Sualı tamam fərqli qoya bilərik: siyasət texnologiyanın inkişafına təsir göstərirmi?
Bu yazıda sizə Langdon Vinnerin texnologiya və siyasət nəzəriyyəsini təqdim etməyə çalışıram. Vinner iddia edir ki, insanlar bəzən yalnız texnoloji inkişafın özünə diqqət yetirməklə bu inkişafın arxasında dayanan sosioloji prosesləri və siyasəti nəzərdən qaçırırlar. Müəllif “siyasət” deyəndə sosial qruplar arasında gücün və hakimiyyətin formalaşmasını və bu proses zamanı müvafiq hadisələrin baş verməsini nəzərdə tutur. Yəni, cəmiyyətdə texnologiyanın və ya texnoloji əsərlərin inkişafı bu inkişafda maraqlı olan və inkişaf nəticəsində müəyyən güc və hakimiyyət əldə edən qüvvələr tərəfindən stimullaşdırılır. Texnologiya deyəndə müəllif yalnız hər hansı bir qurğunu və ya aparatı deyil, insan əməyi nəticəsində hasil olunan bütün texnoloji imkanları və onların yaratdığı sistemləri nəzərdə tutur. Buraya həm də hündür binalardan tutmuş, məktəb və yol körpülərinə qədər olan müxtəlif tikinti infrastrukturunu da əlavə etmək olar. Maraqlıdır ki, siyasət və ya cəmiyyətdə mövcud olan siniflər arasında güc nisbəti bu cür texnologiyalara necə təsir göstərir.
Vinner iddia edir ki, siyasi proseslər və varlı-kasıb arasında mövcud olan güc nisbəti texnologiyanın inkişafına təsir edir. Hər bir texnologiyanın arxasında müəyyən siyasi və ictimai proseslərin ahəngi dayanır. Texnologiyanın inkişafında maraqlı olan qüvvələr həmin texnologiyanın dizaynına və daşıdığı funksiyalara güclü təsir göstərə bilirlər. Langdon Vinner öz əsərində bu nəzəriyyəni sübut etmək üçün bəzi faktlara istinad edir. Onun sözlərinə görə, siyasətin texnologiyanın inkişafına etdiyi təsirin ən bariz nümunəsini ABŞ-da Uzun Adada (Long İsland) inşa edilmiş körpüdə görmək olar. Belə ki, ilk baxışdan körpü insana qeyri-adi bir təsir bağışlamasa da, onun tikintisi zamanı aparılan hesablamalar bəzi faktları ortaya çıxarır. 1920-70 illərdə Nyu-Yorkda “master mühəndis (builder)” ləqəbli tanınmış Robert Moses tərəfindən inşa edilən bu körpünün yerə olan məsafəsi məqsədyönlü şəkildə azaldılıb. Bununla bağlı Robert Karo (Robert Caro) öz xatirələrində qeyd edir. Robert iddia edir ki, memar Robert Moses kasıblara qarşı qərəzli mövqedə duran bir insan idi və onun bu qərəzi Mosesin əsəri olan bu körpüyə də yansıyıb. Məqsəd ondan ibarət olub ki, əgər körpü alçaq olsa, onun altından ictimai nəqliyyət keçə bilməz və nəticədə həmin əraziyə kasıbların gəlişi çətinləşər. Bu gün Nyu-Yorkda Robert Mosesin müəllifi olduğu bir çox tikinti abidəsi, körpülər və digər infrastruktura qalmaqdadır və bu tikintilər müasir şəhərin inkişafında özünəməxsus paya sahibdir. Napaleon Parisdə küçə döyüşlərinin qarşısını almaq üçün Paris yollarının genişləndirilməsi əmrini verir. Amerikada 1960-70-ci illərdə tələbələrin universitetin içində təşkil edilən etiraz aksiyalarının təsirini azaltmaq üçün universitetin binalarını səsboğucu kərpicdən tikirdilər.
Bu tendensiya təkcə tikintidə deyil, texnologiyanın inkişafında da öz əksini tapıb. 1880-cı ildə Sirus (Cyrus) şirkətində metal əridən maşın istehsal olunur. Bir çoxu bu kəşfin arxasında istehsalda səmərəliliyin artırılması məqsədinin olduğunu qeyd etsə də, tarixçi Robert Ozanne yazır ki, bu kəşfin arxasında şirkətin rəhbəri MkKormikin (McCormick) üzləşdiyi təzyiqlər dayanır. Belə ki, həmin dövrdə MkKormik dəmir əridənləri birləşdirən həmkarlar ittifaqı ilə münaqişədə idi. Fəhlələrin istehsala vura biləcəyi zərbənin qarşısını almaq üçün metal əridən maşın istehsal edilir və nəticədə fəhlələrin istehsal prosesinə təsiri minimuma enir. Bəzən bu tapıntılar xüsusi siyasi məqsədə xidmət etməsə də, cəmiyyətdə qruplar arasındakı münasibətə böyük təsir göstərir. Belə kəşflər bir tərəfin (varlıların) maraqlarına xidmət edir və həmin təbəqəyə güc və xüsusi status verir, digər tərəfin (kasıbların) maraqlarını tapdalayır.
1940-cı illərdə Kaliforniya Universitetinin bir qrup araşdırmaçısı tarlalarda pomidor toplayan maşın kəşf edirlər. 50,000 dollar qiyməti olan bu maşını hər pomidor əkən fermer ala bilmədiyi üçün fermerlərin sayı kəskin azalır. Fermerlər birləşərək Kaliforniya Universitetini məhkəməyə verirlər. Universitetə qarşı qaldırılan iddiada deyilirdi: siz kasıbların verdiyi vergini kasıblara zərbə vuran layihələrə sərf edirsiz. Belə tipli layihələr dərhal dayandırılmalıdır.
Müəllif iddi edir ki, texnologiyanın inkişafı ilə bağlı verilən qərarlar iki mərhələdən ibarətdir. Birinci qərar sadə “bəli” və ya “xeyr” cavabını tələb edən suallardır. Hər hansı bir körpünü inşa etmək ya “bəli”, ya da “xeyr” cavabını tələb edir. İkinci mərhələdə verilən suallar əsasən dizayn və layihənin daşıdığı məna ilə bağlıdır. Vinnerə görə texnologiya cəmiyyətdə nizam və qayda-qanun yaratmaq üçün tətbiq edilir. Bu texnologiyalar insanların gündəlik həyatlarında onların davranışına böyük təsir göstərir. Məqsədli və ya məqsədsiz, bu texnologiyalar insanların bir-biri ilə olan əlaqələrinin qurulmasına, fəaliyyətinə, insanlar arasındakı münasibətlərə və ən nəhayət, varlı və kasıb təbəqələr arasında balansın pozulmasına güclü təsir edir.
Vinner daha da dərinə gedərək texnologiyanın siyasi proseslərə təsirini izah etməyə çalışır. Onun sözlərinə görə əgər dövlət atom enerjisindən istifadə etməyə qərar verirsə, həmin dövlətdə siyasi qərarların qəbulu bu sahəyə yaxın olan oliqarxların təsir dairəsinə düşür. Bu, yalnız nüvə enerjisi ilə məhdudlaşmır. Buraya neft və qaz enerjisindən istifadəni də göstərmək olar. Belə ölkələr əsasən qeyri-demokratik ölkələr olur və həmin ölkələrdə günəş, külək və s. kimi alternativ enerji sistemlərindən geniş istifadə olunmur. Səbəb də ondan ibarətdir ki, alternativ enerji istehsalçılarının avtoritar qərar qəbuletmə prosesinə müdaxiləsi məhduddur. Demokratik ölkələrdə isə tam əksinə, ənənəvi enerji istehsalçılarının siyasi proseslərə təsir imkanları zəif olduğundan, alternativ enerjiyə olan maraq gündən-günə artır.
Bunu nəzərə alaraq düşünürəm ki, aktiv hərbi müdaxilə siyasəti yürüdən ABŞ-ın qərar qəbuletmə prosesi bu ölkədə fəaliyyət göstərən silah istehsalçılarından ciddi şəkildə asılıdır. Bu şəxslər ABŞ-ın müharibələrlə bağlı siyasətinə ciddi şəkildə təsiretmə imkanlarına malikdirlər. Bəzən texnikanın özü bu texnologiya ilə bağlı olan davranışa ciddi təsir göstərir. Nüvə silahı olan dövlətlərdə hərbi sistem daha burokratik və daha avtoritardır. Bunun da əsas səbəbi ondan ibarətdir ki, sistem yanlış qərarların qəbul olunmasını minimuma endirir və yanlışlıqla başqa bir dövlətə nüvə zərbəsinin endirilməsi ehtimalını tam aradan qaldırır. Lakin demokratik dövlətlər çalışırlar ki, hərbi sistemlərində olan bu cür avtoritar idarəetmə üsul-idarəsi dövlət idarəetməsinin digər sahələrinə təsir göstərməsin.
Vinner fikrini aşağıdakı kimi yekunlaşdırır: Əgər texnologiya əsnəkdirsə (flexible), onun dizayn edilməsi cəmiyyətdə siniflər arasında qüvvələr balansına böyük təsir göstərə bilir. Buraya körpüləri, universitetləri, zavod və fabrikləri, müəyyən qurğuları və elektron avadanlıqları misal göstərmək olar. Əsnəkliyi onunla izah edilir ki, bu texnologiyanı ortaya çıxaran şəxslərin həmin avadanlıqlara təsir imkanları genişdir. Mühəndis körpünü inşa etmək üçün onun formasından tutmuş dizaynına qədər istədiyi təsiri göstərə bilir. Belə texnologiyalar bir sinifi əzməklə digər sinfi mükafatlandırır. Texnologiyalar sərt olduğu (əsnək olmadığı) təqdirdə (atom silahı) o xüsusi institutlaşmış hakimiyyət və güclə əlaqələndirilir, belə texnologiyaların cəmiyyətə birbaşa təsir imkanları zəif olur. Bu cür texnologiyalarla bağlı qərarlar veriləndə onların doğura biləcəyi nəticələr diqqətlə araşdırılır.
Bu gün Azərbaycanda texnologiyanın inkişafı avtoritar rejimin böyük təsir dairəsindədir. Azərbaycanda Daxili Qoşunlar və Çevik Polis Alayı müasir tipli hərbi sursatla təmin edildiyi təqdirdə, dövlətimizin ərazi bütövlüyünü qoruyan, düşmənlə üz-üzə qalan əsgər və zabitlərin nəzarətində olan hərbi texnika isə Rusiya və Belarusiyadan alınmış köhnə silahlardır. Qeyd etməliyəm ki, Azərbaycanda tikilən bütün tikililər, aparılan abadlıq və yenidənqurma işləri, salınan istirahət mərkəzləri sıravi vətəndaşlar üçün nəzərdə tutulmur. Bu cür layihələr cəmiyyətdə mövcud olan sinfi ayrıseçkiliyin daha da güclənməsinə, varlı və kasıb təbəqə arasında uçurumun yaranmasına hesablanıb. Varlı təbəqənin cəmiyyətdə daha da güclənməsi və nüfuzlu postlara sahib olması üçün, kasıb övladları üçün əlçatmaz olan, rüşvətdən uzaq ADA Universiteti var, kasıb balaları üçün rüşvətin tuğyan etdiyi Bakı Dövlət Universiteti və digər təhsil ocaqları var. Hər ikisi eyni ölkədə yerləşsə də, fərqli sinfin maraqlarına xidmət edir.
Bu yazıda qeyd edilən nəzəriyyə Langdon Vinnerin “İnsan əsərlərinin siyasəti varmı” (Do artifacts have politics) (1980) əsərindən götürülüb.
Mənbə: Daedalus, Vol. 109, No. 1, Modern Technology: Problem or Opportunity? (Winter, 1980), pp. 121-136
Stable URL:
http://www.jstor.org/stable/20024652