Hamımız eyni zibilin içindəyik

Bir dəfə məni məhkəməyə gedəndə gördü yenə.

Source: Meydan TV


Marginal intellektuallar, cəsarətlilər özlərini xalqdan üstün görməli deyillər

– Bax, fərqi yoxdur, sənin bacın, ya mənim. Həkimlər, alimlər çoxdan sübut ediblər ki, Azərbaycanın iqlimində qadınlar 11-12 yaşdan cinsi yetkinliyə başlayırlar. Təsəvvür elə, 13-14 yaşdan cinsi əlaqə arzulayan birini nəinki qanunun icazə verdiyi 16 yaşda, heç ondan 10 il sonra da cinsi əlaqəyə girməyə qoymursan. Səncə, o qadın seks dəlisi olmaz? Lap özümüzdən götürək. Sekssiz qalsaq, necə olar? Burda onsuz da sekssizik.


– Zaur, düz deyirsən. Amma bilirsən, indi nə fikirləşirəm?

– Nə?


– Sənin yerinə başqası bu sözləri mənə desə idi, onu ölənə qədər döyərdim.

Kamera yoldaşımla söhbətdəndir. Xüsusi amansızlıqla qəsdən adamöldürmə maddəsi ilə içəridə idi. Çox da əsəbi idi. Fiziki cəhətdən də məndən güclü. 2 nəfərlik, təxminən 2,5×4,5 metrlik otaqda 7 ayyarım yalnız ikimiz qaldıq. Sonra süni mübahisə çıxartdı, mən kameradan çıxıb, getdim dostumun kamerasına. Bir dəfə məni məhkəməyə gedəndə gördü yenə. Dedi, “Bilirsən, niyə o davanı saldım? İstədim kameradan çıxmaq üçün əsasın olsun. Bilirsən axı, kameradan çıxdığına görə səni zonda sorğu-sual edə bilərlər. Əsassız çıxmısansa, başın ağrıyacaq. Mən istəyirdim, sən o uşağın yanına gedəsən”.

Seksist idi, homofob idi, savadsız idi, rasist idi, militarist idi… Amma danışmaq olurdu, başa salmaq olurdu. Çox saf idi, hər şeyə inanırdı. Nə eşitmişdisə, inanmışdı.

Bu gözəl Cümhuriyyət günlərində ilk dəfə “Green book” filminə baxdım. Amerika 1962-ci ildə birlikdən, humanist dəyərlərdən uzaq, öz vətəndaşlarını adam yerinə qoymayan, onları “badımcan” sayan bir cəmiyyətə sahib idi. O vaxt qaradərililərin normal tualetdə otura bilməsi, bəlkə də, əsrlər sonra gerçəkləşə biləcək qədər uzaq görsənirdi. Amma cəmi 20 il sonra Amerika tamamilə başqa oldu. O vaxt Amerika homoseksualları həbs edirdi. Onları insan hesab etmək qeyri-mümkün görünürdü. Amma bir neçə il əvvəl mühafizəkarlığı ilə ad çıxartmış ABŞ Ali Məhkəməsi homoseksual evlilikdə qeyri-konstitusion bir şey tapmadı.

Toni də mənim kamera yoldaşım kimi cəmiyyətdəki axmaq stereotiplərin daşıyıcısıdır – rasistdir, homofobdur, bir sözlə, qaqaşdır, “kruq”unda “yaxşı oğlan”dır. Amma safdır. Dostluq onun üçün önəmlidir. Verdiyi söz də önəmlidir. O satılmır. Onu satqınlıqda təqsirləndirən adamı döyür. Ona pul müqabilində dostunun alçalmağını təklif edəndə pula da tüpürür, baxmayaraq ki, ona çox ehtiyacı var. Rasistdir, amma qaradərili ilə dostluq edə bilir. Belə adamları damğalayıb, rədd eləmək, silmək olmaz. Çünki onlar xalqdır, qalanları marginallar, ortada qalanlar.

Doktor Shirley kimi “nə qara kimi qara, nə ağ kimi ağ, nə kişi kimi kişi” olan çoxlu insan var cəmiyyətimizdə. Bu adamlar ilk addımı atmadıqlarına görə təkdirlər. Məişət dissidentləri var xeyli. Toni deyən məktubu yazmaq lazımdır. Başlamaq lazımdır. Daim aşağıladığımız xalqı qucaqlamaq lazımdır. Onlar eşitdiklərinə inanırlar, onlarla danışmaq lazımdır. Zorakılıq edənə, sırtıqcasına rasistlik, homofobluq, əclaflıq edənə yerini göstərmək, Toni kimi birini ilişdirmək lazımdır, amma hamı elə deyil, zorakılıq edənlər azlıqdadırlar, əksəriyyətin nifrəti stereotipləri ifadə edən diksiyasındadır, əməlində yox.

Qurmaq istədiyimiz cümhuriyyət də belə olmalıdır. Marginal intellektuallar, cəsarətlilər özlərini xalqdan üstün görməli deyillər. Hamımız eyni zibilin içindəyik və buradan birlikdə çıxmaq lazımdır. Bunun üçün “Yaşıl kitab”ımız çatışmır. Onu da yazan olsa, çıxış yolumuzu görərdik.

Ana səhifəXəbərlərHamımız eyni zibilin içindəyik