki, münasib iş yeri anlayışı var, işçinin sağlamlığına təhlükə törətməyən və nəqliyyatla gediş-gəlişi əlverişli olan iş yeri:

“Müəyyən kateqoriya insanlara münasib iş yeri təklif olunmursa, onlar avtomatik işsiz statusu alır. Qanunda bu anlayış düzgün interpretasiya olunmayanda, manimulyasiya imkanı yaradır. Qüvvədə olan və təqdim olunan layihəyə görə, müvafiq icra hakimiyyəti münasib iş yeri dedikdə vətəndaşın gün ərzində iş yerinə gedib-gəlməyə vaxt sərf etdiyini özü müəyyənləşdirəcək. Normal ölkələr bu məsələni icra hakimiyyətinin üzərinə buraxmır, qanunla müəyyənləşdirir. Baltik respublikalarında 3 saat insanlar üçün münasib sayılır. 8 yaşına qədər uşağı olan analara isə 2 saat müəyyənləşib. Əgər 3 saatdan çox vaxt sərf edibsə, artıq münasib iş yeri sayılmır”.

Rövşən Ağayev əmək və əhalinin sosial müdafiə nazirinin müavini İdris İsayevin “qanun qəbul olunarsa, dövlət hansı iş yerinə göndərəcəksə, əmək haqqının 50 faizini qarşılayacaq. Bu qanun layihəsi əvvəlkindən əhəmiyyətli dərəcə fərqlidir” fikrini belə şərh edir:

“Təqdim olunan qanunda yeniliklərdən biri də sosial iş yeri anlayışıdır. Sənədin 1.19 maddəsinə görə aztəminatlılar, məcburi köçkünləri, şəhid ailələrini, 18 yaşına qədər fiziki imkanı məhdud olan şəxsləri müəssisə işə götürərsə, onun orta aylıq əməkhaqqından çox olmayan maaşının 50 faizini bir müddət dövlət ödəyəcək. Ayrı-ayrı ölkələrdə buna iş yerlərinin subsidiyalaşması deyilir. Baltik ölkələrini misal çəkmək olar, bəzi respublikalarda 3 yaşa qədər uşağı olan, amma işləmək ehtiyacı olan analar da daxildir. Dövlət müəssisələrə sosial iş yerləri açmağı təklif edir və maaşı bir müddət özü verir. O baxımdan normaldır”.

Ana səhifəAnalitikaİşsizlər və işaxtaranlarla bağlı yeni qanun nə deyir?