Vəkil: “Həbsdə olanların saxlanma şəraiti ilə bağlı qaydalara dövlət orqanları tərəfindən əməl edilməsi zəruridir”
Polisi döyməkdə ittiham olunaraq həbs edilən deputat Eldəniz Səlimov Kürdəxanı qəsəbəsindəki Bakı İstintaq Təcridxanasında kamerada daha 7 nəfərlə birlikdə saxlanılır. Həmin 7 nəfərdən biri də Müsəlman Birliyi Hərəkatının üzvü, “Facebook” hesabında “İlham Əliyev, xalq səni sevmir” yazandan bir neçə gün sonra narkotik ittihamıyla həbs olunan Razi Hümbətovdur.
Bu barədə Meydan TV-yə Razi Hümbətovun vəkili Cavad Cavadov məlumat verib. Vəkil avqustun 11-də Bakı İstintaq Təcridxanasında müvəkkili ilə görüşüb.
“Kamerada səkkiz nəfər saxlanılır. Kamera yoldaşlarından biri də deputat Eldəniz Səlimovdur. Razi Hümbətov kameranın sahəsini dəqiq deyə bilmədiyinə görə bunun qaydalara uyğun olub-olmadığını araşdırmasız deyə bilmərəm. Lakin düşünürəm ki, yenə də adam sayı çoxdur. Həbsdə olanların saxlanma şəraiti ilə bağlı qaydalara dövlət orqanları tərəfindən əməl edilməsi zəruridir”, – vəkil bildirib.
Razi Hümbətov iyulun 7-də yaşadığı Ceyranbatan qəsəbəsində mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Yaxınları bildirib ki, o, zorla maşına mindirilərək, naməlum istiqamətə aparılıb, iki gün onun harada saxlanması haqda məlumat ala bilməyiblər. Daxili İşlər Nazirliyinin “102” xidmətinə çoxsaylı zənglər də nəticə verməyib. İki gün sonra məlum olub ki, onu saxlayanlar DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olub. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb. İddia olunub ki, onun cibindən narkotik tapılıb.
Razi Hümbətov bu ittihamı rədd edir, narkotikin cibinə polislər tərəfindən atıldığını bildirir. Onun sözlərinə görə, ilkin ifadəyə də təzyiq və təhdidlər altında imza atmaq məcburiyyətində qalıb.
Yaxınları və üzvü olduğu Müsəlman Birliyi Hərəkatı da bəyan edib ki, Razi Hümbətov əksinə, daim gəncləri narkomaniya kimi pis vərdişlərdən çəkinməyə çağırıb. Onlar hesab edir ki, inanclı fəal “Facebook” hesabında hökuməti tənqid edən paylaşımlarına görə şərlənərək cəzalandırılıb. O, həbsindən bir neçə gün əvvəl sosial şəbəkə hesabında “İlham Əliyev, xalq səni sevmir” yazmışdı.
Deputat Eldəniz Səlimovun toxunulmazlıq hüququ avqustun 3-də parlamentin qərarı ilə ləğv edilib. Bundan dərhal sonra o, cinayət məsuliyyətinə cəlb olunub.
Cinayət Məcəlləsinin 309.2 (zor tətbiq etmə vəzifə səlahiyyətlərini aşma) maddəsilə ittiham olunan deputat həmin gün axşam saat 18.00 radələrində Binəqədi rayon Məhkəməsində hakim qarşısına çıxarılıb. Onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs qətimkan tədbiri seçilib. Eldəniz Səlimov bu qərardan apelyasiya şikayəti versə də, sonradan şikayətini geri götürüb.
45 yaşlı deputat iyulun 29-da Xaçmaz rayonunda “Starıy dvor” restoranında Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin əməkdaşı Zaur Mirzəyevi vurmaqda ittiham olunur.
Eldəniz Səlimov əməlinin yanlış olduğunu etiraf edərək, avqustun 2-də üzr istəsə də, yaydığı açıqlamada bu nəticəyə gətirib çıxaran səbəblər olduğunu da vurğulamışdı: “Üstündə dayanmayacağam, lakin deməliyəm ki, bu səhvə gətirib çıxaran çoxlu səbəblər, təhdid və təzyiqlər də olub. İnanmaq istəyirəm ki, istintaq onları da obyektiv araşdıracaq, əməlimlə yanaşı, ona gətirib çıxaran səbəb və səbəbkarlara da obyektiv qiymətini verəcək”.
Deputatın ittiham olunduğu maddədə 3 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Həmçinin 3 ilə qədər müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə də əlavə cəza kimi bu maddədə əksini tapıb.