Hesabat: Azərbaycanda gön-dəri sahəsi inkişafdan qalır

Foto: sosial şəbəkə

Təşkilat hesab edir ki, əsas problemlərdən biri də vergi və gömrük rüsumlarıdır

2012-ci ildə Azərbaycan dəri məhsulları istehsalından 29.6 milyon manat gəlir əldə edib.

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) hazırladığı hesabatda belə deyilir.

Ölkədə dəri məmulatlarının istehsalının dəyər ifadəsi həcmi 2005-ci ildən artmağa başlayıb.

2012-ci ildə ən yüksək həddə çatıb.

Hesabatda qeyd edilir ki, sonrakı dövrlərdə azalma tendensiyası müşahidə edilib və 2015-ci ildə 2007-ci ildən sonra ən aşağı həddə – 12.2 milyon manata düşüb.

“2016-cı ildən başlayaraq yenidən artım tendensiyası müşahidə edilib. 2018-ci ildə 26.1 milyon manata qədər yüksəlib. Sonrakı dövrlərdə qeyri-sabit tendensiya nümayiş edirib. Hazırda ölkədə 32 müəssisə və 186 fərdi sahibkar gön-dəri məmulatları, eləcə də, ayaqqabı istehsalı ilə məşğul olur”, – hesabat müəllifləri bildirir.

İDİ-nin araşdırmasından məlum olub ki, Azərbaycanda dəridən hazırlanmış müxtəlif növ məhsulların idxalına ən yüksək dərəcədə – 15 faiz idxal rüsumu tətbiq edilir.

Eyni zamanda, bu məhsullar idxal edildiyi zaman, 18 faiz əlavə dəyər vergisinə də cəlb olunurlar.

Vergi məcəlləsində, həmçinin ölkəyə gətirilən xəz dəri məmulatlarına topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinin 10 faizi məbləğində aksiz dərəcələri tətbiq edilməsi nəzərdə tutulur:

 “Bu baxımdan aydın olur ki, ölkəyə idxal edilən dəri məmulatlarının böyük hissəsindən həm gömrük, həm də vergi ödənişləri tutulur. Bu məqam, yerli istehsal üçün əlavə müqayisəli üstünlüklər qazandıra bilər”, – hesabatda bildirilir.

Foto: Demokratik Təşəbbüslər İnstitutu

Dəri istehsalının texnoloji mərhələlərinə gəlincə, İDİ bildirir ki, bu işdə ilkin prosesləri aparmaq üçün kadrlar, son mərhələlərdə isə ixtisaslı kadrların mövcudluğu xüsusi önəm daşıyır.

Dövlət Statistika Komitəsinin dərc etdirdiyi statistik müayinəyə əsasən, Azərbaycanda dəri və dəridən məmulatların, ayaqqabı istehsalının istehsal gücündən istifadə səviyyəsi 43.6 faizdir.

Qoyun və quzu dərilərinin istehsal gücündən istifadə göstəricisi isə 73 faizdir:

İstehsal gücünün az olmasının səbəblərindən biri avadanlıqların istehsal gücündən tam istifadə olunmamasıdır. İribuynuzlu qaramalın və atların növünə aid olan heyvanların dərilərinin (ədədlə) istehsalı sahəsində avadanlıqların köhnə olması (50%) və yüksək ixtisaslı (peşəkar) kadr çatışmazlığı əsas problemlər sırasındadır. Qoyun və quzu dəriləri sahəsində peşəkar kadrların çatışmazlığının təsiri isə 100 faizdir”.

 Araşdırma nəticəsində həmçinin o da məlum olub ki, ölkədə gön-dəri məmulatları sahəsində istifadə edilən avadanlıqların cəmi 31 faizinin istismar müddəti 5 ildən azdır.

Həmin avadanlıqların istismar müddətinə görə bölgüsü isə belədir:

5 ilədək- 31.3%
5-9 il arası – 30.1%
10-19 il arası – 36.9%
20 il və daha çox – 1.7%.

Sonda təşkilat tədiqatın əsas nəticələri və gön-dəri sənayesinin inkişaf etdirilməsi məqsədilə təkliflər təqdim edib:

Ölkəyə gətirilən dəri məmulatlarının keyfiyyətinə nəzarətin gücləndirilməsi;
Bu sahəyə investisiya cəlb edilməsi, xüsusilə xarici investorların marağını cəlb edəcək siyasətin təşkili;
Dəri xəstəliklərinin qarşısını almaq üçün lazımi tədbirlərin görülməsi;

İxrac, idxal uçotunun düzgün aparılması üçün mexanizmlərin inkişafı və ona nəzarətin gücləndirilməsi;
Müasir istehsal avadanlıqlarının sektorda geniş istifadə edilməsi və bunun üçün lazım olan dövlət dəstəyinin artırılması;

Elmi tədqiqatların istehsalat prosesinə tətbiq edilməsinin yüksəldilməsi.

Ana səhifəİqtisadiyyatHesabat: Azərbaycanda gön-dəri sahəsi inkişafdan qalır