Bu iddia ilə cinayət işi açılıb, istintaqa cəlb edilənlər var
Dövlət Təhlükəsizlik Xidməti “Gürcü Arzusu” Partiyasının fəxri sədri Bidzina İvanişvilinin Gürcüstan hökumətinin keçmiş yüksək rütbəli məmurları və Ukraynada hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşları tərəfindən təşkil edilmiş və maliyyələşdirilən qətlinin hazırlanması ilə bağlı faktları araşdırır.
Dövlət Təhlükəsizlik Xidmətinin məlumatında bildirilir ki, qeyd olunan cinayət əməllərinin məqsədi iğtişaşlar yaratmaq və hakimiyyəti zəiflətmək fonunda dağıdıcı qüvvələr tərəfindən zorakı yolla dövlət hakimiyyətini devirməkdir.
“Cinayət işi üzrə fəal istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir, bu tədbirlər çərçivəsində konkret şəxslər şahid qismində dindirilmək üçün istintaq orqanına çağırılır”, – məlumatda deyilir.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 18-323-cü maddəsinin birinci hissəsi və 315.1-ci maddəsi üzrə aparılır. Bu maddə 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Son bir neçə gündür ki, Dövlət Təhlükəsizlik Xidməti Ukraynada döyüşən gürcüləri və müharibə veteranlarını dindirməyə çağırır. Çağırılanlar arasında Ukraynada döyüşən gürcü legionunun üzvü Nadim Xmaladze, işğala qarşı hərəkatın fəalı Laşa Çiqladze, müharibə veteranları Beso Bendeliani, Vaja Tsatsadze, Gela Kaxabrişvili və Konstantin Cqamaya da var.