Kamal Yaşar işdən çıxarılmasına görə “Mədəniyyət” kanalının rəhbərliyini qınayıb
“Biz azad, demokratik cəmiyyətdə yaşayırıq və mən bir sənətçi olaraq bu sahənin problemlərilə əlaqədar prezidentə müraciət ünvanlamışam. Videoya sənətimin qatqılarını da əlavə etmişəm. Müxtəlif obrazların dilindən danışdım. Bu, kreativ yanaşmadır. Bunu həzm etməkdə nə problem var? Xoflanmaq məsələsidir. Hələ bilnmir, videomüraciət Prezidentə çatıbmı? Prezident videonu görəndən sonra gözəl münasibət göstərsə, necə olacaq? Vəziyyət necə dəyişəcək, məsələ bundadır”.
Bunu dublyaj aktyoru Kamal Yaşar “Yeni Avaz” TV-yə müsahibəsində deyib.
Aktyor fevralın 13-də sosial şəbəkədə Prezident İlham Əliyevə dublyaj sahəsinin problemləri ilə əlaqədar videomüraciət yayımlayıb.
Bundan bir gün gün sonra “Mədəniyyət” kanalındakı “Kinokitab” verilişinin yayımı dayandırılıb.
Kamal Yaşar bildirib ki, bu, İlham Əliyevə məlum müraciətindən sonra baş verib.
Telekanal məsələyə aydınlıq gətirib.
Bildirilib ki, hələ 2022-ci ilin sentyabrından “Kinokitab” verilişi yayımlanmırdı.
“Verilişin keyfiyyət baxımından müasir tələblərlə uyğunlaşmadığı da yaradıcı kollektivə izah edilib. Bu il kollektivə daha bir imkan verilsə də, reytinq toplamadığı üçün yayımının dayandırılmasına qərar verildi”, – telekanalın yaydığı açıqlamada bildirilib.
Həmçinin qeyd olunub ki, layihənin bağlanması aktyorun yayımladığı videomüraciətlə əlaqədar deyil:
“Bunu hansısa açıqlama və paylaşımla əlaqələndirmək fikri başqa istiqamətə yönləndirməkdən, süni ajiotaj yaratmaqdan başqa bir şey deyil. “Kinokitab” verilişi “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin məhsulu deyil, prodakşn istehsalıdır. Verilişin ərsəyə gəlməsində də əməyi olan şəxslər “Mədəniyyət” kanalının əməkdaşları yox, kənar müəlliflərdir”.
Kamal Yaşar müsahibəsində bildirib ki, layihə ilə bağlı kanalın açıqlaması həqiqəti əks etdirmir:
“Açıqlamada reytinqin az olduğunu demək mənə gülməli gəlir. Bu təklifi kim verib? Niyə elə yazıblar? Artıq üçüncü il idi ki, “Mədəniyyət” kanalında işləyirdik. İstənilən halda nəticə etibarilə televiziyanın mövqeyidir. Mənə yaratdıqları şəraitə görə təşəkkür edirəm. Eyni zamanda da deyirəm ki, bu addımla çox səhv qərar verdiniz. Sözlərimdə heç bir təhdid yoxdur, pis nəsə yoxdur. Xoflanmaq nəyə lazımdır? Prezident videonu görəndən sonra necə olacaq? Mən bu televiziyada qonaq idim. Dedi ki, evimdən çıx. Nə olar, çıxaram”.
Müraciətinə gəlincə, aktyor deyib ki, dublyaj sahəsinin problemləri ilə əlaqədar dəfələrlə aidiyyəti quruma müraciət edib:
“Dublyaj sahəsində boşluq, ciddi problemlər, yiyəsizlik var. Problemlər deyilib, amma aidiyyəti qurumlar ciddiyə almayıblar. Bunlar da illərlə qulaqardına vurulduğuna görə birinci adama deməkdən başqa çarə görmədim. Dublyaj sahəsindəki insanlar çox çətin vəziyyətdə işləyirlər. Məsələn, deyirəm ki, Mədəniyyət Nazirliyinin elektron ünvanını açıb, baxsalar, müraciətləri görəcəklər. Mənə başqa variant buraxmadılar. Şikayətimizi birinci ünvana edəndə də deyirlər ki, niyə belə etdiniz. Axı sənə neçə dəfə demişdim. Bir də ki, mən niyə deməliyəm? Dublyaj problemi qurum olaraq Mədəniyyət Nazirliyinindir. Niyə həllini tapmır? Niyə bu yükü mən üzərimə götürməliyəm, stress yaşamalıyam, işimi itirməliyəm?”
Mədəniyyət Nazirliyindən Meydan TV-yə bildirilib ki, yaxın vaxtlarda məsələ ilə əlaqədar açıqlama veriləcək.