Gürcüstan xüsusi xidmət orqanları üçün ”yaşıl sərhəd”

Gürcüstan özünün iştirakı ilə yeni bir beynəlxalq qalmaqalı izləyir

Source:

Gürcüstanda keçirilən ‘Əfqan Muxtarlıya azadlıq!’ aksiyasından
Gürcüstanda keçirilən ‘Əfqan Muxtarlıya azadlıq!’ aksiyasından

Gürcüstan özünün iştirakı ilə yeni bir beynəlxalq qalmaqalı izləyir. Tbilisidə azərbaycanlı müxalif jurnalist Əfqan Muxtarlının yoxa çıxması və bir müddətdən sonra Bakıda – artıq cinayətdə ittiham olunan şəxs qismində peyda olması ölkənin adına vurulan ağır zərbə və onu idarə edənlər üçün sınağa çevrildi. Əslində isə jurnalist İya Baratelinin fikrincə, Gürcüstan rəhbərliyi özü özünü bu vəziyyətə gətirib çıxarıb. O,

“СОВА”

– müstəqil internet jurnalındakı bloqunda hökumətin heç nədən problem yaratmaq qabiliyyətinin bizi daha niyə təəccübləndirmədiyi və daha ciddi məsələlərin mövcudluğu barədə yazır.

Müxalifyönümlü azərbaycanlı jurnalistin Tbilisinin mərkəzində yoxa çıxmasından bir həftədən də artıq vaxt keçir, Gürcüstan hüquq-mühafizə orqanları isə hələ də “bu, necə baş verə bilərdi” sualına səlis cavab verə bilmirlər.

29 may axşam saat 7-də Əfqan Muxtarlı Azadlıq meydanında dostu ilə vidalaşıb, səhəri gün isə məlum olub ki, o, Mtatsminda küçəsində qaldığı sakit evdə yox, Azərbaycan həbsxanasındadır.

Gürcüstan Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti isə təzadlı bəyanatlar verir. Rəsmi mövqedə yeganə dəyişməyən budur – hökumət jurnalistin gürcü xüsusi xidmət orqanları tərəfindən oğurlaması fərziyyəsini hətta nəzəri cəhətdən belə müzakirə etməkdən imtina edir.

Muxtarlının vəkilləri üçün isə məhz bu fərziyyə daha inandırıcıdır. Onlar hadisəni demək olar ki, dəqiqəbədəqiqə və bütün təfərrüatı ilə – kriminal polis işçisinin forması, rezin qandallar, adam oğrularının gürcü dilində danışması və hətta “generala” edilən telefon zənglərinə qədər qeydə alıblar.

Vaxt ötür, ancaq Tbilisidə hələ də qərara gəlməyiblər ki, Muxtarlı özü sərhədə yollanıb, yoxsa onu yadplanetlilər oğurlayıb. Hüquq-müdafiə təşkilatları qəzəbli bəyanatlar verən vaxtı bizim hökumətin baş nazir müavinləri ictimaiyyət qarşısındakı çıxışlarında Muxtarlının, ümumiyyətlə, kim olduğunu, onun, doğrudan da, jurnalist olub-olmadığını soruşurdular.

ABŞ Dövlət Departamentinin bu hadisəni birbaşa “oğurluq” adlandırdığı bəyanatı ildırım kimi çaxmasaydı (son vaxtlar Gürcüstanda hay-küylü işləri axıra çatdırmağı o qədər də xoşlamırlar), bu vəziyyətin nə qədər davam edəcəyi aydın olmayacaqdı.

İndi Gürcüstanın Baş naziri əldə edilmiş Avropa dəyərlərindən bir addım da geri çəkilməyəcəyi haqqında ürəyi istədiyi qədər çılğın bəyanatlar verə bilər.

Beynəlxalq insan hüquqları təşkilatlarının qətiyyətli reaksiyalarından aydın olur ki, artıq Gürcüstan regionda “azadlıq və demokratiya adası” statusundan məhrum olub.

Bundan əlavə, qarşıda oğurluq hadisəsinin izahı durur və bu məqamda bizim hökumətə heç həsəd aparmağa dəyməz. “Homeland” serialının ssenaristləri indi boş-bekardırlar, vaxt var ikən onlara müraciət etsələr, pis olmazdı.

Mən isə hadisənin necə baş verməsinin bütün mümkün variantlarını kinonun köməyi olmadan nəzərdən keçirməyə çalışacağam.

Birinci variant. Təsəvvür etmək olarmı ki, repressiya təhlükəsindən uzaq olmaq üçün ailəsi ilə birlikdə Bakıdan Tbilisiyə pənah gətirən Əfqan Muxtarlı birdən-birə gömrük bəyannaməsində qeyd edilməmiş böyük miqdarda valyuta ilə vətəninə qayıtmaq arzusuna düşsün? Adam oturub Tbilisinin mərkəzində, sonra yaxınlıqdakı evinə, kirayə qaldığı mənzilə zəng edib, arvadından soruşub ki, balaca qızına hansı konfetdən alsın və birdən, bir neçə saatdan sonra məlum olub ki, Azərbaycan sərhədinə gedib çıxıb.

Əgər Muxtarlı ilə baş vermiş hadisədən bir neçə gün qabaq, mayın 25-də müxalif Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlının Gürcüstanla sərhəddə həbs edildiyini də nəzərə alsaq, bu, kifayət qədər qəribə arzudur. O, Gürcüstana müalicəyə gəlibmiş. Sərhədi keçəndən dərhal sonra onu qaçaqmalçılıq ittihamı ilə həbs ediblər. Deyəsən, Azərbaycan hüquq-mühafizə orqanlarında da mövzu qıtlığı yaşanır.

Muxtarlının birdən-birə Bakıya qayıdıb qəhrəman olmaq, 15 illik həbsxanaya düşmək istədiyini güman etmək tam haqlı olaraq uydurma təsiri bağışlayır. Həm də, bütün bunları təsdiq etmək çox asandır – bir həftə vaxt ərzində onun marşrutunu müşahidə kameralarından dəqiqləşdirmək mümkün idi. Kim inanar ki, o, Azərbaycan sərhədinə qədər olan məsafəni bir neçə saata piyada qət edib?

İkinci variant. Muxtarlını oğurlamaq üçün Azərbaycan xüsusi xidmət orqanları öz adamlarını göndərib və Tbilisidə mülki şəxslərin xidmətindən istifadə edib. Bu halda Gürcüstan hakimiyyəti həmin adam oğrularını həm küçələrdə, həm də sərhəd ərazilərində yerləşən nəzarət kameraları vasitəsilə tapa bilərdi. Bu halda axtarış-istintaq əməliyyatı bir neçə saata sona yetərdi və Gürcüstan hökuməti sual verənlərlə bir sırada durardı, daha gərgin vəziyyətdə cavab axtarmazdı. Ancaq hələlik, heç kim heç bir videoyazı nümayiş etdirmir və belə getsə, “istintaq-axtarış” haqqında vədlərə hətta ən sadəlövh adamlar da inanmayacaq.

Qalır üçüncü, ən gerçək variant – deyəsən, Əfqan Muxtarlını, doğrudan da, Gürcüstan xüsusi xidmət orqanları oğurlayıb.

Gürcüstan müxalifətinin dediyi kimi, bu, heç də hər hansı strateji maraqlar zəminində baş verməyib. Sadəcə olaraq, bir azərbaycanlı iş adamı rəhbərliyinə öz anlamına görə xoş sürpriz etmək üçün gürcü həmkarından bunu xahiş edib. Hər şey də alınıb, çünki onun gürcü həmkarı Bidzina İvanişvilinin yaxın qohumu Uça Mamatsaşvili imiş.

Əlbəttə ki, Gürcüstanın hətta siyasətlə də çox könülsüz və ancaq ən məcburi hallarda məşğul olan ən varlı və nüfuzlu adamının çətin ki, bu hadisəyə və o cümlədən bir çox digər məsələlərə hər hansı şəxsi münasibəti olsun. O da ola bilər ki, bu cür ”dost köməyi” üçün heç DİN-ə müraciət etməyə də ehtiyac olmayıb.

Mamatsaşvili məsələni Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri, başgicəlləndirici karyera sıçrayışından qabaq sadəcə İvanişvilinin şəxsi mühafizəsinin rəisi işləyən Vaxtanq Qomelauri ilə dar, demək olar ki, ailə çərçivəsində həll edib.

DTX-nın 42 yaşlı rəhbərinin təhsili, bəlli olduğu kimi, Bədən Tərbiyəsi və İdman Akademiyası ilə, siyasi təcrübəsi isə İvanişvilinin hakimiyyətə gəldiyi vaxtlarda onun mühafizəsindəki fəaliyyəti ilə məhdudlaşır. 2015-ci ildən bəri Qomelauri hətta daxili işlər naziri olmağa da imkan tapıb, amma yəqin ki, beynəlxalq hüququn incəliklərinə varmağa heç vaxtı olmayıb.

Çox güman ki, elə buna görə də Vaşinqtondan və Brüsseldən səslənən “narahatıq”, “hiddətlənirik” və “qısa müddətdə araşdırma tələb edirik” kimi ifadələrlə zəngin diplomatik bəyanatlar onun üçün sürpriz olub.

DTX-nın rəhbəri cavabında nə deyəcək? Hələlik, “pasportu olmayan şəxs sərhədi necə keçə bilib?” kimi adi bir suala dumanlı cavablar verməyə üstünlük verir: Bilirsiniz, “yaşıl sərhəd” deyilən yerlər var ki, orada pasport lazım olmur.

“Lazım olmur” – çox yumşaq ifadədir. “Yaşıl sərhəd” – pasportu olmayan vətəndaşlar üçün hər hansı xüsusi bir zona deyil. Bu, sərhədin keçdiyi ərazidir, amma oradan istifadə etmək praktiki olaraq qadağandır – bu, məsələn, çay da, meşə də, dağın döşü də ola bilər. Belə yerlərdə nəzarət-keçid məntəqələri quraşdırılmadığından polis bu əraziləri müşahidə edir və qaçaqmalçılığın və ya Muxtarlı hadisəsində olduğu kimi, başına torba keçirilmiş jurnalistlərin digər tərəfə keçirilməsinin qarşısını almaq üçün ərazidə patrul xidməti keçirir.

Qomelaurinin versiyasına görə Muxtarlını aparan maşını sadəcə olaraq görməyiblər. Ancaq idarəsinə sərhədlərin qorunması tapşırılmış DİN rəhbəri Qeorqiy Mqebrişvili tam əmindir ki, heç siçan da sərhəddən nəzarətsiz keçə bilməz. Bax bu yerdə hökumətin bir həftədən çox dirəndiyi və oradan necə çıxmaq barədə düşündüyü dalan başlayır.

Ən qanqaraldıcı məqam isə odur ki, iş adamları və keçmiş mühafizə rəisləri sona qədər anlamırlar ki, bu cür çox pis qoxu verən əhvalatlara Gürcüstan hətta qaranlıq 90-cı illərdə də bulaşmayıb. Həmin vaxtlar, əgər söhbət terrorizmdə şübhəli bilinənlər haqqında gedirdisə, beynəlxalq təhvil-təslim prosedurları dəqiqliklə yerinə yetirilirdi.

Bizim güc strukturlarının bəyanatlarına qulaq asandan sonra mən peşəkarların nöqteyi-nəzərləri ilə də maraqlanmaq qərarına gəldim: nə bilmək olar, bəlkə məxfi orqanlarda belə bir təcrübə mövcuddur, bəlkə, bu cür işlər, doğrudan da, qaranlıq örtüyün altında görülməlidir.

Hə, deməli belə. Xüsusi orqanlarda işləməyə illər sərf etmiş adamların fikrinə görə azərbaycanlı jurnalistin oğurlanması ilə bağlı hadisə DTX-nın hədsiz qeyri-peşəkarlığından xəbər verir.

Başqa ölkənin xüsusi xidmət orqanlarının sənin ərazində kimisə oğurlaması variantı dərhal qırağa atılır. Bu cür əməliyyatı azərbaycanlılar keçirsəydi, bu, ən azı ölkə ilə sərhədlərin bağlanmasına qədər aparıb çıxara biləcək böyük bir qalmaqala səbəb ola bilərdi.

Bundan başqa, Azərbaycanın Gürcüstandan beynəlxalq normalara əsaslanmadan öz ərazisində kimisə tutub saxlamasını xahiş etməsi də dərhal istisna olunur. Və bu çox vacib məqamdır. Azərbaycan hökuməti nə Muxtarlı, nə də bir başqasının onlara təhvil verilməsini israrla gürcü həmkarlarından xahiş edə bilməzdi. Yaddan çıxartmaq olmaz ki, Tbilisidə artıq bir neçə ildir ki, Azərbaycandan ən azı on müxalifət fəalı da yaşayır.

Jurnalistin oğurlanmasını Gürcüstanın strateji əməkdaşı olan, “qazımızı kəsə biləcək” ölkənin hökumətinin tələb etməsi isə hər şeyi bilən evdar qadınlara məxsus söhbətlərdir, baxmayaraq ki, mən belə versiyanı hətta çox ciddi jurnalistlərin dilindən də eşitmişəm. Hər şeydən əlavə, Azərbaycan və Gürcüstanın bir-birlərinə strateji cəhətdən eyni miqdarda ehtiyacları var.

Hətta əməkdaşlığın incə məqamlarına baş vurmadan belə çox sadə faktı nəzərə almaq lazımdır – Azərbaycan HEÇ VAXT Gürcüstan hökumətinə bu cür xahişlərlə müraciət etməyib. Hətta İlham Əliyev və Mixail Saakaşvili arasında dostluğun nəinki strateji, hətta şəxsi olduğu vaxtlarda da.

Yeri gəlmişkən, bu, heç də o demək deyil ki, gürcü xüsusi xidmət orqanlarına, ümumiyyətlə, heç kim şübhəli şəxslərin lazımi prosedura olmadan verilməsi ilə əlaqədar müraciətlər etməyib. Hələ Saakaşvili hökumətinin vaxtında belə bir hadisə baş vermişdi, Tbilisiyə xüsusi missiya ilə “Mossad”ın nümayəndəsi gəlmişdi və həmkarlarından İran vətəndaşının İsrailə verilməsini xahiş etmişdi. Tbilisidə xahişi dinləmişdilər, lakin heç nə etməyə çalışmamışdılar – hüquqi əsaslar yox idi. O cümlədən, vətənində məhkəmə işinin açılması nəyə görə isə mümkün olmayan bir Amerika vətəndaşının ölkədən çıxarılması üçün bəhanə tapılması barədə ABŞ tərəfindən çox açıq-aydın bir eyham da vurulmuşdu. Amerikalılara (strateji əməkdaşlara) kömək etmək istəyirdilər, ancaq edə bilmədilər – hüquqi əsaslar yox idi.

Mən cani-dildən casus seriallarının ən adi izləyicisi rolunu oynamağa çalışaraq soruşurdum ki, niyə kəşfiyyatçılar bu qaydaları poza bilməz – bəlkə bu çox lazımdır?

Cavabında peşəkarlar gözlərini bərəldir, sonra isə elə bil balaca uşağa ağıl öyrədirdilər:

Əgər bir dəfə kiməsə öz ölkəndə adam oğurlamağa imkan versən bu cür xahişlə hamı müraciət edəcək.

Və bu, sadəcə, o demək olacaq ki, biz artıq ölkə deyilik, ayaq altıyıq . Bu kəşfiyyat orqanlarının peşəkar etikasıdır.

Problem həm də ondadır ki, Gürcüstanın kəşfiyyat orqanlarının indiki rəhbərliyi öz həmkarları ilə əlaqə saxlamağa o qədər də can atmır. Hamı bilir ki, Gürcüstan SSRİ-dən çıxandan sonra Milli Kəşfiyyat İdarəsini sıfırdan yaratmaq lazım gəldi. Dövlət təhlükəsizliyi cəbhəsində iş çox, Avropa ilə əlaqələr isə demək olar ki, yox dərəcəsində idi. 1994-cü ildə kəşfiyyat sahəsində, o cümlədən postsovet ərazisindəki ölkələrlə, əməkdaşlıq və məlumat mübadiləsi üçün MEC – “Middle European Conference” təşkilatı yaradıldı. 2005-ci ildə Baltik ölkələrinin köməyi sayəsində Gürcüstan bu təşkilatın üzvlüyünə qəbul imkanı qazandı, Avropa və Amerika həmkarları ilə münasibət quraraq mütəmadi olaraq görüşlərdə iştirak etməyə başladı. 2012-ci ildən sonra bu səviyyədəki bütün əlaqələr dayandırıldı. İndi gürcü kəşfiyyatının fəaliyyəti barədə onların xarici həmkarları yəqin ki, ancaq mətbuatdan, yaxud hüquq-müdafiəsi təşkilatlarının bəyanatlarından xəbər tutur.

Ancaq, mənim fikrimcə, bizim kəşfiyyatın ancaq qonşu ölkələrin müxalif fikirli jurnalistlərinin taleyinə barmaqarası yanaşmasını düşünmək bəlkə də ən böyük səhvlərdən biri olardı.

İşğal xəttində baş verənlərə fikir versək, görərik ki, Dövlət Təhlükəsizlıiyi Xidmətinin orada iştirakı çoxdan minimuma endirilib, gürcü yaşayış məntəqələri arasındakı postların sayı isə kifayət qədər azalıb.

Abxaziya ilə inzibati sərhəddə, Zuqdidi rayonunun Xurça kəndində, birbaşa nəzarət-keçid məntəqəsinin ərazisində Qiqi Otxozoriyanın həyasızcasına öldürülməsi buna bir sübutdur. 2016-cı ilin mayında abxaz sərhədçisi heç nədən narahat olmayaraq gürcülər tərəfindən qorunmalı olan əraziyə çıxıb hamının gözü qarşısında Zuqdidi sakinini yaxından güllələyəndən sonra sakitcə geri qayıtdı. Bir il keçdi və Suxumi rəhbərliyi öz hərbçisi üzərindən bütün ittihamları götürdü. Heç kim nəticə çıxartmadı, sabah abxaz sərhədçiləri baş verənləri yenidən təkrarlasa, təəssüf ki, bunun qarşısını heç kim almayacaq.

Azərbaycanlı jurnalistlə baş vermiş hadisə bizə – Gürcüstan sakinlərinə onu göstərdi ki, hüquq-mühafizə orqanlarının öz səlahiyyətləri haqqında təsəvvürləri dəqiq dövlətçilik anlayışlarından qeyri-müəyyən “yaşıl sərhəd” anlayışına doğru dəyişir.

Bizi daha nə gözləyə bilər? DİN iş adamları oğurluqlarını 90-cı illərdə olduğu kimi ört-basdır edəcək? Kriminal xəbərlərdə nəzarət edilməyən ərazilərə oğurluq avtomobillərin aparılması xəbərləri peyda olacaq? Əgər qonşulara bu sahədə kömək ediriksə, sabah hakimiyyət gürcü jurnalistləri ilə də haqq-hesab çəkməyə başlayacaq?

Hesab edin ki, “Gürcüstan daha öz ərazisində olan bütün şəxslərin təhlükəsizliyinə məsuliyyət daşıyan dövlət deyil” məzmunlu birinci narahat ismarışı artıq yolladıq. Başında torba, maşının arxa oturacağında.

Ana səhifəAnalitikaGürcüstan xüsusi xidmət orqanları üçün ”yaşıl sərhəd”