İslamın gülüşə münasibəti

Gülüş: qəbahət, yoxsa fəzilət?

Source:

Hər dəfə 1 aprel – gülüş günü yaxınlaşdıqda zehnimizdə onlarla sual, gülüşlə bağlı indiyə qədər oxuduğumuz sitatlar, fikirlər canlanır: gülüş nədir? İnsan nəyə gülür? Niyə gülür? Gülüş nəyə qadirdir? Nə qədər zəruridir? Və bu anlarda, məsələn, Dosdoyeviskinin “Həqiqət göz yaşı və gülüşdən ibarətdir” və ya Anatol Fransın “Gülüş həyat mübafizəsində ən gözəl sialhdır”, – fikirlərini yada salırıq. Yaxud təsəvvürümüzdəki bütün bu sitatları unudaraq şəxsən cavablandırmağa çalışırıq gülüşlə bağlı bütün suallarımızı.

Və gerçəkdən də bu ilahi möcüzənin sehri bizi ovsunladıqca ovsunlayır və hər bir təbəssüm, gülüş hər dəfə digərindən daha yeni, daha fərqli gözəl mənzərə yaradır.

Hər kəs özünəməxsus tərzdə zarafatlaşır, əylnənir, deyib-gülməyə can atır. Kimini incə bir yumor vəcdə gətirir, kiminin də gülməsi üçün mütləq bir təlxək min hoqqadan çıxmalıdır. Bütün bunların fonunda yenə də düşünürsən ki, kim nəyə və necə gülürsə, qoy gülsün, əsas gülüşdür, onun estetikasıdır. Qoy gülüb də bir qədər yüngülləşsinlər, mənfi enerjilərdən bir neçə saatlıq da olsa yaxa qutarsınlar.

Hər ölkənin demək olar ki, öz aprel zarafatları, zarafat tərzləri var. Bütün bu zarafatlatın kökündə isə təəssüflər olsun ki, bir yalan, aldatma yer alır. Məsələn, bir sıra ölkələrdə (İngiltərə, Avstriya,Yeni Zelandiya, Zimbabve) bu zarafatlaşmalar günortayadək davam edir, yalan deyib, kələk gəlib əylənirlər. Amma bu vaxtdan sonra isə yalan deyən şəxsə “April Fool” – “Aprel əbləhi” ayaması verilir.

Gülüş gününün (aldatma, kələk günü də deyə bilərik əslində) nə vaxtdan qeyd edilməsi haqqında müxtəlif ehtimallar irəli sürülür. Bir rəvayətə görə, Fransa padşahı IX Karl 1564-cü ildə Qriqori təqvimində islahatlar apararaq apreldə keçirilən yeni il bayramlarını yanvar ayına salır. Bu addıma qarşı olanlar bayramı bir apreldə keçirməkdə israr edirlər. Amma bu, onlar üçün asan başa gəlmir. Yaxınları, ətrafları onları ələ salıb, “aprel axmaqları” adlandırmağa başlayırlar.

Və ya deyilir ki, 1 aprel gününün tarixi İspaniyanın süqutu ilə bağlıdır. Belə ki, XV əsrin sonlarında səlib ordusu İspaniyada müsəlmanları mühasirəyə alır. Bununla belə müsəlmanlar müqavimət göstərib, təslim olmaq istəmirlər. Bunu görən düşmən komandiri hiyləyə əl atır: 31 mart gecəsi müsəlmanların sığındığı qalanın önünə gəlib, əlində tutduğu Quran və İncilə and içib deyir ki, təslim olacağınız təqdirdə bu axşam təhlükəsizliyiniz təmin ediləcək. Çıxılmaz vəziyyətdə qalan müsəlmanlar da onun sözünə inanıb, təslim olurlar. Təbii ki, komandir sözünü tutmur, səhəri – 1 apreldə müsəlmanların qətlinə fərman verir və bu hiyləgər addımına – andım dünənə aid idi, bu günə deyil, – deyərək haqq qazandırmağa çalışır.

Bu günün tarixi ilə bağlı başqa ehtimallar da mövcuddur, amma şübhəsiz, məqsədim bütün uyğun tarixi faktları qeyd etmək deyil. Sözümün Mustafası daha çox gülüşlə, yumorla bağlıdır, əlbəttə ki, İslamın bu mövzuya baxışını əsas tutaraq.

Gülüş, insanın ruhi vəziyyətini, duyğularını əks etdirən bir haldır. Şən ikən gülən, kədərlənərkən ağlayan bir varlıqdır insan, belə xəlq olunub, xəmiri belə yoğrulub (Nəcm, 43). Ruhunu qidalandırdığı kimi, hələ üstəgəl orqanizminə də təsirsiz ötüşmür – immun sistemini gücləndirir, ağrıları sakitləşdirir, stresi azaldır. Elə isə gülmək, şənlənmək din tərəfindən niyə qadağan edilsin ki? Belə bir iddia çox absurd səslənir, deyilmi?

Gülüş səbəbləri müxtəlifdir: bəzən, sevincdən, ürəkdən, xoş hadisənin nəticəsi olaraq üzlərdə gülüş bərq vurur, bəzən isə gülüşün, təbəssümün arxasında xəfif kinayə, istehza gizlənir. Birincisi nə qədər ülvi, gözəldirsə, ikincisi bir o qədər eybəcər, xoşagəlməzdir. Qurani-kərimdə birincisi üçün hz. Süleyman və (27: 19) İbrahim peyğəmbərin xanımı Saranın (11: 71) gülüşünü misal göstərmək olar. İkincilər haqqında isə onlarla ayədə (43: 47; 83: 29; 23: 110 və s.) söz açılır.

Gülüşlə möminlik arasında bir sıx əlaqə var, düşünürəm. Bunun üçün bir neçə səbəb göstərmək olar. Məsələn, birinci səbəb elə gülməcələrin adında gizlənib – lətifə. Lətifə lətafət, incəliklə qarışıq bir sözdür, məfhumdur. Əsl incəlik, şirin yumor ancaq saf ruhdan, hüzur dolu qəlbdən yarana bilər.

Mömin həm də azaddır. Heç bir qəbahət, aldadıcı təmtəraq əl-ayağına dolaşmır. O, bütün bunların fövqündə yer alır, yüksəldikcə yüksəlir. Aşağıda baş verənlər onu niyə narahat etsin ki? Tarixin ən faciəli hadisəsinə baxaq – Kərbəlaya. Nəql edilir ki, İmam Hüseynin qoşunu həmin gün daha şən idi, bir-birləri ilə şən zarafatlar edirdilər.

Bir müdrikin dəyərli sözü yerinə düşür: insan nə qədər azaddırsa, bir o qədər şəndir. Gerçəkdən də belədir. Daha çox kafirlər qəm-qüssə içində olmalıdırlar ki, onları necə də sərt əzab gözləyir (9: 82.)

“Mən də zarafat edirəm, amma yersiz söz danışmıram”, – bu, adətən üzünü təbəssüm bəzəyən həzrət Məhəmmədin kəlamıdır. Siz də zarafat edərkən təhqirə keçməyin, şəbədə qoşub, lağlağı, yalan deyib bir-birinizi alçatmayın, – demək istəyir Allahın elçisi. Çünki, kimliyimizin göstəricisinə çevrilir etdiyimiz hər zarafat, danışdığımız hər gülməcə.

Nəql edilir ki, həzrət Məhəmməd səfərlərin birində qulluqçusuna dəvələrin daha sürətlə getməsi üçün nəğmə oxumasını tövsiyə edir. Qulluqçu da canla-başla tapşırığı yerinə yetirir. Bir az keçir, Peyğəmbər zarafatla deyir ki, bir az ehtiyatlı ol, büllurlar qırılmasın. Yəni, xanımlara çətin olmasın.

Həmişə səhabələrinin könlünü zarafatla alırmış, onları darıxmağa qoymurmuş həzrət Peyğəmbər. Öncə özü gülməcələr deyər, məclisi şənləndirər, əhvali-ruhiyyənin durulmasına can atarmış.

Ümumiyyətlə yerində, həddini bilib zarafatlaşmaq, danışıb-gülmək iman əhlinin xarakteri kimi səciyyələndirilir dini mətnlərdə.

Bəhlul Danəndə İslam yumorunun böyük nümayəndəsidir. Lətifələri bayağı deyil, səthilikdən uzaqdır. Zərif olduğu qədər fəlsəfidir, düşündürücüdür. Şirin olduğu qədər sərtdir, siyasi-ictimai hadisələrə bir etirazdır. Sanki dinin yumor haqqında nəzərdə tutduğu bütün kriteriləri özündə birləşdirir.

Gülüş həm də bir cənnət mükafatıdır. Allahın axirətdə əziz bəndələrinə bəxş edəcəyi nemətlərdən biridir gülüş (80: 38, 39).

Ana səhifəMənim Fikrimcəİslamın gülüşə münasibəti