Hədəfdəki prezident

Axtardığımız sual budur: FETÖ Azərbaycandamı, Türkiyədəmi daha güclüdür?

Source:

Turqut Özal, Elçibəy, Dəmirəl, foto: arxiv
Turqut Özal, Elçibəy, Dəmirəl, foto: arxiv


Axtardığımız sual budur: FETÖ Azərbaycandamı, Türkiyədəmi daha güclüdür?

Azərbaycan prezidenti seçilən Əbülfəz Elçibəy ilk xarici səfərini 24-27 iyun 1992-ci il tarixində Türkiyəyə etdi. Heyranı olduğu Atatürkü ziyarət etdi və şərəf dəftərinə bunları yazdı: “Başqa deyiləcək söz qalmayıb. Ən gözəlini sən dedin, nə mutlu, türkəm deyənə! Sənin əsgərin, Əbülfəz Elçibəy”. Türkiyə Böyük Millət Məclisində çıxış edən Elçibəy Atatürkün yolunda olacağını bildirdi. Baş nazir Süleyman Dəmirəllə görüşdü, yardımlar istədi, ala bilmədi..

Elçibəy 30-31 oktyabr tarixlərində yenə Türkiyəyə gəldi. Türkdilli Ölkələrin Zirvə Toplantısına qatıldıqdan sonra baş nazir Dəmirəllə görüşdü. Və yenə pul istədi, Ankara vermədi… Silah istədi, Ankara vermədi… Elçibəy: “Heç olmasa bir helikopter verin, cəbhədəki ölülərimizi daşıyaq” – dedi, Ankara onu belə vermədi!

Dəmirəl niyəsə Elçibəyə qarşı idi. Ankara ilə münasibətləri soyudan Bakının mərkəzinə Şah İsmayılın heykəlinin qoyulması idimi? Yoxsa Elçibəy irançı idimi? Xeyr, Atatürkün heykəlinin qoyulması işlərinə də başlanılmışdı. Kiril əlifbası yerinə latın əlifbasına keçilmişdi. Türkcə yazılması məcburiyyətinə keçilmişdi. Ancaq bunlara rəğmən Ankara Elçibəydən uzaq durmağı seçirdi. Ankara istəsəydi Azərbaycan neft və qazını Türkiyənin dəstəyi ilə yenidən çıxara bilər, dünya bazarlarına çıxarmağa kömək edə bilərdi. Amma Ankara istəksizdi, Elçibəyə qarşı soyuq idi..

Əliyev və Dəmirəl, foto arxiv
Əliyev və Dəmirəl, foto arxiv

BP (İngiltərə), Amoco (ABŞ), Pennzoil (ABŞ), Unocal (ABŞ), Exxon (ABŞ), McDermott (ABŞ), İtochu (Yaponya) Türk cumhuriyyətlərini sanki işğal edirdi və gözləri neft zəngini Azərbaycanda idi! Elçibəy tam bir azadlıq üçün dirənirdi, ordu üsyan etdi, Elçibəy dirənirdi. Türkiyə Azərbaycan torpaqlarını işğal edən Ermənistana elektrik çəkdi, Əlican gömrük-keçid məntəqəsini açıb, hər cür malın rahatca keçməsini təmin etdi. Türkiyə Ermənistan hava xəttini açdı və ən sonunda Ermənistanı tanıdı. Amma Elçibəy yenə də dirənirdi. Dəmirəlin icazəsi ilə Alparslan Türkeş yəhudi biznesmen Jak Kamhi ilə Azərbaycan neftinin Ermənistan üzərindən daşınması üçün lobbi qurmağa başladı. Arparslan Türkeş 13 mart 1993-cü ildə oğlu Torğulla Parisdə erməni lider Petrosyanla belə görüşdü. Elçibəy dirənirdi amma. CİA orta Asiyaya “yumşaq islam” adı altında camaatın vasitəsi ilə sızmağa başlamışdı. Mustafa Kamalın əsgəri Elçibəy yalnız qalmışdı.

Böyük oyun səhnədəydi. Hədəf Elçibəyin “kəlləsi” idi… Ermənilər təkrar hücuma keçdi, polkovnik Sürət Hüseynov “darbe” üçün bayraq açdı. Əlikram Hümbətovun rəhbərliyində bir qrup şəxs üsyana qalxdı. Elçibəy Dəmirəldən yardım istədi, Dəmirəlin cavabı qısa oldu: “Naxçıvandan Əliyevi gətirib Məclis sədri qoyarsan, o, işi həll edər”.

Çarəsiz Elçibəy Əliyevi Bakıya çağırdı. Hələ böyük oyunun fərqində deyildi. Hələ camaatı heç tanımırdı. FETÖ bu işlərin harasında idi, bilmirdi. Neftçilərin darbesi, Azərbaycanda doğru qəzet yox idi. Müharibədən pis günə düşən xalq, qapısının qarşısına pulsuz gətirilən “Zaman”dan öyrənirdi hadisələri. “Zaman” qəzeti manipulasiya ilə xalqı Əliyevin lehinə çevirirdi. Və nəticədə 9 iyunda Bakıya gələn Heydər Əliyevi “Zaman” qəzetindən olan qrup coşqu ilə qarşıladı.

Əliyev Milli Məclisin sədri təyin olundu. Və tez Sürət Hüseynovla razılığa gələrək Elçibəyə qarşı çevriliş etdilər. Ölkə iki yerə bölündü. Bir qisim Elçibəyin hələ də prezident olduğunu deyirdi. Və “Zaman” qəzeti yenə işə girdi, Əliyev tərəfdarları ilə görüşərək, Elçibəy əlehinə danışan kim varsa, baş xəbər kimi verdi. Əliyev prezident, Sürət Hüseynov baş nazir oldu. Əliyevin gördüyü ilk iş, Elçibəy zamanında bağlanmış bütün neft müqavilələrini 26 iyun 1993-cü il tarixində ləğv etmək oldu.

Arxasınca Heydər Əliyev SOCAR adlı neft şirkəti yaradaraq, başına İlham Əliyevi qoymaq oldu. Nə təsadüf idisə, erməni lider Petrosyanın arvadı yəhudi idi. Və iki ölkənin arasını düzəltmək istəyənlər də yəhudilər idi.

Sonda Azərbaycan nefti paylaşıldı: SOCAR (Azərbaycan) 20, BP (İngiltərə) 17.12, Amoco (ABŞ) 17.01, Lukoil (Rusiya) 10, Pennzoil (ABŞ) 9.82, Unocal (ABŞ) 9.52, Statoil (Norveç) 8.56, Mc Dermont (Şotlandiya) 2.45, Ramco (Şotlandiya) 2.08, TPAO (Türkiyə) 1.75, Delte Nimir (S. Ərəbistanı) 1.68 faiz pay götürdü.

“Əsrin müqaviləsi”nin arxasından 29 ticarət müqaviləsi bağlandı. 2000-ci ildə İngiltərənin məşhur “Sunday Times” qəzeti yazırdı: “Elçibəyi devirənlərin arxasında ingilis neft şirkəti BP və ABŞ-ın neft şirkəti Amoco var idi”. İngilis qəzeti FETÖ-nu unutmuşdu. Bu hissəni diqqətə almamışdılar: ingilis dilində tədris verəcəyi üçün camaatın məktəblərinə icazə verməyən Elçibəy idi, Heydər Əliyev isə prezident olan kimi camaat bütün rayonlarda kurslar və liseylər açmışdı.

Bu məktəblərdən məzun olan tələbələr bu gün Azərbaycanda nə edir? Əliyev tərəfindən “dövlət medalı” ilə təltifləndirilən FETÖ bu ölkədə nə qədər güclüdür?.. Sabaha qaldı..

Mənbə:

Sözcü qəzeti



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəHədəfdəki prezident