İlham Əliyev əl silkələdiyi şirkətə milyonlar ayırdı

Yeni Bakı Limanını tikən “Evrascon” şirkətinin əlahiddə gücü və böyük layihələri

Source:
İlham Əliyev
İlham Əliyev


Yeni Bakı Limanını tikən “Evrascon” şirkətinin əlahiddə gücü və böyük layihələri

Avqustun 2-də prezident İlham Əliyev Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinin sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər barədə sərəncam

imzalayıb

.

Sərəncamda yazılır: “Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinin davam etdirilməsi işlərinin sürətləndirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə 30,0 (otuz) milyon manat ayrılsın”.

Bunun ardınca daha bir

sərəncam

 verilir:

“Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı üçün 6 ədəd portal kranın alınması və 2 ədəd mövcud kranın modernləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinə müvafiq olaraq 33,2 milyon (otuz üç milyon iki yüz min) manat və 3,6 milyon (üç milyon altı yüz min) manat olmaqla, cəmi 36,8 milyon (otuz altı milyon səkkiz yüz min) manat vəsait ayrılsın”.

Bunlar gündəlik sərəncamlardandır. Düzdür, məbləğ bir qədər çoxdur, ancaq İlham Əliyev hər hansı rayona, kəndə, obyektə gedib-gələndən sonra bu tipli sərəncamlar verir. Həmin sərəncamlarla büdcə vəsaiti hansısa işin “sürətləndirilməsi”, “davam etdirilməsi”, məsələn, Bayraq Meydanının tikintisində olduğu kimi, “başa çatdırılmış işin tamamlanması üçün” (sərəncamda elə belə də yazılmışdı) ayrılır. Ancaq budəfəki ayırmanı maraqlı edən elə İlham Əliyevin bu il yanvarın 10-da Nazirlər Kabinetinin iclasındakı çıxışıdır. Həmin çıxışında o, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinin gedişində meydana çıxan problemlərdən danışmışdı, arada barmaq da silkələmişdi (bəzi saytlar belə yazmışdı). Onun sözlərinə görə, tikintinin birinci mərhələsinin başa çatması ilə bağlı qrafikə əməl olunmayıb. Ona görə prezident bir qədər qəzəblənmişdi və limanda işlərin birinci mərhələsinin tikintisinin bu il başa çatmalı olduğunu demişdi:

“Həm bütün infrastruktur, tikinti işləri, o cümlədən avadanlıq, bütün bu tədbirlər dövlət investisiya proqramında nəzərdə tutulur və icra ediləcək. Sadəcə olaraq, bu layihənin podratçıları da öz məsuliyyətini dərk etməlidirlər. İl ərzində bu məsələ ilə bağlı mənim böyük iradlarım olub, hökumət üzvləri bunu bilir. Bəzi icraçılar bu məsələyə çox laqeyd yanaşmışlar, baxmayaraq ki, dövlət vəsaiti ayrılıb, 2016-cı ildə o vəsaitdən tam istifadə edilməyib. Bu, dözülməzdir. Ona görə, əgər o məsuliyyəti dərk etmirlərsə, əgər dövlətin verdiyi sifarişi yerinə yetirməyə laqeydlik göstərirlərsə, bundan sonra dövlət sifarişlərindən məhrum ediləcəklər, qoy bunu bilsinlər. Ona görə, bu ilin payızına qədər Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsi bütün avadanlıqlarla, kranlarla təmin edilməlidir, əks halda özlərindən küssünlər».

İlham Əliyev həmin limanda
İlham Əliyev həmin limanda

Belə ünvansız ciddi xəbərdarlıq olmuşdu. Prezidentin konkret kimi, yaxud hansı şirkəti nəzərdə tutduğu anlaşılmırdı. Hər halda oxucu və tamaşaçı kimi bizə aydın deyildi, Nazirlər Kabinetinin iclasında iştirak edənlərçünsə, görünür, hər şey bəlliydi. Çünki prezident “İl ərzində bu məsələ ilə bağlı mənim böyük iradlarım olub, hökumət üzvləri bunu bilir” sözlərini də işlətmişdi. Biz sonradan, aparılan araşdırmalar nəticəsində bütün iradların “Evrascon” ASC şirkətinə olduğunu bildik.

“Nəqliyyat Nazirliyinin rəsmi saytında göstərildiyi kimi liman kompleksinin 400 hektarlıq ərazisinin tikintiyə hazırlanması, habelə Bakı-Ələt-Gürcüstan sərhədi magistral avtomobil yolu ilə liman kompleksini birləşdirən yol infrastrukturunun layihələndirilməsi və tikintisi “Evrascon” ASC şirkəti tərəfindən yerinə yetirilib. Eyni zamanda, yeni liman kompleksinin quru hissəsində tikinti, malların təchizatı və quraşdırılması üzrə işlər və xidmətlər də “Evrascon” ASC tərəfindən aparılmaqdadır” (Virtualaz.org). Bu da araşdırmaların sonucu olaraq ortaya çıxmışdı.

Nədənsə prezident ad çəkməyi gərəkli saymamışdı. Ancaq “Evrascon” ASC-nin

saytıyla

 tanışlıqdan sonra ad çəkilməməsinin anlaşılan olduğunu qəbul etməkdən başqa çarə qalmır. Saytın Layihələr bölməsində bu şirkətin gördüyü (yerli və beynəlxalq) işlərlə bağlı məlumatlar yerləşdirilib. Onlarla tanışlıqdan sonra düşünürük ki, siz də prezidenti başa düşəcəksiniz.

– Ələt-Astara avtomobil yolunun 55 km-də Kür çayı üzərində körpünün tikintisi,

– Tankova küçəsindən Puşkin (4,8 km) küçəsinin ərazisinə kimi maşın yolunun tikilməsi,

– Böyük Kazan dairəsi (26.9 km),

– Heydər Əliyev prospektində iki xətli dəmiryolu körpüsünün layihələndirilməsi,

– Pirallahı avtomobilyolu körpüsünün tikintisi,

– Zdvij çayı üzərindən körpünün tikintisi km 51+845,08,

– Saloğlu-Poylu dəmiryol stansiyanın 73 kilometrliyində Kür çayının üzərində dəmiryol körpü keçidinin tikintisi,

– Primorsk bulvarında «Biznes Mərkəzi»nin tikintisi, Bakı şəhəri,

– Bulvar istirahət zonasında «Bayraq qülləsi»nin tikintisi (artıq bir neçə gündür sökülən qüllədən söhbət gedir),

– Bakı şəhərində Heydər Əliyev adına Mərkəzin tikintisi,

– Almalı qəsəbəsində (Qazaxıstan Respublikası) yaşayış binasının inşası. Dayaqların quraşdırma işləri,

– Bakı şəhərində, Koroğlu metro stansiyasının yaxınlığında yerləşən nəqliyyat qovşağının tikintisi,

– Kiyev vilayəti ərazisində M-06 Kiyev-Çop avtomobil yolunun km 21+767-də yerləşən müxtəlif səviyyəli yol qovşaqlarının tikintisi,

– Ukraynada M06 Kiyev-Çop avtomobil yolunun yenidənqurulması və 2 yol qovşağının tikintisi. L=26km,

– 16-mərtəbəli bir bloklu yaşayış binasının tikintisi,

– 20 yanvar dairəsində yolötürücüsü,

– Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı…

Layihələr çoxdur, təkcə saytda yerləşdirilənlərin sayı 41-dir. Hamısı da bahalı layihələr. Belə nəhəng işlərə imza atan şirkətin adını çəkmək də, onun tənqidi də həqiqətən böyük cəsarət tələb edir. Düzgün seçim onları işə laqeyd yanaşmada, məsuliyyəti dərk etməməkdə qınamaqdır. Çox da dərinə getmək olmaz. Əslində, prezidentin “…əgər o məsuliyyəti dərk etmirlərsə, əgər dövlətin verdiyi sifarişi yerinə yetirməyə laqeydlik göstərirlərsə, bundan sonra dövlət sifarişlərindən məhrum ediləcəklər, qoy bunu bilsinlər” sözləri bir qədər sərtdir.

Avqustun 2-də verilən sərəncamınsa bu sərtliyi azacıq da olsa yumşaltmağa xidmət etdiyini düşünmək olar. Prezidentin NK-nın yığıncağında bu şirkətə iradı 2016-cı ildə ayrılan pulu xərcləməməsiylə bağlıydı. Bu kimi ciddi iraddan sonra birdən-birə 30 milyon manat, həm də sərəncamlarda az təsadüf olunan mənbədən (Prezidentin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən) ayırması maraqlıdır. Ehtimal etmək olar ki, iraddan ciddi nəticə çıxarıb həmin vəsaiti tez-tələsik xərcləyiblər ki, 7 aydan sonra bu məbləğdə sərəncamın verilməsinə nail olublar.

“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası

Qanununda

 həmin bənd belədir:

1.14.3.3.9.

İslahatlarla bağlı xərclər

697 000 000,0

697 000 000,0

Açığı, dəqiq bilmirəm Liman tikintisinin islahatlara dəxli var, yoxsa yox.

P.S.Dövlət başçısının 2007-ci ildə imzaladığı Sərəncama uyğun olaraq Nəqliyyat Nazirliyinin sifarişi ilə Niderland Krallığının “Royal Haskoning” şirkəti limanın baş planını və layihəsini hazırlayıb. 2010-cu il noyabrın 3-də Prezident İlham Əliyev yeni limanın təməlini qoyub.

Yeni limanın tikintisi üçün 400 hektar ərazi ayrılıb. Limanın akvatoriyasında dərinləşdirmə işlərini Niderland Krallığının “Van Oord” şirkəti həyata keçirib. Həmin qurum uzunluğu 7,5 kilometr, eni 160 metr, dərinliyi 7 metr və dönmə dairəsinin diametri 450 metr olan giriş-çıxış kanalı tikib.

Liman ərazisinin quru hissəsinin tikintiyə hazırlanması və Bakı-Ələt magistral avtomobil yolu ilə liman kompleksini birləşdirən yol infrastrukturunun layihələndirilməsini və tikintisini, avadanlıqların təchizatı və quraşdırılmasını “EvrAsKon” şirkəti reallaşdırıb.

Avro-Asiya İnşaat Korporasiyası «EVRASCON» (keçmiş “Azərkörpü”) 1968-ci ildə Bakı şəhərində SSRİ Nəqliyyat Tikintisi Nazirliyinin nəzdində yaranıb, «Körpütikintidəstəsi-100» kimi başlayıb. 2001-ci ildə keçirilən özəlləşdirmə nəticəsində şirkət səhmdar cəmiyyət statusunu alıb. 2013-cü ildə “Azərkörpü” Açıq Səhmdar Cəmiyyətində keçirilmiş rebrendinq nəticəsində şirkət öz adını Avro-Asiya İnşaat Korporasiyası «EVRASCON» adı ilə əvəzləyib.

Ana səhifəAnalitikaİlham Əliyev əl silkələdiyi şirkətə milyonlar ayırdı