III Sevil: Qadınları sərhədləyən stereotiplərlə bağlı film festivalı

Mənbə: Sevil BQSFF

Festivalı Bakı, Şəki və Lənkəranda təşkil olunacaq

Azərbaycanda avqustun 13-dən 20-dək III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı keçiriləcək.

Müstəqil, regional sənədli film festivalı eyni anda həm Bakıda, həm də Şəki və Lənkəranda təşkil olunacaq.

Festival proqramı çərçivəsində nümayiş olunan filmlər gender məsələlərinə toxunur.

“Sizdən bizə kim düşə?” şüarı ilə keçirilən builki festivalın mövzusu qadınları sərhədləyən stereotiplərlə bağlıdır.

Tədbirin keçirilməsində məqsəd sənədli filmlər və müzakirələr vasitəsilə gender məsələlərini Azərbaycanda diqqət mərkəzində saxlamaqdır.

Seçki komissiyası tərəfindən seçilən filmlər, “Ən yaxşı tammetrajlı film”, “Ən yaxşı qısametrajlı sənədli film” və “Yerli sənədli film” kateqoriyası üzrə yarışacaqlar.

Festivalın proqramına həmçinin çoxsaylı yerli və beynəlxalq filmlərin nümayişi, ustad dərslərinin keçirilməsi, müzakirələr keçiriləcək.

Festivalda xarici ölkələrdən olan kinematoqrafçıların iştirakı da gözlənilir.

Təşkilatçıların bildirdiyinə görə, proqramın bütün filmləri orijinalda nümayuş olunacaq.

Azərbaycan dilində titrlər olacaq.

Festivalın təşkilatçılıq işlərində əməkdaşlıq üçün hər üç şəhərdən gənclər cəlb edilib.

Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı (Sevil BQSFF) 2022-ci il proqramı çərçivəsində Almaniyanın “goEast” film festivalı ilə əməkdaşlığa başlayıb.

Bu əməkdaşlıq çərçivəsində “Sevilfest”in builki qalib rejissoru “goEast” tərəfindən təşkil edilən “East-West Talent Lab”da iştirak haqqı qazanacaq.

Sevil Film Festivalı 2020-ci ilin sentyabrından keçirilməyə başlayıb.

Festival müstəqil Sevil-BQSFF yerli sənədli film sahəsinin inkişafına töhfə vermək, bu sahə üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaqdır.

Eyni zamanda, yeni yerli sənədli filmlərin, eləcə də, beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etmək, filmlər vasitəsilə gender məsələlərinə diqqət çəkməkdir.

“Sevil” adı Azərbaycanda qadın azadlığını təmsil edən Cəfər Cabbarlının Sevil pyesindən götürülüb.

Ana səhifəMədəniyyətIII Sevil: Qadınları sərhədləyən stereotiplərlə bağlı film festivalı