Vəsaitlər şəhər və kəndlərin bərpası və yenidən qurulmasına xərclənəcək
2021-ci ilin dövlət büdcəsindən işğaldan azad olunan ərazilərə qayıdışın təmin edilməsi üçün vəsait ayrılıb. Vəsait 2,2 milyard manat həcmində nəzərdə tutulub.
Həmin vəsaitlər şəhər və kəndlərin bərpası və yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidənqurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədlərlə xərclənəcək.
Həmçinin büdcədə döyüş bölgəsindən kənarda yerləşən və Ermənistan Silahlı Qüvvələrinin davamlı atəşi altında dağıntılara məruz qalan yaşayış məntəqələrində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş zərərin dövlət vəsaiti hesabına qarşılanması da nəzərdə tutulub.
Daha əvvəl isə Füzulidən Şuşaya yol çəkilməsinin (Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu) layihələndirilməsi və tikintisinə 50 milyon manat ayrılmışdı. Şuşaya çəkiləcək yolun uzunluğu 101,5 kilometr olacaq.