İqtisadçı: Neft Fondu əmlak biznesindən itirib

İqtisadçı deyir ki, neft pulları daşınmaz əmlakda dəyərsizləşdi, pis idarə olundu:

Source: meydan tv


''Hesablamalar göstərir ki, Dövlət Neft Fondu əmlaka birbaşa sərmayədən 60 milyon dollardan çox zərərə düşüb''

“Azərbaycan Respublikası Dövlət Neft Fondu Londondakı əmlakdan 57,35 milyon funt sterlinq itirib. Fondun əmlakın icarəsindən əldə etdiyi qazancın cəmi 5,83 faizi büdcəyə köçürülüb”.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu belə deyir. Bildirir ki, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Londonun “West End” səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən dəyəri 177 350 000 funt sterlinq təşkil edən ofis kompleksini 2012-ci ilin dekabrında alıb. Hazırda bu əmlakın bazar dəyəri 120 milyon funt sterlinqdir. Bu, o deməkdir ki, Fondun aktivi 57,35 milyon funt sterlinq və ya dolların hazıkı məzənnəsi ilə 121 milyon dollar azalıb. Nəticədə Fond sahib olduğu əmlak dəyərinin üçdə biri qədərini itirib.

“Bununla yanaşı narahatlıq yaradan başqa səbəb odur ki, ötən il Fondun Londondakı ofis kompleksindən əldə etdiyi 34,74 milyon funt sterlinqin yalnız 5,83 faizi və ya 2,02 milyon funt sterlinqi büdcəyə köçürülüb. Büdcəyə bu qədər az məbləğdə vəsaitin köçürülməsini Fond kompleksdə təmir işləri ilə əlaqələndirir”.

İqtisadçı deyir ki, əmlak müqaviləsi bağlanandan sonra Fonddan “Seynt Ceyms Londonda bir sıra tarixi memarlıq binalarının yerləşdiyi mərkəzi ərazidir” deyilmişdi.

Qubad İbadoğlu
Qubad Ibadoğlu

1845-ci ildə tikilmiş bu bina tarixi fasadı saxlanılmaq şərti ilə 2003-cü ildə yenidən təmir olunub və “A” tipli ofis binaları sinfinə uyğunlaşdırılıb. Ümumi sahəsi 11 018 kvadratmetr olan bina 2023-cü ilədək illik icarə haqqı 9,65 milyon funt sterlinq və xalis illik gəlirlilik səviyyəsi 4,5 faiz olmaqla HSBC Bankına icarəyə verilib. Qeyd edilən bank hal-hazırda bu binanı Britaniyada HSBC Fərdi Bankının mərkəzi qərargahı kimi istifadə edir.

“Görəsən, mərkəzdə yerləşən və 11 018 kvadratmetr sahəsi olan binadan qazanc niyə bu qədər azdır?”, – deyə sual edir iqtisadçı.

Əlavə edir ki, ARDNF həm də Moskvadakı əmlak biznesindən 86 milyon dollar itirib. Moskvanın Tverskaya 16 ünvanında yerləşən və dəyəri 3269 milyon Rusiya rublu təşkil edən “Qalereya Aktyor” ofis-ticarət mərkəzinin 1 illik icarəsindən ötən il ərzində cəmisi 66628 dollar qazanc əldə edilsə də, hətta az olmasına baxmayaraq (ayda 5500 dollar), ondan Fonda heç nə çatmayıb. Bütün qazanc xərcə silinib.

ARDNF “Qalereya Aktyor” ofis-ticarət mərkəzini 2012-ci ildə satın alıb. 2018-ci ilin 31 dekabr tarixinə olan məlumata görə, adıçəkilən ünvanda yerləşən “Qalereya Aktyor” ofis-ticarət mərkəzini bazar dəyəri 86 milyon dollaradək azalaraq 47,1 milyon təşkil edib.

“Qalereya Aktyor” Moskva şəhərinin tarixi mərkəzində yerləşir. “Tverskaya” küçəsi məşhur mehmanxana və ofislərin, eləcə də bir çox beynəlxalq ticarət brendlərinin cəmləşdiyi ərazidir. Bina “Tverskaya” küçəsi və “Strastnoy” bulvarın kəsişməsində, “Kreml” və “Qızıl meydan”ın yaxınlığındadır. Teatr binası kimi 1881-ci ildə istifadəyə verilmiş bu bina tarixi fasadı saxlanılmaq şərti ilə 1995-ci ildə yenidən təmir olunub. Binanın ümumi sahəsi 18 075 kvadratmetrdir.

Qubad İbadoğlu deyir ki, Neft Fondu bu binanı alanda əmlakın illik icarə haqqının 9,6 milyon ABŞ dolları olmaqla, müxtəlif maliyyə, sığorta və konsaltinq xidməti göstərən, eləcə də müxtəlif lüks və orta səviyyəli ticarət şirkətlərinə icarəyə verildiyini iddia edirmiş:

“Amma ötən il Neft Fondu bu bunanın icarəsində 66 min dollar, ayda 5.500 dollar qazanıb ki, onu da təmir xərcləri adı altında siliblər və hətta bu məbləğ də Fonda çatmayıb”.

61972438_10217104303311462_5073635267512893440_n.jpg
Cədvəl

İqtisadçı deyir ki, neft pulları daşınmaz əmlakda dəyərsizləşdi, pis idarə olundu:

“Hesablamalar göstərir ki, Dövlət Neft Fondu əmlaka birbaşa sərmayədən 60 milyon dollardan çox zərərə düşüb. Neft Fondunun açıqlamasına görə, daşınmaz əmlaka investisiya qoyuluşunda əsas məqsəd onun uzun müddət ərzində dəyərini qoruyub saxlaması, eləcə də orta və uzun müddətdə yüksək gəlirlilik potensialına malik olmasıdır. Əslində bu sahədə siyasət düzgün qurularsa və şəffaf olarsa, buna nail olmaq mümkündür. Dünyanın bır sıra şirkətləri əmlakdan böyük qazanclar əldə etdiyi halda Azərbaycan Dövlət Neft Fondu sahibi olduğu ofis binalarına investisiyalardan bütövlükdə itkilərə məruz qalıb”.

Q. İbadoğlu deyir ki, xüsusilə də böyük itkilər Neft Fondunun Londonda və Moskvada sahib olduğu əmlakın yenidən qiymətləndirilməsində üzə çıxıb. Belə ki, bu iki əmlakın alış qiyməti ilə hazırkı bazar dəyəri arasında 205,5 milyon dollar fərq yaranıb:

“Hesablama Palatasının rəyində bildirilir ki, 2018-ci il 31 dekabr tarixinə Neft Fondunun daşınmaz əmlak portfeli 2 142 392 602 ABŞ dolları təşkil edib. Daşınmaz əmlak portfelinin cari hesablarda pul vəsaitlərinin qalıqları nəzərə alınmaqla xüsusi çəkisinin 47,4 %-i birbaşa investisiyaların, 2,7 %-i borc fondlarına edilən investisiyaların, 34,5%-i fond investisiyaların və 15,4 %-i müştərək investisiyaların payına düşüb. Daşınmaz əmlaka birbaşa investisiya həcmlərinin xüsusi çəkisinin digər subportfellərlə müqayisədə daşınmaz əmlak portfelində daha yüksək (47,4%) olmasına baxmayaraq, gəlirlik faizi əhəmiyyətli dərəcədə aşağı olub”.

İqtisadçı deyir ki, göründüyü kimi, neft gəlirlərinin uğursuz idarəçiliyinin bir göstəricisi də əmlak bazarında sərmayələrdən zərərlərdir:

“Əslində əmlak bazarına investisiyalardan itkilər çox nadir hallarda qeydə alınır, təbii ki, Dövlət Neft Fondunun bu bazardakı əməliyyatlarından qazananlar da vardır, amma onun nə Fonda, nə də xalqa dəxli var, qazananlar, xüsusilə də törəmə müəssisələrin sahibləri barədə məlumatlar hələ də ictimaiyyətdən gizli saxlanılır”.

Ana səhifəXəbərlərİqtisadçı: Neft Fondu əmlak biznesindən itirib