Demokratik Təşəbbüslər İnstitutu

Mənbə: meydan tv

Başlıq: Demokratik Təşəbbüslər İnstitutu

İDİ: 7 ildə inzibati həbslərin sayı 2 dəfədən çox artıb

Həbslərin 90 faizə qədəri polisə müqavimət ittihamı ilə həyata keçirilib

2011-2018-ci illərdə inzibati həbslərin sayı 3299 nəfərdən 8449 nəfərə çatıb. Yəni 2 dəfədən çox artıb. 2018-ci ildəki 8449 həbsin 78-i siyasi motivli olub.

Bu barədə Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) hesabatında bildirilir.

İnstitut siyasi motivli inzibati həbsə məruz qalmış 15 şəxsdən aldığı müsahibələr əsasında inzibati həbslərdə pis rəftar və saxlanma yerlərinin vəziyyəti ilə bağlı analiz aparıb. Analiz nəticəsində müəyyən olunub ki, həbs edilən şəxslər polisdə olarkən pis rəftara, saxlanma yerlərində sözlü təzyiqlərə məruz qalıblar. Onlara az qida verilib, sanitariya qaydalarına əməl olunmayıb.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dərc etdiyi statistikaya əsasən, 2011-2018-ci illər arasında inzibati həbslərin sayında 2 dəfədən çox artım olub. 2011-ci ildə inzibati məsuliyyətə cəlb edilmiş 28,026 şəxsdən 3,299-u, 2018-ci ildə 62,110 şəxsdən 8,449 şəxs inzibati həbsə məruz qalıb. Bu 8,449 şəxsin ən azı 78-nin siyasi motivlərlə həbs olunduğu faktlarla təsdiq olunub.

İnstitut hesab edir ki, siyasi motivli həbslərin sayı 78-dən yüksəkdir.

Hesabatda o da bildirilir ki, son 2 ildə ictimai fəalların məruz qaldığı inzibati həbslərin 90 faizə qədəri polisə müqavimət ittihamı ilə həyata keçirilib. 20 oktyabr 2017-ci il tarixli dəyişikliyə əsasən, 227-ci maddədəki, “Xırda talama”ya görə nəzərdə tutulan “iki ayadək” inzibati həbs cəzası “üç ayadək” həbs ilə əvəz edilib:

“Bundan əlavə, 14 may 2013-cü il dəyişikliyə əsasən, əvəllər maksimum həbs müddəti 15 gün idisə, indi bu müddət 90 günə qədər artırılıb. Eyni dəyişikliyə görə, 68-ci maddədəki 15 günədək həbs cəzası 2 ayadək həbslə əvəz olunub”.

İnstitut hesab edir ki, inzibati həbslərdə saxlanma yerləri də tələb olunan standartlara cavab vermir. Saxlanan şəxslər polisin fiziki və psixoloji zorakılığına məruz qalırlar:

“Digər tərəfdən onlar vəkillə təmin olunmur, dövlət tərəfindən təqdim edilən vəkillər birbaşa istintaq orqanlarının sifarişini yerinə yetirir. Onlara oxumaq üçün gündəlik qəzet verilmir, tibbi müayinələr normal aparılmır. Telefon və görüşə icazə verilmir. Bəzi hallarda isə saxlanılan şəxslər hətta işgəncələrə məruz qalır”.

Bundan əlavə, hesabatda o da deyilir ki, inzibati həbsə məruz qalanlar heç bir əsas olmadan polis bölmələrinə aparılır, ədalətli araşdırma olmadan polislərin rəyinə əsasən, məhkəmələr qərar çıxarıb onları inzibati həbsə məhkum edirlər. Məhkəmələr bir qayda olaraq hüquq-mühafizə orqanlarının rəylərini etibarlı hesab edir:

“İşgəncə və pis rəftarla bağlı şübhəli, təqsirləndirilən şəxslər, o cümlədən inzibati həbs cəzasına məhkum edilən şəxslərdən gələn çoxsaylı şikayət və iddialara baxmayaraq, bu iddialar nə yuxarı hüquq-mühafizə orqanlarında, nə də məhkəmələrdə obyektiv araşdırılmır".

İnstitut bildirir ki, Azərbaycan İnsan Hüquqları Müvəkkilinin illik hesabatlarında da işgəncə iddialarına nəinki toxunulmur, hətta hüquq-mühafizə orqanlarında, müvəqqəti saxlanma yerlərində, təcridxana və həbsxanalarda işgəncə və digər pis rəftar hallarının baş vermədiyi iddia edilir.

Hesabatda bildirilir ki, siyasi motivli inzibati həbsə məruz qalmış şəxslər müvəqqəti saxlanılan zaman onlara qarşı fiziki və psixoloji təzyiqlər olub:

“Təcridxanada saxlanılan zaman onların hüquqları qanunvericiliyə uyğun şəkildə qorunmayıb. İnzibati həbs zamanı onların üzləşdiyi əsas problemlər keyfiyyətsiz qida, hamamdan istifadə etməmə, gün ərzində yatmaq qadağası və s. problemlər olub”.

Demokratik Təşəbbüslər İnstitutu bildirir ki, ictimai fəallar hər hansı bir inzibati xətaya yol verdiklərinə görə deyil, ictimai və siyasi fəaliyyətinə görə inzibati həbsə məruz qalırlar. Bu inzibati həbslər siyasi motivli olub, ədalətli məhkəmə araşdırması olmadan, adekvat müdafiə ilə təmin edilmədən, polislərin ifadələrinə əsaslanmaqla yerli məhkəmələrin qərarı ilə tətbiq edilir:

"Bu cür inzibati həbslər demokratik cəmiyyətdə ifadə, sərbəst toplaşmaq və birləşmək azadlıqlarını sarsıdır. Bu da hüquq və azadlıqlardan istifadənin çərçivəsinin daralmasına gətirib çıxarır. Bundan əlavə, yerli məhkəmələrdə proseslər qısa müddət davam edir ki, bu da barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxslə öz müdafiəsini effektiv qurmaq imkanından məhrum edir".

İnstitut deyir ki, məhkəmələrdə həm də dövlət ittihamçısının iştirak etməməsi proseslərin Avropa Konvensiyası stantartlarına uyğun gəlmədiyinin örnəyidir:

"Belə ki, inzibati işlərdə dövlət ittihamçısı iştirak etmədiyi üçün dövlət ittihamını da hakim müdafiə edir ki, bu da məhkəmənin ədalətlilik prinsipini pozur. Azərbaycandan Avropa Məhkəməsinə göndərilən ərizələr içərisində siyasi motivli inzibati həbslərdən verilən şikayətlər üstünlük təşkil edir. Avropa Məhkəməsinə göndərilən siyasi motivli inzibati həbslər üzrə şikayətlər üzrə Avropa Məhkəməsi indiyə qədər 21 qərar verib ki, onların demək olar, hamısında məhkəmə belə müəyyən edib ki, inzibati həbslər mitinqlərdə iştirak edən və ya etmək istəyən fəalların qarşısını almaq məqsədilə həyata keçirilib.

İnzibati xətalarla bağlı cəzalar siyasəti çox sərtdir. Statisikaya əsasən, şübhəli şəkildə xəbərdarlıq növündə tənbeh növünün tətbiqi azalıb. Polisin qanuni tələblərinə tabe olunmaması kimi inzibati xətanın açıq üstünlük təşkil etməsi ya polislə vətəndaşlar arasında etimad münasibətinin olmaması, ya da polisin bu maddədən sui-istifadə etməsinin göstəricisidir".

İnstitut bildirir ki, 2013-cü ildə İnzibati Xətalar Məcəlləsinə sərt dəyişikliklər edilməsinə baxmayaraq, inzibati həbslərin sayında azalma yox, artım olub:

“Siyasi motivli inzibati həbsə məruz qalanların qarşılaşdığı başqa bir problem saxlanılıdıqdan sonra da pis rəftara məruz qalmalarıdır. Keçirilən intervyular nəticəsində bəlli olub ki, inzibati həbsə məruz qalanlar saxlanıldıqdan sonra polis bölmələrində, cəza təyin edildikdən sonra isə müvəqəti saxlanma yerlərində, xüsusilə Binəqədi Saxlanma Təcridxanasında pis rəftara məruz qalıblar. Belə ki, onlara mitinq və toplantılarda iştirak etməmək üçün fiziki və psixoloji təzyiq edilib, standartlara cavab verməyən, nəm və soyuq yerlərdə saxlanılıb, bəzi hallarda yataqla təmin edilməyiblər. Onlara cəza müddətində kənardan yemək gətirilməsi qadağan edilib".

Bütün bunları nəzərə alaraq, Demokratik Təşəbbüslər İnstitutu bəzi tövsiyələr hazırlayıb:

- İnzibati həbslərlə bağlı qanunvericiliyin sərtləşdirilməsi məsələni həll etmədiyi üçün, daha yumşaq vasitələrdən istifadə olunmalıdır. Məsələn, inzibati tənbeh növü kimi xəbərdarlıq daha çox istifadə oluna bilər.

- Polis ilə vətəndaşlar arasında etimad yaradılması üçün polis orqanlarında əsaslı islahat aparılmalıdır.

- Bu cür hallarda hüquq və azadlıqların qorunması, ədalətli məhkəmə prinsipləri Avropa Konvensiyasının tələblərinə uyğun hala gətirilməlidir.

- İnzibati həbslərdən siyasi təzyiq vasitəsi kimi istifadə olunmasına son qoyulmalıdır.

- İnsanlar siyasi fəaliyyətinə, mitinqlərdə iştirak etməyinə görə polis idarələrinə çağırılmamalıdır, saxlanılanların dərhal vəkilləri və ailəsi ilə əlaqə yaratmasına şərait yaradılmalıdır.

- Saxlanılanlara qarşı fiziki və psixoloji təzyiqlərə son qoyulmalıdır, saxlanma yerlərinin vəziyyəti və yeməklərin vəziyyəti yaxşılaşdırılmalıdır, onlar adekvat yataqla təmin edilməlidir, onların saxlanma şəraiti minimum standartlara cavab verməlidir.

- Məhkəmə zamanı bütün proseslər ədalətli araşdırılmalı və adekvat qərar çıxarılmalıdır.

- İnzibati həbslər zamanı Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklər yerinə yetirilməlidir.

- İşgəncə və pis rəftara yol verən polis və digər məsul şəxslərə qarşı cinayət təqibi başlanmalı və bütün faktlar ədalətli araşdırılmalıdır;

- Ombudsmanın əsas fəaliyyətləri arasında olduğuna görə onun işgəncə və pis rəftar faktlarına dair ayrıca hesabatda bölmə olmalı, ictimai qaydada yayılan bütün işgəncə xəbərlərinə mövqe bildirilməli, məsul şəxslərin məsuliyyətə cəlb edilməsi tələbi aydın ifadə edilməlidir.

- AİHM-in qərarlarında nəzərdə tutulan qanunvericiliklə və praktika ilə bağlı məsələlər Konvensiyanın 46-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq dərhal yerinə yetirilməlidir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/byigfs

Ən çox baxılan