Hökumət xarici valyutada kredit götürənlərə dəstək verməyəcək

Samir Şərifov: ”Biz hər iki tərəf üçün, həm əmanətçi və kredit borcu olanlar üçün narahatıq, lakin biz bunlardan birinə yardım etdik, digər tərəfə yardım etmək dövlətə çətin olacaq”

Source:


Samir Şərifov: ”Biz hər iki tərəf üçün, həm əmanətçi və kredit borcu olanlar üçün narahatıq, lakin biz bunlardan birinə yardım etdik, digər tərəfə yardım etmək dövlətə çətin olacaq”


“Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Şübhəsiz ki, bazar iqtisadiyyatı prinsiplərinə uyğun manatın məzənnəsi öz yerini tapacaq. Bu gün Mərkəzi Bank bu prosesi yaxından izləyir, lazım gəldikdə müdaxilələr edir”.

“APA-Economics” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.

Nazirin sözlərinə görə, manatın fundamental məzənnəsinin tapılması üçün ölkəyə daxilolmalar və çıxarılan vəsait arasında tarazlıq olmalıdır: “Bu tarazlıq baş verdikdə manat öz ədalətli məzənnəsini tapacaq. Hal-hazırda ölkəyə valyuta daxilolmaları bir qədər azalıb. Buna baxmayaraq, Mərkəzi Bankın xətti ilə keçirilən iki devalvasiya nəticəsində manatın məzənnəsinin ədalətli məcraya yönəltmək istiqamətində işlər görmək mümkün olub. Bu proses bir neçə faktordan asılıdır. Bizim əsas ixrac məhsulumuz olan neftin qiyməti manatın məzənnəsinə təsir edir. Biz çalışmalıyıq ki, idxal əməliyyatlarımız azalsın. Digər tərəfdən, biz ölkəyə daha çox valyutanın daxil olmasına çalışmalıyıq. Bizim ənənəvi ixrac məhsulumuz olan neftlə yanaşı, yeni rəqabətqabiliyyətli məhsulların xarici bazarlara çıxarılmasına çalışmalıyıq. Bu vəzifələr tədricən həll olunduqca, manat nəinki ədalətli məzənnəsini tapacaq, hətta möhkəmlənəcək”.

Maliyyə naziri Samir Şərifov deyib ki, hökumət bank sektorunda baş vermiş problemlərlə əlaqədar bir sıra tədbirlər görüb və görməkdədir. Bu tədbirlərdən biri banklarda əmanəti olan əmanətçilərin maraqlarının qorunmasıdır: “Bilirsiniz ki, “Əmanətlərin tam sığortalanması haqqında” qanun qəbul olundu və qüvvəyə mindi. Onu da bilirsiniz ki, Əmanətlərin Sığortalanması Fondunda vəsait çatmadıqda, belə hallar artıq baş verib, Mərkəzi Bank bu fonda kredit verib və o kreditə dövlət zəmanəti təqdim olunub. Dövlət zəmanəti vermək üçün Maliyyə Nazirliyinə səlahiyyət verilib. Bu da dövlətin əmanətçilərə verdiyi dəstəkdir. O ki qaldı xarici valyutada kreditləri olan şəxslərə dəstəyə, bu, borcalan və borcverən arasında olan münasibətlərə bağlıdır. Biz hər iki tərəf üçün, həm əmanətçi və kredit borcu olanlar üçün narahatıq, lakin biz bunlardan birinə yardım etdik, digər tərəfə yardım etmək dövlətə çətin olacaq. “Dövlət öhdəliyi öz üzərinə götürür” demək asandır. Lakin bunun üçün maliyyə imkanları olmalıdır. Biz anlamalıyıq ki, krediti borcu olan məhdud sayda insanların öhdəliyini bütün cəmiyyətin, yəni vergi ödəyicilərinin üzərinə qoyuruq”, – deyə nazir bildirib.

Nazirin fikirlərini Meydan TV-yə şərh edən iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda valyutalararası birja normal fəaliyyət göstərsəydi və ölkəyə onlarla, yüzlərlə şirkət valyuta gətirsəydi, manatın ədalətli məzənnəsi olardı:

Natiq Cəfərli foto Meydan TV

“Azərbaycanda üzən məzənnə və bazar iqtisadiyyatına uyğun olaraq məzənnə siyasəti olmayıb, məzənnə inzibati qaydada müəyyən olunur və bu gün də həmin yanaşma davam edir. Ona görə inzibati qaydada müəyyən olunan məznnədə ədalət prinsipi olmur. Hökumət qarşısına qoyduğu siyasəti həyata keçirmək üçün hansı məzənnəni uyğun görürsə, onu da tətbiq edəcək. Ədalətli və bazarın diktə etdiyi məzənnə Azərbaycan reallığında mümkün deyil. Hökumət və Mərkəzi Bank hansı strategiyanı seçəcəklərsə, ona uyğun olaraq manatın məzənnəsi müəyyən olunacaq. Həm də bazarda Neft Fondu və Mərkəzi Bankdan başqa oyunçuların da olmaması, ədalətli məzənnənin yaranmasına əsas maneələrdən biridir. Məsələn, Rusiyada 11 min şirkət xaricdə qazandığı valyutanı hər gün rubla çevirir və vergi, maaş öhdəliklərinin bu şəkildə ödəyir. Bir daha təkrar edirəm, Azərbaycan bazarında iki oyunçu olduğundan ədalətli məzənnə ola bilməz”.

Xarici valyutada kreditləri olan şəxslərə dəstək verilməyəcəyinə gəlincə, iqtisadçı naziri haqlı sayır:

“Valyuta kreditlərinin bağışlanması, yaxud ləğv olunması üçün mənbə yoxdursa, bunu necə etmək olar?! Ancaq Dövlət Neft Fondu, yaxud büdcə ola bilər, indiki şəraitdə isə bu qurumların da resursu yoxdur. Ona görə valyuta kreditlərilə bağlı məsələ həll olunmamış qalacaq. Amma bu amil də ikinci problem yaradacaq ki, problemli kreditlərin həcmi kifayət qədər artacaq. Onsuz da ilin ilk 9 ayında problemli kreditlər iki dəfə artıb. Hökumətin dəstəyi olmayacaqsa, bu artım daha sürətli olacaq”.

Ana səhifəAnalitikaHökumət xarici valyutada kredit götürənlərə dəstək verməyəcək