Hakimlər: “Anar Məmmədlinin həbsi üçün əsaslar aradan qalxmayıb”

Anar Məmmədli. İllüstrasiya: Meydan TV

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM-in) rəhbəri ev dustaqlığına buraxılmayıb

Mayın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin məhkəməsi ilə əlaqədar hazırlıq iclası keçirilib.

İclasda Anar Məmmədlininin vəkili Elçin Sadıqov məhkəmədən onun ev dustaqlığına buraxılmasını istəyib.

“İstintaq vaxtı deyirdilər ki, buraxılsa, istintaqın gedişinə mane ola bilər. İndi mane olacağı nəsə də yoxdur”, – deyə Elçin Sadıqov bildirib.

Bununla belə, hakimlər vəsatəti təmin etməyib və bildiriblər ki, A.Məmmədlinin həbsi üçün əsaslar aradan qalxmayıb.

Bu iş üzrə digər təqsirləndirilən şəxs Anar Abdullanın vəkili Günay İsmayılova isə ümumiyyətlə, cinayət işinə xitam verilməsini istəyib. Müdafiəçi bildirib ki, ortada nə orijinal sənədlər, nə də ciddi sübutlar var.

Bu vəsatət də rədd edilib.

İş üzrə növbəti məhkəmə prosesi iyunun 2-nə təyin edilib.

Anar Məmmədli 2024-cü ilin aprelində saxlanılıb.

O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Məmmədli özünü təqsirli hesab etmir və irəli sürülən ittihamlarla razılaşmır.

Beynəlxalq insan hüquqları təşkilatları onu siyasi motivlərlə həbs olunmuş bir şəxs – siyasi məhbus kimi tanıyır.

İctimai fəal Anar Abdullayevin də adı Anar Məmmədli ilə bağlı cinayət işində təqsirləndirilən şəxslərdən biri kimi çəkilir.

2025-ci ilin aprelində Abdullayev, Anar Məmmədli ilə bağlı aparılan istintaqa cəlb edilib.
O, Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunur, bunlar arasında qaçaqmalçılıq, qanunsuz sahibkarlıq və vergidən yayınma yer alır.

İctimai fəal əvvəlcə Bakı Şəhər Baş Polis İdarəsində ifadə verib, daha sonra isə barəsində polisin nəzarətinə vermə tədbiri seçilib.


Ana səhifəXəbərlərHakimlər: “Anar Məmmədlinin həbsi üçün əsaslar aradan qalxmayıb”