İqtisadçı Əliyevin “minaların təmizlənməsi üçün 25 milyard lazımdır” fikrini absurd sayır

Foto: ANAMA

 “Belə çıxır ki, 1 minanın təmizlənməsi 25 min dollar edəcək?”

“Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərini minalardan təmizləmək üçün 30 il zaman və 25 milyard dollar vəsait lazımdır”.

Prezident İlham Əliyevin sözləridir.

Oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclasında çıxışı zamanı belə deyib.

O bildirib ki, ilkin hesablamalara görə, Ermənistan işğal zamanı Azərbaycan ərazilərində bir milyondan çox mina basdırıb:

“İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb”.

Prezident qeyd edib ki, minalardan təmizlənmə ilə paralel, Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır:

“Biz, həmçinin “Böyük Qayıdış” adlanan proqramla keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesinə başlamışıq”.

Mənbə: president.az

Ən son, oktyabrın 5-də açıqlanan məlumata görə, bu günə kimi 55 min hektar ərazi minalardan təmizlənib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) sədrinin müavini Samir Poladovun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin 148 min hektar ərazisi xüsusilə təhlükəli hesab olunur:

“Bizdə hazırda 390 709 tank və piyada əleyhinə mina və partlamamış hərbi sursatla bağlı məlumat var. İndi 40 min hektar minalarla çirklənmiş ərazini təmizləməyi planlaşdırırıq. Bunun 8 min hektarı yaşayış sahələrinin tikintisi üçün nəzərdə tutulub”.

ANAMA rəsmisi illik minalardan təmizləmə sürətinin 65 min hektara çatdırılmasının nəzərdə tutulduğunu bildirib.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, Prezidentin minaların təmizlənməsi üçün “30 il vaxt və 25 milyard dollar lazımdır” açıqlamasının reallığa söykənmədiyini düşünür.

Onun sözlərinə görə, sadə riyazi hesablamalar göstərir ki, əgər Prezident doğru deyirsə, 1 minaya 25 min dollar xərclənməlidir:

“Üstəlik, 30 il gözləmək absurddur. Prezident demək istəyib ki, məcburi köçkünlər yurda qayıtmağa tələsməsinlər. Onu da deyim ki, hazırda işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsini ANAMA, Müdafiə Nazirliyinin bir neçə xüsusi batalyonu və Fövqəladə Hallar Nazirliyi həyata keçirir. 2021-ci ildə ANAMA tərəfindən 6777,6 hektar ərazi minalardan təmizlənib. Təmizlənmiş ümumi ərazidən 2134,6 ha kənd təsərrüfatı, 1633 ha nəqliyyat infrastruktur sahəsi, 1374,7 ha yaşayış massivi, 722 ha enerji xətti, 913,3 ha digər təyinatlı ərazilər olub”.

İqtisadçı deyir ki, rayonlar arasında ən çox minadan təmizlənən Zəngilandır.

Qubad İbadoğlu: Foto: Meydan TV

Bu da Zəngilanda beynəlxalq hava limanının, Ağalıda “Ağıllı kənd”in tikintisi və “Dost aqropark”ın salınması ilə bağlıdır:

“Aqroparkda birinci mərhələdə 4 min baş cins qaramal yetişdiriləcək. Bundan əlavə, 6 min hektar sahədə əkin aparılacaq. İkinci mərhələdə isə 10 min baş cins heyvan yetişdiriləcək, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq, ət emalı və qablaşdırma müəssisəsi qurulacaq. Tutumu 100 min ton olan kənd təsərrüfatı anbarı inşa ediləcək. Ümumiyyətlə, 2021-ci ildə minadan təmizlənmiş ərazilərin 32 faizini kənd təsərrüfatı, 24 faizini nəqliyyat infrastrukturu, 20 faizini yaşayış massivi, 11 faizini enerji xətləri, 13 faizini isə digərləri təşkil edib. Göründüyü kimi minatəmizləmə işində önə əkin sahələri çıxarılır”.

İqtisadçı təəssüflə qeyd edir ki, 2022-ci ildə minadan təmizləmə işləzinin gedişinə dair açıqlama yoxdur: “Böyük ehtimalla bu barədə məlumat 2023-cü ilin mart ayında Nazirlər Kabinetinin hesabatında dərc olunacaq. O zamanadək ərazilərdə son bir il ərzində nə qədər minanın zərərsizləşdirildiyini kimsə bilməyəcək”.

Ən son, oktyabrın 8-də Ağdam rayonunun işğaldan azad edilmiş Yusifcanlı kəndi ərazisində 2 nəfər minaya düşüb.

Onların hər ikisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ondan öncə, sentyabrın 30-da isə daha 2 nəfər Füzulinin işğaldan azad olunmuş ərazisində minaya düşərək həlak olub.

Azərbaycan rəsmiləri deyirlər ki, 2020-ci ildə üçtərəfli bəyanatın imzalanmasından sonra işğaldan azad edilən ərazilərdə 250 civarında minaya düşən şəxsdən 40 nəfər həyatını itirib.

Üçtərəfli bəyanatın imzalanmasından bir müddət sonra, Azərbaycan rəsmiləri Ermənistan tərəfini minalanmış ərazilərin xəritələrini onlara verməməkdə günahlandırırdı.

Lakin 10 noyabr razılaşmasından sonra Azərbaycanda tutulan Ermənistan hərbçilərindən bir neçə qrupunun təhvil verilməsi əvəzi azad olunan bir sıra rayonlara (Füzuli daxil) aid mina xəritələrinin alındığı açıqlanmışdı.

Amma sonradan da Azərbaycan Prezidenti həmin xəritələrin reallığı böyük ölçüdə əks etdirməməsi ilə bağlı narazılığını ifadə etdi. Buna cavab olaraq Ermənistan Baş naziri Nikol Paşinyan bu il deyib ki, “Biz əlimizdə olan xəritələri Azərbaycana verdik”.

Nikol Paşinyan əlavə edib ki, onlar yaxşısını siyirtmədə saxlayıb, pis keyfiyyətdə olanı verməyiblər.

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona (Füzuli rayonu daxil) nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində ( Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Ana səhifəİqtisadiyyatİqtisadçı Əliyevin “minaların təmizlənməsi üçün 25 milyard lazımdır” fikrini absurd sayır