Gürcüstanda çirkli pulların yuyulması ilə bağlı beş ay əvvəl açılmış cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Tbilisi Şəhər Məhkəməsi 600 milyon dollardan çox qanunsuz pul yuyulmasında ittiham olunan iş adamı Kaxa Kotoraşviliyə qarşı işi mahiyyət üzrə araşdırmağa başlayıb. Növbəti məhkəmə iclası martın 19-na təyin edilib.
Kaxa Kotoraşvilinin vəkili Edişer Karçava “BM.ge”yə deyib ki, iş üzrə təqsirləndirilənlərdən biri Eldar Hüseynovdur və onun adı ictimaiyyətə məlumdur. Bu iş üzrə bir nəfər də saxlanılıb. Karçavanın sözlərinə görə, hər iki şəxs prokurorluq tərəfindən təqsirinin etiraf edilməsi üçün danışıqlar əsasında azadlığa buraxılıb.
“Hər ikisi də Gürcüstanda yaşayan azərbaycanlılardır. Bizim iş üzrə onların hər ikisinə şərti cəza verilib, azadlıqdadırlar. Onların işi başa çatdırılıb və buraxılıblar”, – vəkil belə deyib.
Karçavanın sözlərinə görə, Kaxa Kotoraşvili yalnız valyuta konversiyası ilə məşğul olub, bütün əməliyyatlar şəffaf aparılıb və “adi iş” xarakteri daşıyıb.
“İnsanlar adi qaydada gəliblər və bizdə pul dəyişiblər. Heç bir mütəşəkkil qrup olmayıb. Bu, adi valyutadəyişmə əməliyyatı idi”, – vəkil deyib.
Prokurorun ilk məhkəmə iclasında səsləndirdiyi versiyaya görə, cinayətkar qrupun üzvləri Azərbaycandan Gürcüstana qanunsuz olaraq 59 milyard Rusiya rublu gətirib, həmin vəsait 624 milyon dollara və 35 milyon avroya konvertasiya edilib.
Prokurorluq iddia edir ki, Kotoraşvili Hüseynovla birgə hərəkət edib, məqsəd vəsaitlərin mənşəyini gizlətmək olub.
Kotoraşvili ötən il sentyabrın 16-da 624 milyon ABŞ dolları və 35 milyon avro məbləğində qanunsuz gəlirlərin leqallaşdırılması ittihamı ilə saxlanıb. Təqsirləndirilən şəxsin lisenziyalı valyutadəyişmə məntəqəsinin olduğu, mənşəyi bəlli olmayan vəsaitlərin toplanması, konvertasiyası və leqal dövriyyəyə daxil edilməsi üçün qanunsuz şəbəkə yaratdığı açıqlanıb.
Kaxa Kotoraşvili susmaq hüququndan istifadə edib. Barəsində həbs qətimkan tədbiri seçiləndə vəkili deyib ki, istintaq bir ildən çox çəkib, 2024-cü ilin oktyabrından ittiham olunan şəxsə suallar yaransa da, o, gizlənməyə cəhd göstərməyib.
Gürcüstan Milli Bankı Kotoraşvilinin şirkətlərini 2025-ci il dekabrın sonunda 210 min lari (78 min 518 dollar) cərimələyib.