Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Möhyəddin Orucovla bağlı qərarını elan edib. Qərara əsasən, Azərbaycan hökuməti fəalın hüquqlarının pozulduğunu etiraf edib və ona ümumilikdə 1125 avro məbləğində kompensasiya ödəyəcək.
“İşçi Masası”ndan Meydan TV-yə verilən məlumatda deyilir ki, şikayət Orucovun 2023-cü il oktyabrın 18-də 30 sutka inzibati qaydada həbs edilməsi və 200 manat cərimə olunması ilə bağlı olub.

Fəal məhkəmə araşdırmasının ədalətli aparılmadığını əsas gətirərək, Avropa Konvensiyasının 6-cı maddəsi – “ədalətli məhkəmə araşdırması hüququ” üzrə AİHM-ə müraciət edib.
Məlumatda qeyd olunur ki, Azərbaycan hökuməti əvvəlcə dostcasına həll variantlarını müzakirə etsə də, daha sonra AİHM-ə birtərəfli bəyanat təqdim edib. Bu bəyanatlarda hökumət pozuntuları qəbul etdiyini və ərizəçiyə kompensasiya ödəməyə hazır olduğunu bildirib.
“İşçi Masası”nın fəalı Möhyəddin Orucov Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə (narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) ittiham olunaraq, 3 il müddətinə həbs olunub.
O, itithamları qəbul etməyib, həbsinin siyasi fəaliyyətilə bağlı olduğunu bildirib.
AİHM-in qərarına əsasən, Möhyəddin Orucova mənəvi zərərə görə 900 avro, əlavə xərclərə görə isə 225 avro ödəniləcək.
“İşçi Masası”nın İdarə Heyətinin üzvü Ayxan İsrafilovun isə saxlandığı 10 saylı cəzaçəkmə müəssisəsində müəssisədaxili məhkəməsi keçirilib.
Ayxan İsrafilov 2023-cü il avqustun 11-də həbs olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsində bu ittihamla da ona 3 il azadlıqdan məhrumetmə cəzası verilib.
Lakin o, özünü təqsirli bilmir, narkotiklə şərlənərək həbs olunduğunu deyir. O, bildirib ki, işçilərin hüquqlarını müdafiə etdiyinə, tənqidi fikirlərinə və siyasi baxışlarına görə sifarişlə cəzalandırılıb.

Meydan TV-yə verilən məlumatda bildirilir ki, bu cür məhkəmələr adətən nümunəvi davranış göstərən və cəzasının sonuna yaxınlaşan məhbusların azadlığa buraxılması ilə nəticələnir.
“Lakin Ayxan İsrafilovun işində fərqli qərar verilib. Məhkəmə onun 2023-cü ildə Şüvəlan təcridxanasından ailəsinə məktub göndərməsini irad kimi qiymətləndirib. İsrafilov isə həmin vaxt Şüvəlan təcridxanasında olanların 10 saylı müəssisəyə aid edilməməli olduğunu bildirib. Məhkəmə bu arqumenti qəbul etsə də, onun 2024-cü ildə 10 gün karserdə saxlanılması faktını əsas gətirərək azadlığa buraxılmasına rədd cavabı verib”, – “İşçi Masası”nın yaydığı məlumatda qeyd olunur.
Ayxan İsrafilov bu qərarla razılaşmayıb və karserə salınma barədə sənədlərin saxta olduğunu bildirib.