İqtisadçı: “Ət, balıq, yumurta, süd və balın qiyməti bahalaşacaq”

Ət, balıq, yumurta, süd və balıq, sciencepics/Shutterstock

Qubad İbadoğlu: “Səbəb inhisarçılıqdır”

“Yaxın zamanlarda ət, balıq, yumurta, süd, və balın qiyməti bahalaşacaq. Eyni zamanda, un və un məmulatları, taxıl məhsulları və çörəyin qiymətinin artımı da davam edəcək”.

İqtisadçı Qubad İbadoğlu bu qənaətdədir.

Onun fikrincə, buna prezidentin “Dövlət rüsumu haqqında” Qanuna etdiyi dəyişikliklər də təkan verəcək.
Rüsumların artırılması qərarı ötən ilin noyabrında verilib. Artım bu il yanvarın 1-dən tətbiq edilir.
“Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsinə görə dövlət rüsumlarının alınması nəzərdə tutulub.

Eyni zamanda, ətin, heyvan, quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulmasına görə də dövlət rüsumları artıb.

Bundan başqa, dəyişikliklərlə baytarlıq şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumu 5 manatdan 10 manata, baytarlıq sertifikatının verilməsi üçün dövlət rüsumu isə 20 manatdan 25 manata qalxıb.

Qubad İbadoğluya görə, bu dəyişikliklər satıcıların məsrəfini artdırıb. Eyni zamanda, bahalaşma üçün mövsümi amillər də fəallaşıb.

Qubad İbadoğlu
Foto: Meydan.TV

İqtisadçı düşünür ki, hazırkı artmış qiymətlər son səviyyə deyil:

“Əvvəlcədən qeyd edim ki, birinci qrup məhsulların qiymət bahalaşmasının Rusiya və digər ölkələrdə gedən proseslərlə əlaqəsi yoxdur. Onun səbəbini pis idarəçilikdə və mövsümi amillərin fəallaşmasında axtarmaq lazımdır. İkinci qrup məhsullara gəlincə, onun başlıca səbəbi inhisarçılıqdadır”.

İqtisadçı deyir ki, budəfəki qiymət artımları ən azı iki nəticə doğuracaq.

Əvvəla bir sıra məhsullar, məsələn, balıq və balıq məhsulları, hətta bəzi hallarda ət və ət məhsulları aztəminatlı əhalinin menyusundan çıxacaq, onların çörəyə olan tələbatı artacaq:

“Bazarda adıçəkilən bir sıra məhsullar üzrə keyfiyyətsiz malların satış payı artacaq. Pensiya ilə yaşayan insanlara, işsizlərə çox çətin olacaq”.

Azərbaycanın maliyyə naziri Samir Şərifov ötən il verdiyi açıqlamasında kənd təsərrüfatı və ərzaq məhsulları ilə bağlı dövlət rüsumunun artırılmasının hər hansı ərzaq məhsulunun qiymətinə təsir etməyəcəyini bildirmişdi.

Onun sözlərinə görə, ərzaq məhsullarının qiymətinə təsir edəcək dövlət rüsumlarında artım yoxdur: “Bu, tamamilə əsası olmayan uydurmalardır” – deyə, nazir vurğulayıb.

Samir Şərifov
Foto: Meydan TV

Ötən il Azərbaycanda təbii qaz, elektrik enerjisi, benzin, eyni zamanda, ərzaq məhsullarının qiymətlərində kəskin bahalaşma müşahidə edilib.

Qiymət artımı 2022-ci ildə də davam edib. Taxılın qiymətinin qalxması, un, un məhsulları və çörəyin qiymətinin qalxmasına səbəb olub. Ekspertlər bahalaşmanın davam edəcəyi qənaətindədirlər.

Ana səhifəİqtisadiyyatİqtisadçı: “Ət, balıq, yumurta, süd və balın qiyməti bahalaşacaq”