Gülşən: “Heç bir cinayət törətməmişəm, anlaşılmazlıq olub”

Gülşən. Mənbə: Özden Atik. (DHA)

Müğənni həbs edilmədən mühakimə olunmaq istəyir

Avqustun 25-də haqqında həbs qətimkan tədbiri seçilən türkiyəli müğənni Gülşən dindirilib.

Türkiyə mətbuatının yazdığına görə, sənətçi ifadə verən zaman hadisə ilə bağlı anlaşılmazlıq olduğunu deyib.

O bildirib ki, konserti zamanı “İmam Hatip” məktəbləri haqqında heç bir pis fikir söyləməyib:

“İyirmi beş ildir ki, sənətçiyəm. Birlikdə konsertlər verdiyim musiqi qrupum var. Məni konsrertlərdə müşayiət edən qrupda akkardion ifaçısı Miraçının ləqəbi imamdır. Həm də biz, dostlarla öz aramızda zarafatlaşırıq. Bir-birimizə axmaq, anormal kimi ifadələr işlədirik. Təəssüf ki, bu iki söz birlikdə işləndi. Dostumuz “İmam Hatip” məktəbində oxumayıb. Qrupumda olan bütün musiqiçi dostların ləqəbləri var”.

Müğənni heç bir cinayət törətmədiyini deyib.

“Mənə ehtiyacı olan bir uşağım var. Mən cinayət törətməmişəm. Həbs olunmadan mühakimə olunmaq istəyirəm”, – ifaçının ifadəsində belə söylədiyi bildirilir.

İlkin ifadədən sonra İstanbul Sülh Cəza Məhkəməsi Gülşənin “xalqı açıq-aşkar kin və düşmənçiliyə sövq etmək” (Türk Cəza Qanunun 216-cı maddəsi) ittihamı ilə həbs edilməsinə qərar verib və o, Bakırköydə qadınların saxlanıldığı qapalı həbsxanaya aparılıb.

Müğənninin həbsindən sonra vəkili Emek Emre açıqlama verib.

Türkiyənin hüquqi dövlət olduğunu və müvəkkili ilə əlaqədar ədalətli qərar veriləcəyinə ümid etdiyini bildirib: “Müvəkkilim cinayət törətmədiyi üçün həbs qətiimkan tədbiri çox yersizdir. Hesab edirik ki, prosedura və qanuna zidd olan bu qərar etirazımız nəticəsində aradan qaldırılacaq. Çıxarılan qərara görə təəssüflənirik, bunu gözləmirdik. Gülşən özü çox yaxşıdır, güclü dayanıb. Bir hüquqşünas olaraq burada cinayət tərkibinin olmadığını bildirirəm. Təəssüf ki, prokurorluq və məhkəmə fərqli qərar verib. Biz həbs tədbirinin qeyri-mütənasib olduğunu düşünürük”.

Gülşənin 2022-ci il aprelin 30-da Ataşehirdə verdiyi konserti zamanı “İmam Hatip” məktəblərinin məzunları haqqında söylədiyi fikirləri sonradan onun həbsi ilə nəticələnib.

Müğənninin çıxışı zamanı “”İmam Hatip”də oxuyub, pozğunluğu buna görədir”, – deməsi ölkə gündəmini zəbt edib, ictimaiyyətin narazılığına səbəb olub.

Ardınca isə Baş Prokurorluq tərəfindən ona qarşı Türk Cəza Qanunun 216-cı maddəsi ilə (xalqı nifrət və düşmənçiliyə sövq etmək və ya təhqir etmək) cinayət işi açılıb və həbsinə göstəriş verilib.

Ana səhifəMədəniyyətGülşən: “Heç bir cinayət törətməmişəm, anlaşılmazlıq olub”