Oktyabrın 23-də Şirvan Apellyasiya Məhkəməsində “Talış Milli Akademiyasının Xəbərləri” saytının baş redaktoru, etnik tədqiqatçı 18 il azadlıqdan məhrum edilən İqbal Əbilovun apellyasiya şikayətinə baxılıb.
“İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsi”nin “Facebook” sosial şəbəkəsində yaydığı məlumata görə, Şirvan Apellyasiya Məhkəməsi İqbal Əbilov barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin verdiyi 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasını qüvvədə saxlayıb.
“Talış Milli Akademiyasının Xəbərləri” saytının baş redaktoru, etnik tədqiqatçı İqbal Əbilov 2025-ci il mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.
Əbilov Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə ittiham olunub.
O, bu ittihamları təkzib edir, elmi tədqiqatla məşğul olduğunu bildirir.
Ədalətli qərar gözləmədiklərini deyən Komitə bildirib ki, işə mahiyyəti üzrə baxılmadı. Onlar vurğulayıb ki, Əbilov barəsində verilən qərar siyasidir.
“Təəssüf edirəm ki, bu gün İqbal bəy kimi gənclərimiz bu gün həbsxanada saxlanılır. Nə ittiham tərəfinin, nə də hakimlərin işlə bağlı arqumentləri olmadı halda 18 il hökm oxumaq hakimiyyət üçün ağır cinayətdir”, – deyə komitə bildirib.