Azərbaycan Gömrük Komitəsi: “Buna siyasi don geyindirmək yolverilməzdir”
İran-Rusiya Ticarət Palatasının üzvü Seyid Cəlalifəri Azərbaycan gömrüyünün Astarada İran yük maşınlarını saxladığını iddia edib.
O, bu barədə İranın ILNA agentliyinə müsahibəsində deyib.
Cəlalifər bildirib ki, Azərbaycan tərəfi qəsdən elektrik enerjisini kəsir: “Rentgenin işləmədiyinə və ya narkotik yoxlayan itlərin olmadığına istinad edir və Rusiyaya gedən İran yük maşınlarını saxlayır. Bu səbəbdən sərhəddə yük maşınlarından ibarət 10 kilometrlik növbə yaranıb”.
O qeyd edib ki, yük maşınları tez xarab olan meyvə və tərəvəz daşıyır, buna görə yüklər xarab olur.
Cəlalifərin sözlərinə görə, problem İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməyə başladıqdan və bu ölkə ilə münasibətləri korladıqdan sonra yaranıb.
Azərbaycan Gömrük Komitəsi isə İran yük maşınlarının saxlanması haqqında iddiaları təkzib edib.
Bu barədə “Turan” Agentliyi məlumat yayıb.
Komitənin 19 oktyabr tarixli məlumatında deyilir ki, oktyabrın 15-dən 16-na qədər 10 saat ərzində İran tərəfində kompüter sistemində yaranan nasazlıq və bu müddət ərzində yük avtomobillərinin keçidinin təmin edilməməsi, eləcə də İranın Astara şəhərində meyvə-tərəvəz anbarlarında yükləmə-boşaltma əməliyyatlarında mövcud olan uzun növbələr sıxlığın yaranmasına səbəb olub.
“İran tərəfindəki problemlərdən qaynaqlanan sıxlıqda Azərbaycanı günahlandırmaq və buna siyasi don geyindirmək yolverilməzdir”, – deyə məlumatda bildirilir.