“House of Cards” serialının yaradıcısı Buçaya gedib

Bo Uillimon. Foto: “deadline.com”

Həyatımda ilk dəfədir ki, müharibəyə bu qədər yaxınam”

“House of Cards” (“Kartlar Evi”) siyasi triller serialının icraçı prodüseri və ssenari müəllifi Bo Uillimon Ukraynaya səfər edib.

Amerikalı dramaturq Rusiyanın hərbi müdaxiləsi nəticəsində dağılmış Borodyanka və Buçada sənədli film çəkəcəyini deyib.

“Film işğalla üzləşmiş dinc sakinlərin həyatını əks etdirəcək. Tamaşaçıya bu insanların münaqişə zamanı yaşadıqları anlar, sağ qalmaq uğrunda mübarizələri göstəriləcək. 44 yaşımda ilk dəfədir ki, müharibəyə bu qədər yaxın oluram”, – Uillmon əlavə edib.

“Kartlar Evi” serialı ilk dəfə 2013-cü ildə “Netflix”də təqdim olunub.

Serialdakı siyasi hadisələr Vaşinqtonda baş verir.

Rusiya-Ukrayna hərbi münaqişəsi haqqında amerikalı aktyor Şon Penn də sənədli film çəkir.

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Həmin tarixdən etibarən Avropa İttifaqı ölkələri, həmçinin Böyük Britaniya, ABŞ, Kanada və digər ölkələr Rusiyaya müxtəlif sanksiyalar tətbiq edir.

Maliyyə sanksiyaları əsasən oliqarxlara, yüksək rütbəli hərbçilərin hesablarına, dövlət məmurlarına, prezidentə, onun köməkçisinə, nazirlərə qoyulan qadağalardır.

Bütün bu sanksiyaların səbəbi Rusiyanın Ukraynaya hərbi müdaxilə etməsidir.

Məqsəd müharibənin maliyyələşdirilməsinin dayandırılmasıdır. Həmçinin bir sıra beynəlxalq musiqi, film şirkətləri, o cümlədən, teatrlar, kinostudiyalar Rusiya və sənətçiləri ilə əməkdaşlığı dayandırıb.

Ana səhifəMədəniyyət“House of Cards” serialının yaradıcısı Buçaya gedib