Rəsmi Tehran deyir ki, Bakı tələsik qərarlar verir
İranın Bakıdakı mədəniyyət müşavirinin ofisinin bağlandığı bildirilir.
Bu haqda “İRNA” xəbər agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, İran öz qonşuları ilə problemləri dialoq yolu ilə həll etmək istəyir:
“Bakıda İran İslam Respublikasına məxsus bir çox mülk var. Hökumətə məxsus mülklər üçün atılan son addımlar Azərbaycan tərəfinin tələsik qərarıdır. Bu da təbii ki, dialoq vasitəsilə həll oluna bilər. İran İslam Respublikası öz qonşuları ilə münasibətlərində həmişə xoşniyyətli olub və iki ölkə arasındakı problemləri dialoq yolu ilə həll etmək, məntiqsiz, emosional və gərginliyi artıran hərəkətlərdən qaçmaq istəyib”.
Məlumata görə, İranın Bakıdakı səfirliyinin mədəniyyət müşaviri arzuolunmaz şəxs elan edilərək ölkədən çıxarıldıqdan sonra İran bu postu ləğv etmək qərarına gəlib.
Son aylar Azərbaycanda İrana casusluq ittihamı ilə yüzə yaxın adam saxlanılıb.
Sonradan onlara qarşı narkotik ittihamı irəli sürülüb..