Salman Rüşdi Ukrayna və Yaxın Şərqdə müharibələri dayandırmağa çağırıb
Britaniya vətəndaşı, Hindistan əsilli yazıçı Salman Rüşdinin Almaniya Nəşriyyatları və Kitab Satıcıları Assosiasiyasının Sülh Mükafatına layiq görüldüyü bildirilir.
Təşkilat komitəsindən verilən məlumata görə, mükafat yazıçıya təhdid və təzyiqlər altında yaşamasına baxmayaraq, mükəmməl təxəyyülünü və dərin insanı keyfiyyətlərini qoruduğu üçün verilib.
Salman Rüşdi Almaniya mükafatının təqdimatı zamanı çıxışında söz azadlığını qorumağa, Ukrayna və Yaxın Şərqdə müharibələri dayandırmağa çağırıb.
Yazıçının 1988-ci ildə yazdığı “Şeytan ayələri” romanı müsəlmanların kəskin etirazına səbəb olub. Müsəlman əhalisinin üstünlük təşkil etdiyi bir çox ölkədə onun satışı qadağan edilib.
1989-cu ildə İranın o zamankı ali lideri Ayətullah Ruhullah Xomeyni müsəlmanları küfr etdiyinə görə yazıçını öldürməyə çağıran fətva verib.
2012-ci ildə İranın dini fondu yazıçının qətlinə görə 3,3 milyon dollar mükafat təyin edib.
2022-ci il avqustun 12-də Nyu-York ştatında keçirilən bir tədbirdə mühazirə oxumaq istəyən yazıçı boynundan bıçaqlanıb. Nəticədə yazıçı bir gözünü itirib.
Hadisə Çatokua (Chautauqua) İnstitutunda baş verib və polis hücumda şübhəli bilinən şəxsin Nyu-Cersi ştatının Fervyu şəhərindən olan 24 yaşlı Hadi Matar olduğunu bildirib.