"İstəsə, pyesləri yenidən Rus Dram Teatrında səhnələşdirilə bilər"
“Rüstəm İbrahimbəyova qarşı heç bir qadağa yoxdur. Bizdə pyeslərlə teatrın ədəbi hissə rəhbəri Valentina Reznikova məşğul olur. O, Rüstəm İbrahimbəyovla birgə onun pyeslərini səhnələşdirib".
Bunu Meydan TV-yə Səməd Vurğun adına Akademik Rus Dram Teatrının direktor müavini İlham Məmmədov Xalq artisti, dramaturq Rüstəm İbrahimbəyovun teatrın onun pyeslərini səhnələşdirmədiyi ilə bağlı söylədiyi fikirlərə münasibət bildirərkən deyib.
Xalq artisti Rüstəm İbrahimbəyov Milli Kitab Sərgisi çərçivəsində keçirilən görüşü zamanı “Rus Dram Tearında yeni pyeslərinizdən səhnəyə qoymağı düşünürsünüz?”, – sualına cavabında deyib ki, teatr onun əsərlərini səhnələşdirməyə maraqlı
deyil
:
“Rus Dram Teatrına mənim pyeslərimi qoymaq maraqlı olsaydı, bunu edərdilər. Aydındır ki, onlar əvvəllər əsərlərimi Bakıda mənə olan münasibətə görə qoymurdular. Amma indi artıq iki ildir ki, Bakıdayam və mənə münasibət çox yaxşıdır. Ona görə də, məncə, Rus Dram Teatrı istəsə, bu əsərləri yenidən səhnələşdirə bilər”.
"Rüstəm İbrahimbəyov özünün “İbRus” teatrını yaratmışdı, tamaşaları da orada oynanılırdı. Rüstəm İbrahimbəyov istəsə, onun pyesləri yenidən Rus Dram Teatrında səhnələşdirilə bilər. Hazırda onunla əməkdaşlığa maneə yoxdur", – deyə İlham Məmmədov qeyd edib.
Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı 1920-ci ildən Bakı Azad Tənqid-Təbliğ Teatrı, 1923-cü ildən Bakı İşçi Teatrı adı ilə fəaliyyət göstərib.
1937-ci ildən isə Azərbaycan Dövlət Rus Dram Teatrı adlanır. 1956-cı ildə teatra Səməd Vurğunun adı verilib.
2019-cu il martın 5-də Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi barədə sərəncam imzalanıb.
Rüstəm İbrahimbəyov 1939-cu ildə Bakıda doğulub.
Azərbaycan Neft və Kimya İnsitutunu bitirib. Həmçinin Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda ssenarist və rejissor ixtisaslarına yiyələnib.
Onun əsərləri əsasında qırxdan çox bədii, televiziya filmləri və tamaşaları çəkilib. Həmçinin pyesləri səhnələşdirilib.
2005-ci ildə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin sifarişi ilə Rüstəm İbrahimbəyovun ssenarisi əsasında “Köçərilər” filmi çəkilib.
Film 2007-ci ildə “Oskar” mükafatına təqdim olunması barədə təklif alıb.
Çəkilişlərə 30 milyon dollar dövlət vəsaiti xərclənib.
Filmin bir nüsxəsi Azərbaycan Dövlət Film Fonduna hədiyyə edilib.
Rüstəm İbrahimbəyov Azərbaycan Kinematoqrafçılar İttifaqının (1981) katibidir.
O, 2001-ci ildə “İbRus” teatrını (İB- İbrahimbəyov, RUS-Rüstəm) yaradıb. Rüstəm İbrahimbəyovun İçərişəhərdəki şəxsi evində yerləşən “İbRus”da tamaşalar iki dildə: Azərbaycan və rus dillərində oynanılıb.
Teatrın fəaliyyəti Xalq yazıçısının siyasi fəaliyyətindən dolayı ölkəni tərk etməsindən bir müdət sonra dayandırlıb.
Müxalif siyasi qüvvələrin birləşdiyi Milli Şura 2013-cü ilin prezident seçkisində Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürmüşdü. Lakin İbrahimbəyovun Rusiya vətəndaşlığını səbəb gətirən Mərkəzi Seçki Komissiyası (MSK) onun namizədliyini qeydə almaqdan imtina etmişdi. Həmin vaxtdan İbrahimbəyov Azərbaycandan kənarda yaşayırdı.
İllərlə mühacirətdə yaşayan Rüstəm İbrahimbəyov qardaşı Xalq yazıçısı Maqsud İbrahimbəyovun vəfatından sonra Azərbaycana gəlib.
Hazırda yazıçı Azərbaycana tez-tez gəlir, müxtəlif tədbirlərdə iştirak edir.