Rövşən Hacıbəyli
“Xeyirxahlıq, şəfqət və mərhəmət duyğularının təntənəsi” bayramı, birlik və həmrəylik ayı…
Gözəl səslənir, elə deyilmi? Sözlər tanış gəldimi? Bir neçə gündür ki, AzTV-lər bu sözlər olan mətni oxuyur. Düz tapdınız, Azərbaycan prezidenti İlham Əliyevin xalqa Ramazan bayramı təbrikindəndir.
Bu mətn AzTV-də oxunan gün kanalın “Parlament saatı” verilişində dedilər: “Məhkəmə və hüquq sahəsində aparılan islahatlar uğurlu nəticə verir”.
Sözlər diqqətimi çəkdi, qulaq verəndə bəlli oldu ki, söhbət müxtəlif rayon məhkəmələrinə hakim və sədr təyinatından gedir. Açığı, hakim təyinatının “məhkəmə və hüquq islahatı”na hansı töhfələr verəcəyi, ya verdiyi anlaşılmazdır.
Hər il bir neçə dəfə belə sərəncamlar olur və müxtəlif rayonlara hakimlər təyin edilir. İndiyə qədər bu təyinatların hansısa islahata, məhkəmələrdə ən azı ədalətə, müsbətə doğru hər hansı dəyişikliklərə gətirdiyinin şahidi olmamışıq.
Vətəndaşlarımız yenə ən çox məhkəmələrdən şikayətçidir, ancaq hər hansı problem çözülməyəndə üz tutduqları yer də elə məhkəmələrdir. Ədalətə çatmağın yolu məhkəmədən keçir axı, yəni Azərbaycan Femidası da haqqını tanımayanda Avropa Məhkəməsi şikayətçilərin köməyinə gəlir: yolu uzun olsa da…
Məhkəmə hakimiyyətində bu proses eynilə icra başçılarının təyinatına, daha doğrusu, yerdəyişməsinə bənzəyir. Məsələn, Lənkəranın indiki icra başçısı Taleh Qaraşov bu rayona təyinat almazdan öncə Astarada icra başçısı olub.
Astaradan qabaq Neftçalada, ondan qabaq Cəlilabadda, ilk icra başçılığısa 1996-cı ildə Kürdəmirdən başlayıb. Görürsünüz, 2012-ci ildə Lənkərana icra başçılığı yolu 4 rayondan keçib, yəni adam 28 ildir icra başçısıdır. Bu 5 rayonda Taleh Qaraşovun adına bağlı hansısa islahatabənzər əməl eşitməmişik.
Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov da bura qədər uzun yol keçib. 2000-ci ildə Nizami rayonundan başlanan icra başçılığı Gəncədə davam edib. Burada da islahatlarıyla yox, Heydər Əliyevin ad gününə bişirtdirdiyi ən uzun tortuyla yadda qalıb, sonra həmin uzun tort ənənəsini Sumqayıtda davam etdirib. Daha sonra Səbayelin, 2018-ci ildən isə başıbəlalı, başçı sarıdan bəxti gətirməyən paytaxtın rəhbəridir.
Nazir, polis rəisi, hakim təyinatları da bu qaydada olub, yerləri dəyişilib, yeni yerdə də hansı sifariş verilibsə, ona uyğun qərarlar çıxarılıb. Hər şey sərəncam verənin istəyinə bağlı olub. Baxmayaraq ki, məhkəmə hakimiyyəti dövlətin sütunu sayılan üç qoldan biridir. Bizdə isə hakimiyyət qolları üçü birində birləşib, məşhur reklamda deyildiyi kimi…
Ötən ilin sonlarında və bu ilin başlanğıcında ölkədə ən yaddaqalan hadisə “qaçaqmalçı jurnalistlər”lə bağlı məhkəmə qərarlarıdır. Heç bir cinayət törətməyən jurnalistlər bir necə günün içində həbsə göndərildi, həmin “islahatçı” hakimlərin əliylə, yəni imza atdığı qərarlarla, heç bir araşdırma aparmadan, heç bir vəsatəti, etirazı nəzərə almadan. Bundan əvvəl həmin hakimlər iqtisadçı professor Qubad İbadoğlunu və başqalarını həbsə göndərmişdi- saxta ittihamla…
Builki bayram təbrikini prezident nikbin notlarla bitirdi: “…Bu mübarək bayram xeyirxahlığın, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilərək cəmiyyətimizdə birliyi və həmrəyliyi daha da gücləndirəcəkdir”.
Yaxşı arzudur. Bu istəyin gerçəkləşməsi elə onu arzu edəndən asılıdır. Heç bir cinayət törətməyən jurnalistləri, eyni zamanda xanım jurnalistləri, siyasi fəalları həbsə atmaqda, saxta ittihamlarla mühakimə etməkdə nə şəfqət, nə mərhəmət var; ədalətsə bu ölkədən çoxdan didərgin salınıb. “Cəmiyyətdə birliyi və həmrəyliyi gücləndirmək” üçün heç şəfqət və mərhəmətə ehtiyac da yoxdur, sadəcə ədalətli olmaq, ədaləti ölkəyə qaytarmaq yetər. Yalnız ədaləti…
Uzun illərdir ki, Azərbaycanda ən çox ehtiyac duyulan ədalətdir, məhkəmələrdə olmayan ədalət… Təkcə məhkəmələrdəmi? “Qarabağ” komandasının hansısa oyununda, deyilənə görə, hakim ədalətsiz davranıb, bu ədalətsizlik böyük ajiotaja səbəb oldu, adamlar anındaca yabançı hakimi yerdən-yerə vurdular, günlərlə bundan danışıldı, hələ də danışılır, bir oyunda olan ədalətsizlikdən; insan taleyi ilə müqayisə belə olunmayacaq ədalətsizlikdən. Ancaq ölkə vətəndaşlarına – jurnalistlərə, ictimai-siyasi fəallara, bəzi dindarlara qarşı az qala hər gün ədalətsizlik edilir, bunu yabançı yox, yerli hakimlərimiz, öz məmurlarımız edir. Uzaq İngiltərədən olan hakimə sərt etiraz səsini qaldıranlarsa gözünün qarşısında baş verən ədalətsizliklərə susur…
Jurnalistlərin, siyasi fəalların ömründən illər oğurlanır. Görünür, prezident də ona siqnal verən, korrupsiyadan yazan jurnalistlərlə yox, hakimlərlə həmrəydir… Belə siyasətlə cəmiyyətdə birlik və həmrəyliyi gücləndirmək olmur…