Gələn il Neft Fondundan büdcəyə cəmi 3.8 milyard dollar transfer olunacaq
Transferin ən yüksək məbləği 2013-cü ildə olmuşdu – 14.4 milyard dollar. Təxminən 4 dəfə azalma var. Həmişə Neft Fondunun büdcəyə transfertinə limit qoyulmasının tərəfdarı olmuşam. Amma təbiiki, bu, büdcə öhdəliklərinin, xüsusilə sosial öhdəliklərin artımını dondurmaq hesabına baş verməməlidir. 2017-ci lin proqnoz rəqəmlərinə baxsaq, 2013-cü ilə nisbətən dövlət büdcəsinin neft gəlirləri təxminən 7 milyard manat azalma var, amma həmin dövrə nəzərən qeyri-neft sektorundan yığım cəmi 1.5 milyard manat artır. Yəni dövlət büdcəsinin itirdiyi hər 4.5 manat neft gəlirinin cəmi 1 manatını qeyri-neft sektoru kompensasiyaedə bilir. Azalan gəlirlərə uyğun da xərclər ixtisar olunur. Nəticədə isə 2013-cü ilə nisbətən yaşayışın dəyəri ən azı 40-45 faiz bahalanır, amma büdcədən ödənən maaş, müavinət və pensiyaların məbləği elə 2013-ün səviyyəsində qalır.
Büdcə öhdəlikləri ixtisar olunur, gəlirlər inflyasiya tempinə uyğu nindeksasiya olunmur.
Bunun da daha pis nəticəsi: indi bizdə maaş və pensiyaların, adambaşına sosial xərclərin dollarla məbləği ovuc içi boyda saydığımız Gürcüstanda da xeyli azdır.
Hökumətin Neft Fondunu qoruması ölkənin strateji maraqlarını düşündüyündən yox, sırf hakimiyyət maraqlarından doğur. Hər kəs bir həqiqəti bilməlidir: siyasi hakimiyyətin dayanıqlılığı ilə Neft Fondunun aktivlərini həcmi arasında bir başa düz əlaqə var.
Canlı örnək: Beynəlxalq Banka təcili 1 milyard dollar lazımidi, heç kimə möhtac olmadan Neft Fondu köməyə çatdı.
Sabaha istənilən təcili valyuta ehtiyacları belə qarşılanacaq. Mərkəzi Bankın valyutaya ehtuyacı yaranacaq, hüquqi mexanizmləri dəyişməklə Fonddan Mərkəzi Banka ehtiyatlarının da transferi tapılacaq. Gələcəyi istər siyasi, istərsə də iqtisadi baxımdan doğru proqnozlaşdırmaq istəyirsinizsə, realist olmalı, obyektiv analiz aparılmalıdır. Hələlik ehtiyatların həcmi hökumətin özünü rahat hiss edə biləcəyi qədər kifayət edicidir. Amma bu reallığı da çılpaqlığı ilə demək lazımdır ki, korrupsiya hesabına xeyli əriyən ehtiyatları artıq hökumət insanların sosial baxımdan durumunun ağırlaşması hesabına nəinki qoruya, hətta artıra bilir. Artan ehtiyatlar hökumətin yerinə yetirmək istəmədiyi sosial öhdəliklərin dəyəridir…