Elxan Şahinoğlu: ”Qırğızıstan FETÖ məktəblərini ya qapatmalı, ya da İKT-dəki statusunu dəyişməlidir”
Oktyabrın 19-da Səudiyyə Ərəbistanının Ciddə şəhərində toplanan İslam Konfransı Təşkilatı (İKT) 15 iyul hərbi çevrilişi cəhdindən sonra FETÖ-nü terror təşkilatı elan edib.
İKT üzvü dövlətlərin xarici işlər nazirlərinin keçirdiyi 43-cü sessiyasında çıxarılan bu qərara Misir etiraz edib.
İKT-nin qərarını Meydan TV-yə şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, İslam Konfransı Təşkilatının FETÖ-nü terrorçu təşkilat elan etməsi bir xüsusi məqamı gündəmə gətirir: “Bu, o deməkdir ki, qurumun bütün üzvləri avtomatik olaraq eyni mövqedən çıxış etməlidir. Amma bütün üzvlərin eyni mövqedən çıxış edəcəyi şübhə doğurur. Məsələn, 15 iyul dövlət çevrilişinə cəhddən sonra Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bir çox ölkəyə FETÖ-nün məktəblərinin qapadılması, onların adamlarının ölkədən çıxarılması haqda müraciət etdi. Qırğızıstan bu müraciətə sərt məzmunda cavab verdi. Qırğızıstanın İslam Konfransı Təşkilatının üzvü olduğu məlumdur. İndi Bişkək İKT-yə dəstək verəcəkmi? Qırğızıstan FETÖ məktəblərini ya qapatmalı, ya da İKT-dəki statusunu dəyişməlidir. Yaxud Qazaxıstan prezidenti Nursultan Nazarbəyov Ankara səfəri zamanı açıq şəkildə dəstək vermədi, dedi ki, komissiya yaradacaqlar və araşdıracaqlar. Əgər həmin məktəblərin Fətullah Gülənlə əlaqəsi olsa, müvafiq qərar qəbul edəcəklər”.
Azərbaycana gəldikdə, mərkəz rəhbəri Bakının müəyyən addımlar atdığını deyib: “Türkiyə rəsmilərinin son açıqlamalarına baxdıqda, müəyyən razılıq da ifadə edilir. Ancaq Azərbaycandakı müəyyən mərkəzlərin, kursların, məktəblərin, universitetlərin statusu dəyişsə də, mahiyyəti dəyişməyib. İkinci, gülənçilərin nəzarətində böyük maliyyə var idi, bu vəsaitlərin taleyi necə oldu və hansı şəkildə nəzarətdədir, bax, suallar açıq qalır. Üçüncü, bugünlərdə rəsmi Bakının müraciətindən sonra Ankara siyahı göndərmişdi, hətta daxili işlər naziri Ramil Usubov bununla bağlı Türkiyəyə səfər də etmişdi. O, Türkiyəyə tam dəstək verəcəyini də bildirmişdi. Həmin hesabatın taleyi necə oldu və kimlərin adı yer almışdı, Azərbaycan İslam Konfransı Təşkilatının qərarına uyğun olaraq bu istiqamətdə daha çox addım atmalıdır”.
Elxan Şahinoğlu düşünmür ki, İKT-nin qərarından sonra Avropa dövlətləri və Amerika tərəfindən Fətullah Gülən, yaxud onun mərkəzləri haqda ciddi addımlar atılacaq: “Almaniyada Gülənin çox güclü mövqeyi, məktəbləri, mərkəzləri var. Berlin heç birini qapatmayıb. ABŞ-da da xeyli sayda mərkəz və kurslar var, üstəlik Güləni ekstradisiya etmək belə istəmir. Halbuki, Ankara və Vaşinqton strateji tərəfdaşdır. Amerika məhkəmə qərarının vacibliyini vurğulayır, ancaq ötən əsrin 80-ci illərində hər iki ölkə arasındakı razılaşmaya görə məhkəmə qərarı olmadan da şübhəli bilinən şəxsləri bir-birinə təhvil verə bilərlər. Bu mənada prezident Ərdoğanın “hər dəfə Amerika bizdən şübhəli bildiyi şəxsləri istəyəndə, məhkəmə hökmü olmadan təhvil veririk” açıqlamasını təsadüfi saymayın. Türkiyə Amerikanın Güləni asanlıqla təhvil verməyəcəyini bilir. Ona görə ikinci tələb səsləndirir, “heç olmasa, Güləni ev həbsinə alın” – deyir. Vaşinqton bunu da etməyə tələsmir. Ona görə də Qərb dövlətlərilə Ankaraya tərəfdaş ölkələrin bu məsələyə fərqli mövqeyi ortaya çıxır”.