Anar Məmmədliyə adekvat tibbi yardım göstərilmədiyi deyilir
Həbsdə olan hüquq müdafiəçisi Anar Məmmədlinin səhhətinin getdikcə pisləşməsinə baxmayaraq, ona adekvat tibbi yardım göstərilmir.
Fevralın 3-də 1 saylı Bakı İstintaq Təcridxanasında A.Məmmədli ilə görüşən vəkil Elçin Sadıqovun sözlərinə görə, onun başgicəllənmələri başlayıb, hüquq müdafiəçi baş və bel ağrılarından əziyyət çəkir.
Onun sözlərinə görə, Anar Məmmədliyə adekvat tibbi yardım göstərilmir.
Penitensiar Xidmət və Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi məsələ ilə bağlı hələlik açıqlama verməyib.
Anar Məmmədli 2024-cü il aprelin 29-da saxlanılıb.
Aprelin 30-da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Hüquq müdafiəçisi qaçaqmalçılıq ittihamını qəbul etmir. O bildirib ki, seçkilərin monitorinqi, insan hüquqlarının müdafiəsilə bağlı fəaliyyətinə görə cəzalandırılıb.
Bir sıra beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti, ABŞ-nin Bakıdakı səfirliyi Azərbaycan hökumətini Anar Məmmədli və digər haqsız həbs edilən şəxsləri dərhal azad etməyə çağırıb.
Anar Məmmədli bundan əvvəl də 2014-cü ildə QHT-lərlə bağlı cinayət işi üzrə həbs olunub. O, 2 il 4 ay həbsdə saxlandıqdan sonra – 2016-cı il martın 17-də Prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.
Anar Məmmədli həbsdə olduğu dövrdə Vatslav Havel mükafatına layiq görülüb.
Yerli və beynəlxalq təşkilatlar Anar Məmmədli də daxil olmaqla Azərbaycanda 300-dən artıq siyasi məhbusun olduğunu deyirlər.