Artıq bu gün hakimiyyət beynəlxalq maliyyə institutlarının kreditlərinə üstünlük verir
Cəmiyyətdə iqtisadi azalma ilə bağlı gərginlik səngimir. ÜDM-də 3,5% azalma I rübün xoşagəlməz, sezilən yekunudur. Son onilliklərdə iqtisadiyyatımızda belə şey olmayıb. Əslində iqtisadiyyat staqflyasiyaya daxil olub: bu zaman artım mənfiyə gedir, inflyasiya isə artır. Hökumət buna iqtisadiyyatın bir çox sahələrində irimiqyaslı islahatlarla reaksiya verdi.
Staqnasiyanın zahiri əlamətləri çoxdur. Əhalinin real gəlirləri guya artır (birinci rübün nəticeleri – 7,7%). Amma əhalinin gəlirlərinin artım tempi inflyasiyadan aşağıdır (10,8%). Bu, o deməkdir ki, gəlirlər faktik olaraq artmır. Son vaxtlar ilk dəfə elektrik enerjisi istehsalı 7% azalıb. Tikinti sektoru donub. Hər zaman davamlı olan “Holcim”də mənfəət kəskin azalıb. Çünki sementə tələbat düşüb. ÜDM-də tikinti sektorunun payı 2 dəfə – 8,4%-dək azalıb. Əvvəllər aktiv olan təkrar bazarda əqd qeydiyyatında azalma var (ötən ilin I rübünə nisbətən 32%). Ekspertlər bu bazarda aktivliyin azalmasını investorların daşınmaz əmlak obyektlərinin daha da ucuzlaşması gözləntisi ilə bağlayırlar. Vəziyyət o qədər ciddidir ki, hətta Sosial Mənzil Tikintisi üzrə Dövlət Agentliyinin yaradılması belə bu gün sırf iqtisadi tədbir kimi görünür. İstehlak kreditləşməsinin genişləndirilməsi kimi istehlak tələbatının canlandırılması forması bank sisteminin yaşadığı böhran üzündən məhdudlaşır.
İxrac tələbatı ilə bağlı ciddi problemlər var. Qeyri-neft sektoru hələ hətta kiçik ixrac tələbatını təmin etməyə qadir deyil. Hərçənd bir sıra beynəlxalq maliyyə institutları hesab edir ki, ilin sonu üçün bu sektorda artım gözləmək olar. Yalnız mümkün aqrar məhsul ixracı və Qaradağ Metanol zavodunda istehsalın bərpasından danışmaq olar. İndi sahibi SOCAR olacaq bu müəssisənin aktivlərinin qiymətləndirilməsi gedir. Onun sahibinin kim olması önəmli deyil. Təki tezliklə ixrac məhsulu istehsal etsin. Üstəlik, SOCAR-ın onu xammalla təmin etmək imkanı var.
Aydındır ki, dünyada neftin qiyməti, məsələn, 50 dollara çata çatsa, artım bərpa oluna bilər. SOCAR özü nikbindir və gələn il qiymətlərin 60-70 dollar olacağını gözləyir. Amma ona ümid etmək olmaz. Artıq bilirik ki, neftin qiyməti çox dəyişkəndir. Bu çətin vəziyyətdə “Fitç”in böyük direktorunun bəyanatı nikbin səslənir. Azərbaycan üzrə analitik Pol Qambla görə, 2017-2018-ci illərdən başlayaraq ÜDM artmağa başlayacaq və iki ildə 1,5-dən 4%-ə yüksələcək. Digər tərəfdən, cari əməliyyatlar hesabının kəsiri sıfıra yaxınlaşır. BVF onu 2016-cı ildə ÜDM-in 0,2%-i kimi qiymətləndirir. Növbəti ciddi profisit 2021-ci ildə (ÜDM-in + 5,9%-i) gözlənilir.
Rübə yekun vurarkən qeyd edək ki, belə qısa müddətə bu qədər institusional islahat görməmişdik. Gömrük sistemində ciddi islahatlardan danışmaq olar və mayın 1-dən orda elektron bəyannamə tətbiq edilir. Maliyyə sektorunda da bir sıra yeniliklər olub. Xarici ticarətdə ixracatın stimullaşdırılması rejimi tətbiq ediləcək. İqtisadiyyat Nazirliyi investisiya layihələrinin təşviqi haqqında qanun layihəsi hazırlayıb. O, hesab edir ki, dövlət biznesin bazarın tədqiqi xərclərini ödəyəcək, eləcə də yerli brendlərin dünya bazarına çıxmasına, sertifikatlaşma və patent işinə kömək edəcək.
Aprelin sonunda Antiinhisar Siyasəti və İstehlak Bazarı üzrə Dövlət Xidməti yekun olaraq təsis edilib, «Antiinhisar fəaliyyəti haqqında» qanuna ciddi dəyişiklik edilib. Ardınca bazarda rəqabəti boğan inhisarçılara qarşı sanksiyalar sərtləşdirilib, Cinayət Məcəlləsinə müvafiq dəyişikliklər edilib. Bu gün istənilən nazirlik və qurum təşəbbüslü görünmək istəyir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsizlikdən icbari sığorta tətbiqini təklif edib. Vergi əməkdaşları büdcəni və biznesi qane edəcək optimal vergi ödənişi formaları axtarır.
Başqa vaxtlarda belə qərarlar paketi sahibkarlarda böyük ruh yüksəkliyi yaradardı. Amma bu islahatların tezcə effekt verəcəyini gözləmək olmaz – hələlik bu, iqtisadiyyatın çökməsinin qarşısını almaq üçündür. Əsas odur ki, proses dayanmasın. Üçüncü oxunuşda qəbul edilmiş Rəqabət Məcəlləsi tamamilə gündəlikdən çıxıb. Ona ehtiyac yoxdur? Əvvəlkitək bizə elə gəlir ki, Antiinhisar Xidməti müstəqil qurum kimi daha səmərəli olardı. O da absurd görünür ki, indiyədək məmurların gəlirlərinin bəyannamə forması hazırlanmayıb. İki mininci ilin ortalarında qəbul edilən qanunun implementasiyasının gecikməsini belə izah edirlər. Ölkədən kapital çıxarılması ilə mübarizə fonunda ofşorlar mövzusuna toxunulmadı. Xatırladaq ki, Rusiya ofşorlar üzrə avtomatik informasiya mübadiləsi Konvensiyasına qoşulub. Azərbaycanın belə təşəbbüslərə qoşulması, eləcə də kapital amnistiyası faydalı olardı.
Bu gün hökumətin ən çətin vəzifəsi ölkədə iqtisadi aktivliyin bərpa edilməsidir. Bunun üçün vacib şərtlərdən biri təkcə institutlar yox, fəaliyyət göstərən maliyyə sistemidir. Burda isə böyük problemlər var. İkinci devalvasiyadan sonra əhali banklardan 2,3 mlrd manat çıxarıb və proses davam edir. İqtisadiyyatın dollarlaşmasının qarşısını almaq mümkün olmur. AMB-ni pul kütləsinin qarşısını almaqda qınayırlar, o isə öz növbəsində bildirir ki, onun səviyyəsi ölkədəki iqtisadi aktivlik səviyyəsinə uyğundur. Pul bazası isə ehtiyatla artmağa başlayır. AMB bir neçə həftə əvvəl uçot dərəcəsini 7% qaldırıb və indi dərəcə dəhlizini daraldır. Üst hədd 17%-dən 15%-ə endirilib, alt hədd 2%-dən 4%-ə artırılıb. İki aydır ki, AMB-nin valuta ehtiyatları artır. Üzən məzənnə artıq işləyir, hətta manatın möhkəmlənməsinin bəzi əlamətləri görünür. Amma bu gün əsas vəzifə real sektorun bank kreditləşməsini devalvasiya səviyyəsində bərpa etməkdir.
Hökumətin 2016-cı ildə iqtisadiyyatın artımı və büdcənin doldurulması üçün vəsaiti hardan götürəcəyi axıra qədər aydın deyil. Yenidən sənayeləşmə artıq gedir, ancaq yaxın zamanda məhsul verməyə hazır olan müəssisələri dəstəkləmək lazımdır. Ayın hadisələrindən Sumqayıt sənaye şəhərçiyində yeddinci rezidentin, artıq bu il məhsul istehsalına başlamağı vəd edən “MST Engeeniring Services”in meydana çıxması oldu. Hökumətin tranzit və turizmdəm gələn gəlirlərə, aqrar sənayeyə artan marağı səciyyəvi haldır.
Hökumətdə anlayırlar ki, neft gəlirləri azalanda ölkədə iqtisadi fəallığı yaratmağın ən yaxşı yolu biznesin dəstəklənməsidir. İnhisarlanmış iqtisadiyyatda bu, kiçik və orta biznesin dəstəklənməsidir. Məhz o olduqca mobildir və iş yerləri əmələ gətirir. Apreldə hətta qırmızı tarix yarandı: 25 aprel Sahibkar günü elan edilib. Gözləmək olardı ki, Heydər Əliyevin vaxtında olduğu kimi, həmin gün prezident sahibkarları qəbul edəcək. Ancaq bu, baş vermədi. Ola bilsin, İlham Əliyevin işi çox olub.
Hökumət, sözsüz ki, miqyaslı özəlləşdirməni də “ehtiyatda” saxlayır. Müxtəlif dövrlərdə o dünyanın bir çox iqtisadiyyatlarını xilas edib. Dövlət Əmlak Komitəsi bu ay elan etdi ki, beynəlxalq konsaltinq şitkərlərinin iştirakı ilə işlənib hazırlanan “Dövlət əmlakının özəlləşdirilməsinin III dövlət proqramı artıq hazırdır. Üçüncü özəlləşdirmənin əsas vəzifəsi iqtisadi fəallığın artırılması, özəllədirmədən büdcə daxilolmalarının artması, dövlət müəssisələrinin büdcə yükünün azaldılması olacaq. Ancaq əgər onu milli kapitalla məhdudlaşdırsalar, onda iqtisadiyyatın “kapitanları” iqtisadiyyatı daha çox inhisara alacaq. Üstəlik, söhbət çox güman ki, bahalı səhmlərdən gedəcək. Onlara isə həmişə birbaşa xarici investorların marağı var. Məlumdur ki, xarici kapital ölkəyə üç formada daxil olur: birbaşa, portfel investisiyası və kredit kimi. Daha çox üstün tutulan birbaşa invesitisiyalardır, özəlləşdirmə bunun üçün yaxşı səbəbdir. Bu daha çıxış yoludur – iqtisadiyyatda investisiya tələbatının genişlənməsi.
Ölkəyə xarici investorları, o cümlədən portfel investorlarını cəlb etmək üçün bir sıra sadə şərtləri yerinə yetirmək lazımdır. Onların içində ən əsası korrupsiya maneələrinin aradan qaldırılması, minoritar səhmdarların müdafiəsi və məhkəmə sisteminin keyfiyyətidir. Ancaq artıq bu gün hakimiyyət beynəlxalq maliyyə institutlarının kreditlərinə üstünlük verir.
Liberal iqtisadçılar deyərdi ki, ölkədə siyasi rəqabət yoxdursa, iqtisadi rəqabəti təmin etmək mümkün deyil. Ancaq biz bilərəkdən burda siyasi islahatlara toxunmuruq. Başlanğıc üçün lazım gəldikdə müəyyən iqtisadi qrupların siyasi müqavimətini də uzatmaqla bu gün tapşırılmış islahatlar yolunu yuxarıdan keçmək lazımdır. Əgər onlarsız iqtisadi islahatlar mümkünsüzdürsə, siyasi islahatlar özü gələcək.