Qafqaz Müsəlmanları İdarəsi

Mənbə: meydan tv

Başlıq: Qafqaz Müsəlmanları İdarəsi

İslama aid müqəddəs yerlərə ziyarətlər Qafqaz Müsəlmanları İdarəsinin monopoliyasına verilir

Elşad Miri: ''Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin bu məsələyə müdaxilə hüququ yoxdur''

İslama aid olan digər müqəddəs yerlərə ziyarətlər də kollektiv şəkildə, məhz Həcc ziyarətində olduğu kimi Qafqaz Müsəlmanları İdarəsinin himayəsi altında həyata keçirilməsi nəzərdə tutulur.

Bu açıqlamanı APA-ya Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı verib.

Komitə sədri artıq “Dini etiqad azadlığı haqqında” Qanuna müəyyən dəyişikliklərin edilməsi ilə bağlı təkliflərin olduğunu da söyləyib:

“Həmin təkliflərə baxıldıqdan sonra Həcc ziyarəti ilə yanaşı İslama aid digər müqəddəs yerlərə də ziyarətlərin təşkili xüsusi qaydalar əsasında baş tutacaq. Vətəndaşların bu müqəddəs yerlərə ziyarəti vahid qaydalar əsasında həyata keçirilmiş olacaq. Milli Məclis tərəfindən həmin təkliflərə baxılıb qəbul edildikdən sonra dediyimiz çərçivədə həll edilməsi imkanı yaranacaq”.

Mübariz Qurbanlı

Mübariz Qurbanlı

Mənbə: meydan.tv

Mübariz Qurbanlı niyə Qafqaz Müsəlmanları İdarəsinin himayəsi altında aparılmasını belə izah edib:

“Bəzən bu yerlərə ziyarətləri hansısa bir şirkət və ya turist qrupu təşkil edir. Həmin adamlar da orada problemlərlə üzləşirlər. Bəzən geriyə qayıda bilmir, orada təhlükəsizlik və nəqliyyatla bağlı tədbirlər kifayət qədər yüksək səviyyədə təşkil olunmur və nəticədə xoşagəlməz hadisələr baş verir. Ona görə də belə bir təşəbbüs var ki, bu cür ziyarətlər də QMİ-nin himayəsi altında həyata keçirilsin. Bu məsələnin üzərində iş gedir”.

İlahiyyatçı Elşad Miri komitə sədrinin açıqlaması ilə bağlı sualı sualla qarşıladı:

“Ümumiyyətlə, bugün bu sahədə monopoliya mövcud deyilmi? Faktiki olaraq, bugün Həcc ziyarətinə yalnız Qafqaz Müsəlmanları İdarəsinin vasitəsilə getmək mümkündür”.

Elşad Mirinin sözlərinə görə, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin bu məsələyə müdaxilə hüququ yoxdur və qurumun nizamnaməsinə ziddir:

“Çünki ziyarət dini məsələdir və dini məsələ ilə dövlət komitəsinin məşğul olması qadağandır. Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi dini icmalarla məşğul olmalıdır. Dini məsələ ilə dinlə bağlı qurumlar məşğul ola bilər”.

Elşad Miri

Elşad Miri

Mənbə: meydan.tv

E.Miri deyib ki, Səudiyyə Ərəbistanının son zamanlar siyasətindən sonra Umra ziyarətini Qafqaz Müsəlmanları İdarəsindən başqa bir neçə şirkətə də verilib.

“Həmin şirkətlər idarənin monopoliyasına müəyyən qədər yox deyib və ciddi şəkildə qiymət endiriminə gediblər. Ona görə Qafqaz Müsəlmanları İdarəsi qiymətləri aşağı salmaq məcburiyyətində qalıb. Əvvəllər Umra ziyarətinə 2100, 2200 dollara aparırdılarsa, 950 dollardan 1200 dollar arasında dəyişən çox möhtəşəm mənzərə yaranıb”.

Bundan başqa o deyib ki, insanlar İslamda olmadığı halda mövcud situasiyada hazırda həyata keçirilən Kərbəla, Məşhəd ziyarətlərinə gedirlər, yəni idarənin özü yox, həmin adamların özlərinin qurduqları şirkətləri vasitəsilə bu həyata keçirilir.

“İndi sual yaranır, özəl şirkətlərin həyata keçirdiyi ziyarətlərdə hansı narazılıqlar olur? Məsələn, mən idarənin vasitəsilə getmişdim. Narazılıq var idi, təşkilatçılara da fikirlərimi çatdırdım. Amma özəl şirkətlərin vasitəsilə də getmişəm, qiymət aşağı, təşkilatçılıq da yüksək səviyyədə. Mən Allahşükür Paşazadənin bu işi niyə Mübariz Qurbanlının vasitəsilə həyata keçirməyə çalışdığını anlamıram. Mən buna yalnız təəssüflənirəm. Milli Məclisdə Dini komitənin sədri Siyavuş Novruzovdur, qurumdakılar da Allahşükür Paşazadəyə xüsusi simpatiyası olan, qaloş pirinə haqq qazandıran adamlardır”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/91hnw1

Ən çox baxılan