İqtisadçılar 200 manatlıq əskinas barədə: Nağdlı hesablaşmalar artacaq

Nazim Bəydəmirli: ”Bu qərar, inflyasiyanın sürətlənməsinə stimuldur”

Source:


Nazim Bəydəmirli: ”Bu qərar, inflyasiyanın sürətlənməsinə stimuldur”


Azərbaycan Mərkəzi Bankı 200 manat dəyərində yeni əskinası dövriyyəyə buraxıldığnı elan edib.

Təqdimat mərasimində Mərkəzi Bankın sədri Elman Rüstəmov qeyd edib ki, Mərkəzi Bank nağd pul sferasında müasir çağırışları nəzərə alaraq pul nişanlarının mühafizə sistemlərinin müasirləşməsini daim diqqət mərkəzində saxlayır.

“Son dekadada ölkə iqtisadiyyatının dinamik inkişafını, dövriyyədə olan nağd pulun strukturunda baş verən dəyişiklikləri nəzərə alaraq eləcə də nağd pul sferasında səmərəliliyin yüksəldilməsinin təmin edilməsi məqsədilə yeni 200 manatlıq pul nişanının tədavülə buraxılması barədə qərar qəbul edilib”.

Elman Rüstəmov
Elman Rüstəmov

O bildirib ki, yeni pul nişanının dizaynı hazırlanarkən müsabiqədə ABŞ-ın “Crane Currency” şirkəti tərəfindən təqdim olunan dizayn qalib seçilib.

“Bu dizayna bir sıra şirkətlərin təqdim etdiyi mütərəqqi mühafizə sistemləri inteqrasiya edilməklə pul nişanı “Giesecke+Devrient” şirkətində istehsal olunub”.

İqtisadçı Vüqar Bayramov iri nominallı əskinasın dövriyyəyə buraxılmasının müsbət və mənfi tərəfləri olduğunu düşünür:

“Rəsmi açıqlamalara görə, yeni əskinaslar tədavül prosesinin asanlaşmasına və yığımların optimallaşdırılmasına səbəb olacaq. Bunlarla yanaşı, iri nominallı əskinasın dövriyyəyə buraxılmasının bir sıra çatışmamazlıqları var. Aydındır ki, ölkəmiz bu məsələdə 500 avro əskinası olan Avrozona ilə müqayisə oluna bilməz. Çünki Avropa Birliyində orta aylıq əmək haqqı bizimlə müqayəsədə xeyili yüksəkdir və dünyada yığımların 24 faizə yaxını məhz avro ilə aparılır”.

Ekspert qeyd edib ki, dünyanın ən güclü iqtisadiyyatına malik olan ABŞ-da dövriyyədə olan ən yüksək əskinas 100 dollardır.

Vüqar Bayramov
Vüqar Bayramov

“Dünyada valyuta ehtiyatlarının 67 faizinin ABŞ valyutası ilə saxlanmasına baxmayaraq, Federal Ehtiyatlar Sistemi əskinasların üzərində rəqəmləri artırmağa tələsmir”.

V.Bayramov 200 manatlıq əskinasın dövriyyəyə buraxılması ilə nağd hesablaşmaların həcminin artacağını gözləyir.

“Azərbaycanda nağdsız hesablaşmaların stimullaşdırılmasının prioritet olduğu zamanda iri əskinasların dövriyyəyə buraxılması nağdlı hesablaşmaların artmasına səbəb olacaq. Bu addım pulun alıcılıq qabiliyyətinin azalmasına səbəb ola bilər. Dövriyyədə yüksək nominallı əskinasların olması həm psixoloji, həm də iqtisadi baxımdan istehlak bazarına neqativ təsir göstərir. Bu baxımdan, iri nominallı əskinaslar inflyasiya yaradıcı faktorları gücləndirəcək”.

İqtisadçı-alim Nazim Bəydəmirli hesab edir ki, iri nominallı banknotların dövriyyəyə buraxılması səhvdir, nağdsız ödənişlərin stimullaşdırılmasına zərbədir və “kölgə iqtisadiyatına” köməkdir.

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

Onun fikrincə, bu qərar korrupsiyanın daha da artmasına, inflyasiyanın sürətlənməsinə stimuldur.

“Yeganə xeyri ciblərində çox pul gəzdirənlərə, yastıq altına pul yığanlara, ora bura rüşvət daşıyanlara, pul sayanlara iki dəfə az həcmli vasitələr lazım olmasıdır. Əslində, bu addımın yeganə səbəbi Mərkəzi Bankın və ya başqa bir qurumun PR kompaniyası aparmaq istəyinin reallaşdırılmasıdır”.

O, xatırladıb ki, ölkə prezidenti bir neçə il əvvəl nağdsız ödənişlərin stimullaşdırılması haqda sərəncam imzalamışdı.

“Sərəncamda Mərkəzi Bank da daxil olmaqla digər nazirliklərə nağdsız ödənişləri stimullaşdırmaq tələbi qoyulmuşdu. Eyni zamanda, maarifləndirmə və inzibati işlərin tamamlanması vacib görülürdü. Təəssüf ki, Mərkəzi Bank özünü göstərmək üçün belə tədbirlər keçirir, bu mənada 200 manat əskinasların buraxılması iqtisadiyyata zərərlidir. Çünki inflyasiyanı, korrupsiyanı və “kölgə iqtisadiyyatı”nı stimullaşdırır”.

Nazim Bəydəmirli bildirib ki, normal, iqtisadiyyatı oturuşmuş ölkələrdə nağdsız ödənişlərin stimullaşdırılması yönündə addımlar atılır.

“Yəni posterminallar quraşdırmaqla, bank sektorunu genişləndirməklə, nağdsız ödənişlər həm də vergi qaçaqçılığının qarşısını alan amillərdəndir. Hətta bəzi ölkələrin xidmət dövriyyəsinin 95-98 faizi nağdsız ödənişlərdir”.

İqtisadçı Nemət Əliyev hazırkı şəraitdə 200 manatlıq əskinasın müsbət və mənfi təsirlərindən danışmağın çətin olduğunu deyir:

“Çünki pul nişanı mübadilə vasitəsi kimi dövriyyəyə buraxılır. Bu addım iqtisadiyyata stimul verə bilməz. İndiki halda yeni əskinaslara ehtiyac yox idi. Buna sərf olunacaq vəsaiti başqa istiqamətlərə yönəltmək daha məqsədəuyğun olardı. Yeni əskinas barədə xəbəri eşidəndə Elman Rüstəmovun Avropada hazırlanan pul əskinaslarından qazanc əldə etməsi yada düşdü, bu haqda media da informasiyalar yayıldı və hətta Avstriya məhkəməsində araşdrımalar getdi, amma sonradan müəyyən adamlara təzyiqlər nəticəsində iş qapadıldı. Görünür, korrupsiya maraqları daha gücləndiyindən yeni əskinasların dövriyyəyə buraxılması həvəsinə düşüblər”.

Nemət Əliyev
Nemət Əliyev

Nemət Əliyev bildirib ki, yeni əskinas xəbəri insanlarda növbəti devalvasiya narahatlığı doğurub. O, hesab edir ki, bu, məzənnənin inzibati vasitələrlə müəyyənləşməsindən irəli gəlir.

“Baxmayaraq ki, xarici valyutaya tələbat xeyli dərəcədə artıb və bu tələbatın artması fonunda tələb-təklif qaydaları əsasında manat da dəyərini itirməliydi. Sadəcə, Mərkəzi Bank inzibati resurslar hesabına manatı qoruyur. Halbuki, manatın devalvasiya təhlükəsi var, bəlkə də yeni əskinas onun bir əlamətdir. Düzdür, neftin qiymətinin artmasını sual şəklində qoyacaqsınız, amma bu qalxma milli valyutanı qorumaq dəyərində deyil”.

İqtisadçı qeyd edib ki, ötən illə müqayisədə neftin qiyməti təxminən 2 dəfədən çox artıb, amma Azərbaycan iqtisadiyyatında dəyişiklik, yaxud fərq hiss olunmur.

“Dövlət Statikstika Komitəsi 3 aylıq dövr üçün ümumi daxili məhsulda 2 faizlik artım elan etmişdi. Amma yanvar-aprel aylarının məlumatlarından bəlli oldu ki, 1,2 faiz artıb. Sual yaranır: neftin qiymətinin artması iqtisadi inkişafda o nisbətdə niyə müşahidə olunmur? Yaxud son 4 aylıq rəsmi statistikaya əsasən, qida məhsullarının istehsalında azalma meydana çıxıb”.

N.Əliyev deyib ki, hətta neftin qiyməti 100 dollar olsa da, indiki halda manatın məzənnəsini sabit saxlamaq mümkün deyil.

“Çünki qeyri-neft sektoru istənilən şəkildə inkişaf etməyib və manatın dayanaqlığını təmin edən şərtlər yoxdur. Ona görə də bu qaydada manatın sabitliyini qoruyub saxlamaq arzuolunan da deyil və bunu tələb-təklifin öhdəsinə buraxmaq lazım idi. 200 manatlıq əskinasın dövriyyəyə buraxılması narahatlıq yaradır, ancaq xarici şərtlər diktə edərsə, bir gecədə 2015-ci ilin dekabrı və fevralındakı olaylar təkrarlana bilər”.

Ana səhifəAnalitikaİqtisadçılar 200 manatlıq əskinas barədə: Nağdlı hesablaşmalar artacaq