Bu tədbirin dövlətlə, hələ də cəmiyyətlə heç bir əlaqəsi olmadığı, rejimin və Formula-1-in ticari sahiblərinin uğursuz layihəsi olduğu birmənalıdır
İyunun 17-19-da yarım ilə yaxındır hazırlıq işləri ilə əlaqədar iflic vəziyyətinə düşmüş Bakının mərkəzinə Formula-1 yarış avtomobillərinin gurultusu yayılacaq. Avtobuslarla, avtomobillərlə və piyada gedən yüz minlərlə insan hər gün problemlər yaşayıb, yaşayır və yaşayacaq. Və Azərbaycan hökumətinin Formula-1 təşkilatçıları qarşısında götürdüyü öhdəliklərə əsasən, bu alçaltma və təhqir proseduru ən az beş il davam edəcək.
Formula-1 ölkənin və onun paytaxtının imicini yüksəldəcək və xarici turist axınına təkan verəcək layihə kimi qələmə verilir. Amma Eurovision-2012 və Birinci (və sonuncu) Avropa Oyunlarının keçirilməsinə gedən milyonlarla və hətta milyardlarla xərc xarici turistlərin Azərbaycana marağının artmasına səbəb olmadı. Demək olar ki, hər üç layihə genişmiqyaslı dövlət xəzinəsi pullarının yuyulması üzrə əməliyyat oldu. Sonuncu layihə xəzinə oğrusu olan məmurlar üçün ən zəif oldu, ilkin olaraq cəmi 112 mln. dollar. Layihənin dəyəri neft gəlirlərinin üç dəfə azalması ilə əlaqədar azaldılmışdı, çünki böhran dövründə başqa oğurlanacaq bir şey yox idi. Bəlkə də hakimiyyət müsibət zamanı kef çəkməklə assosiasiya olunan bu şou-tədbirin keçirilməsindən imtina edə bilərdi, amma bu qərar Formula-1-in arxasında duran beynəlxalq oyunçularla münasibətlərdə böyük problemlər vəd edərdi.
Formula-1 hazırki rejimə xas olan qərarların qəbul edilməsində volyuntarizmin rəmzi oldu. Bu cür şouların keçirilməsi, yolların, boru kəmərlərinin tikintisi, şəhərlərin yenidənqurması, mühüm qərarların işlənib hazırlanması haqqında heç bir qərar Azərbaycanda geniş və hətta dar ictimai debatlarla şəffaf şəkildə qəbul edilməyib.
Formula 1-in Birinci Avropa Oyunları ilə eyni sıraya aid olduğunu tədbirin rəsmi adının “Qran-pri Avropa” olması göstərir.
1. Çox güman ki, Azərbaycan adın qitə ilə assosiasiya olunduğu yeganə ölkədir. Bütün digər Formula hallarında yarışın keçiriləcəyi yer kimi şəhərin və ya ölkənin adı göstərilir. (Bu halda sual yaranır, ölkəyə məxsus olmayan tədbirin arxasında kim dura bilər?)
2. Azərbaycan elitanın üç günlük
əyləncəsi üçün yay vaxtını təxirə salan yeganə ölkə oldu. Elmlər Akademiyası yay vaxtının təxirə salınmasını əsassız şəkildə əsaslandırdı və iqtisadiyyata da, insanların sağlamlığına da ciddi ziyan vurdu.
3. Azərbaycan Monakodan sonra Formula 1-i şəhər ərazisində keçirən yeganə ölkə oldu. Amma yarışların sahilyanı yaxt-klub boyunca keçirildiyi və şəhərin nəqliyyat infrastrukturuna təsir göstərmədiyi Monakodan fərqli olaraq, Bakıda yarış yolu bütün mərkəzi iflic edir və Şimal-Cənub yolunu bağlayır.
4. Və nəhayət, Azərbaycan yarışı milli bayrağı altında deyil, Avropa İttifaqının bayrağı altında keçirən yeganə ölkə oldu.
Bu tədbirin dövlətlə, hələ də cəmiyyətlə heç bir əlaqəsi olmadığı, rejimin və Formula-1-in ticari sahiblərinin uğursuz layihəsi olduğu birmənalıdır. Uğursuzluq təkcə məsələnin kommersiya tərəfində deyil. Bu cür tədbirlər azad cəmiyyət, hüquqi dövlət, azad iqtisadiyyat kimi göstəricilərdən kənarda hakimyyətə, ölkəyə və xalqa hörmət yarada bilməz. Qonşu Gürcüstanın nümunəsi göstərir ki, ölkə dövlət vəsaitlərinin yuyulması hesabına deyil, bu ölkəyə gələn istənilən əcnəbinin hiss etdiyi azadlıq mühiti yaratmaq hesabına müxtəlif sahələrdə, o cümlədən turizm sahəsində sıçrayış edə bilib. Gürcüstab öz cəzbediciliyini məhz şəxsiyyət azadlığının pozulması sisteminin yerinə gələn ümumi quruculuq enerjisini azad etmək sayəsində qaytarıb. Bu, ölkənin cəzbediciliyinin artmasının əsas amilidir. 2015-ci ildə bu ölkədə turistlərin sayı 6 mln. nəfərə çataraq, Azərbaycanı üç dəfədən çox geridə qoyub. İlin əvvəllərindən etibarən daha 20% artım qeydə alınıb. Gürcüstanda hətta “siyasi turizm” termini yaranıb. Bu terminin arxasında avtoritar ölkələrdən olan insanların azadlıq havası hiss etmək və avtoritarizmin demokratiyaya çevrilməsi metamorfozasını əyani görmək arzusu durur.
Azərbaycan üçün Formula-1 yalnız avtoritarizmin, hakimiyyətinin ona hazırladığından daha yaxşı aqibətə layiq olan ölkənin özgəninkiləşdirilməsinin və özünü təcrid etməsinin növbəti təsdiqidir.