“İndiki halda maye qazın hansı mənbələrdən alınması qiymətlərin endirilməsini nəzərdə tutmur”
Azərbaycan hökuməti noyabrda maye qazın qiymətini 0.45 qəpikdən 0.65 qəpiyə qaldırıb. Meydan TV-yə şikayət edən sürücülər iddia edirlər ki, maye qazı əvvəlki kimi Qazaxıstandan deyil, Bakı Neftayırma Zavodundan gətirilsə də, qiyməti endirmək istəmirlər.
Demokratiya və Rifah Hərəkatının rəhbəri, iqtisadçı Qubad İbadoğlu maye qazın qiymətinin bahalaşmasının idxalla bağlı olmadığını düşünür.
Bu barədə Meydan TV-yə danışan Qubad İbadoğlu hesab edir ki, maye qaza tələbatın artması qiymət artımını şərtləndirən qərarın verilməsinə səbəb olub:
“İndiki halda da maye qazın hansı mənbələrdən alınması qiymətlərin endirilməsini nəzərdə tutmur. Əsas məqsəd tələbin artdığı bir halda daha çox pul qazanmaq, bununla əlaqədar bazarda ayrı-ayrı yanacaq məhsulları arasındakı qiyməti tarazlaşdırmaq və tənzimləmək idi. Ona görə əvvəl səsləndirilən izahatlar bu gün əsas götürlmür. Maye qaza olan tələbatın yüksək olması şirkətin daha çox vəsait qazanmasını şərtləndirir.
Noyabrın 17-də
Azərbaycanda yanacaqdoldurma məntəqələrində (YDM) maye qazın (LPG) qiyməti artıb. “Azpetrol” şirkətlərinə məxsus YDM-də maye qazın qiyməti 0,45 manatdan 0,65 manata qalxıb.
SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov həmin vaxt qiymətin dövlət, o cümlədən SOCAR tərəfindən tənzimlənmədiyini demişdi:
“Hazırda maye qazın qiymətini təchizatçı şirkətlər özü tənzimləyir. Biz qazı aşağı qiymətə satırdıq, belə ki, dövlət qarşımıza bu tələbi qoymuşdu. Əvvəllər təchizatçılar maye qazı ancaq bizdən alırdı. İndi isə, ola bilsin, idxal edirlər. Belə olduğu təqdirdə istisna deyil ki, qiymət dəyişə bilər".
İ.Əhmədov onu da vurğulamışdı ki, ölkədə maye qaza tələbat artmaqdadır: "Bu məhsul həm də kimya sənayesində xammal kimi istifadə olunur".
“Məişət Maye Qaz” QSC-dən deyilib ki, qiymət artımı zavodun təmirə dayanması və bu müddət ərzində maye qazın ölkəyə idxal edilməsi ilə əlaqədardır: “Zavodda təmir işləri artıq başa çatdırılıb. Yaxın zamanlarda LPG-nin köhnə qiymətlə satışı bərpa olunacaq”.
“SOCAR Petroleum” şirkətinin məlumatına görə, sözügedən zavodda təmir gedən müddətdə SOCAR YDM-lərində maye qaz satılmayıb: “Hazırda “Məişət Maye Qaz”dan maye qazın tədarükünü gözləyirik”.