İŞİD komandirinin atası: ”Tarxan kasıblıqdan radikallığı seçdi”



Meydan TV



İŞİD-in gürcüstanlı komandiri Ömər Əl-Şişaninin (rəsmi adı Tarxan Batiraşvili) atası Teymuraz Batiraşvilidən müsahibə alıb.


İŞİD komandirinin atası gürcü-xristiandır və hazırda Pankisi dərəsinin Birkiani kəndində yaşayır.





Azərbaycan dilini harda öyrənmisiniz?

– Cavanlıqda Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində çobanlıq edirdim, ordan bilirəm. Bəzi sözləri unutmuşam, əvvəllər daha yaxşı bilirdim.


– Tarxan uşaqlıqda necə birisi idi, necə oldu ki, islam dinini qəbul etdi?

– Biz ata-babadan xristian inancı görmüşük. Oğlanlarımın islam ilə tanışlığı anasının qohumları vasitəsilə olub. Həyat yoldaşım çeçen olub. Tarxan da islamı onlar vasitəsi ilə tanıyıb. Tarxan hər zaman haqsızlığa qarşı olan birisi olub. Onun bu vəziyyətə gəlib çıxmasının əsas səbəbi isə pulsuzluq və ehtiyacdır. Qarşılaşdığı haqsızlıqlar onu Suriyaya qədər aparıb çıxardı. Gürcü ordusunun tərkibində Rusiyaya qarşı əməliyyatlarda iştirak edib, ancaq xəstələndiyi zaman dərman almağa pul tapmırdıq. Bu təriqəti isə türmədə olarkən tanıyıb və azadlığa çıxandan sonra fikirləri çox dəyişib.


– Niyə həbs olunmuşdu?

– Gürcüstan ordusunda xidmətdən çıxarılandan sonra yaşadığımız evdə axtarış aparıldı və evdən silahlar tapıldı. Bundan sonra Tarxanı həbsə atdılar. Həbsxanada olarkən Suriyadakılarla əlaqələri yaranıb. Həbsdən çıxandan sonra dedi ki, onun burda görə biləcəyi heç bir iş qalmayıb və inancının tələbinə uyğun olaraq, müsəlman qardaşlarına kömək etməyə gedəcək.


– Bayaq dediniz ki, xəstələndiyi zaman dərman almağa pul tapa bilmirdik. Bəs orduda qulluq edirdisə, dövlət onun ehtiyaclarını nə üçün qarşılamırdı?



Ordudan təxris olunduğu vaxtlar idi. Müharibə bitmişdi. Tarxan etdiklərinin müqabilində xəstə yatağında dərmansız qaldığı üçün, kasıblıqdan radikallığı seçdi. Düzdür, artıq onun pulu  yetəri qədər var və o hələ də Suriyada qalmağı seçib. Bu artıq onun talehidir, özü buna qərar verib.


– Bir dəfə sizə zəng etdiyini qəzetlərdən oxumuşduq. Daha sonra sizinlə əlaqə saxladımı?

– Yox, elə bircə dəfə onda zəng etmişdi. Məndən namaz qılıb-qılmadıığımı soruşdu. Mən də əvvəlki kimi xristian inancında olduğumu dedim. Ondan sonra telefonu söndürdü və bir daha mənə zəng etmədi. Bilirəm ki, evlənib, uşağı var. O, daha uşaq deyil, amma mənim nəzərimdə hələ də uşaqdır. İnana bilmirəm ki, kimisə öldürüb. Eşitmişəm ki, ABŞ onu öldürənə neçəsə milyon dollar verəcək. Heç bilmirəm nə deyim….


– Zəng edəndə başqa nə danışdı, nə dedi?

– Məni yanına çağırırdı, deyirdi: “Sən də gəl”. Başa düşmədi ki, mən heç bir zaman buraları atıb, heç bir yerə getmərəm. Dinimi dəyişməkdən isə söz belə gedə bilməz.


– Tarxandan sonra onun burdakı dostlarından  Suriyaya gedənlər çoxalıb?

– Burdakı çeçenlərin 90 faizi vəhhabidir. Onlar Tarxana qəhrəman kimi baxırlar. Cavan uşaqların demək olar ki, əksəriyyəti Suriyadakı döyüşə getmək istəyir. Gürcüstanda yaşayan azərbaycanlılardan da Suriyaya gedənlər çoxdur. Marneulidə yaşayanların arasından gedənlər də var.


– Onların Suriyaya getməsini kim təşkil edir, bu barədə nəsə bilirsinizmi?

– Suriyaya gedənləri kimin yola saldığını bilmirəm. Məncə, özləri gedirlər. İşləmək üçün Türkiyəyə gedirlər və ordan Suriyaya keçirlər. Bu yaxınlarda polislər bir neçə adamı buna görə həbs etmişdi. Deyilənə görə, onlar insanları Suriyaya aparırmışlar və gedənlərin hər birinə 5 min dollar verirmişlər. Ancaq mən bilmirəm bunları, doğurdan da, təşkil edən var, ya yox.


– Gürcüstanın əksər yerlərində çaxır ənənəsi var. Burda yaşayan xristianlar o ənənəni saxlayırmı?

– Sərt şəkildə qadağan edilib, heç yerdə satılmır. Vəhhabilər icazə vermir.


– Xristianlar burda azlıqda yaşayır. Bu, problem yaratmır? Xristianları incitmirlər?

– Yox, incidən yoxdur. Vəhhabilərin yeganə yaxşı cəhəti o oldu ki, onlar burda güclənəndən sonra oğurluq, sərxoşluq və əxlaqsızlıq demək olar  aradan qaldırıldı.  Onların problemləri xristianlardan daha çox digər müsəlmanlarladır. Onlar hər kəsə göstərmək istəyirlər ki, fundamental islam vəhhabilikdir və digərləri islamda sonradan yaranıb.


– O biri oğlanlarınız haralardadır?

– O biri oğlanlarım da müsəlmanlığı seçib. Ancaq onlar Suriyada deyil. Bir oğlum Gürcüstanın başqa yerində yaşayır, digəri isə Ukraynadadır.


– Bəs siz necə dolanırsız?

– Hökümətin verdiyi pensiya ilə dolanıram. 120 lari və 70 lari (ümumilikdə  190 lari)  aylıq gəlirim olur.


Söhbətləşdi: Tural Qurbanlı


Fotolar: İsmayıl Nur

Ana səhifəVideoİŞİD komandirinin atası: ”Tarxan kasıblıqdan radikallığı seçdi”