Hakimiyyət bu ”güclü” dövlətdə Qərbin maraqlarının ifadəçisinin başqası deyil, məhz o olduğunu əks etdirən güzəştlər axtarır, onları əsaslandırır və təklif edir
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iyunun 1-də gələcək kitabının “Güclü Azərbaycan dövləti qloballaşma şəraitində milli ideyanın əksi kimi” hissəsini dərc edərək, bununla prezident İlham Əliyevin və onun yaxın ətrafının maraqlar sisteminə və komandanın baxışını ifadə edib.
Məqalə iki şərh üslubunda təqdim edilib, onlar yalnız güclü dövlətin qloballaşmış dünya ideyalarının bələdçisi olması haqqında ziddiyyətli tezisə qərb-akademik və kommunist-deklarativ dillərlə bəraət qazandırılması ilə səciyyələnir.
Mehdiyev avtoritarizmdən liberalizmə keçiddə mümkün olan yeganə sistem kimi Azərbaycanın hazırki dövlət sisteminin qorunub saxlanması zərurətini əsaslandırmağa çalışır. Bu yanaşma məqalənin yekun hissəsində daha aydın şəkildə ifadə olunub: “dünyada qloballaşma proseslərinin gücləndiyi şəraitdə belə güclü dövlət qurulması XXI əsrin ən səmərəli modelidir. Azərbaycanın dövlət quruculuğunda məhz bu modeldən istifadə etməsi də doğru seçim olub. Çünki prezident idarəetmə forması olan güclü dövlətə söykənərək milli ideyanın müasir innovativ inkişaf dövrü ilə uzlaşan yeni vəzifələrinin həllinə keçmək olar”.
Mehdiyevin qloballaşmanın (ABŞ, Böyük Britaniya, beynəlxalq maliyyə institutları, transmilli şirkətlər tərəfindən yayılan və yerli vətəndaş cəmiyyəti tərəfindən dəstəklənən) təhlükələri və digər tərəfdən qloballaşma prosesləri kontekstindən kənarda dövlətin maraqlarının qorunması zərurəti haqqında ziddiyyətli fikirləri hakimiyyətin düşdüyü vəziyyətin nə qədər acınacaqlı olduğunu nümayiş etdirir. Prezident Əliyev Bakıda Neft və Qaz Sərgisində çıxışında hakimiyyətin neftdən asılı iqtisadiyyatın çöküşündən “stress yaşadığını” bəyan edərək bu vəziyyəti ən aydın şəkildə ifadə edib.
Mahiyyətcə, güclü dövlət dedikdə Mehdiyev təmsil etdiyi güclü hakimiyyəti nəzərdə tutur və məqalədə dəfələrlə ondan bəhs edir. Buna görə “güclü dövlət” dedikdə (ictimai institutlar da daxil olmaqla) xüsusi bir şey – “güclü hakimiyyət” və ya müasir Azərbaycan şəraitində fərdlərin ölkə Konstitusiyasında və qanunlarında nəzərdə tutulmuş hüquq və azadlıqlarını pozmaq aləti olan rejimi başa düşmək lazımdır.
Sovet ənənələri ilə yazılmış məqalənin mahiyyətini dərk etdikdə görmək olar ki, o, hakimiyyətin Qərb və Azərbaycan arasındakı münasibətlərin hazırki vəziyyətinə reaksiyasıdır. Qloballaşma prosesləri şəraitində “güclü dövlətin” ayrılıqda mövcud olması ideyasından imtina edə bilməyən hakimiyyətin çaş-baş qaldığı sezilir. Qeyd etmək lazımdır ki, Mehdiyevin əvvəlki illərdə vurğuladığı “müasirləşmə”, “suveren demokratiya”, “müstəsnalıq”, indi isə “güclü dövlət” ideyaları uğursuzluğa uğramış ayrıca bir ölkədə kommunizm qurmaq barədə utopik ideyanı xatırladır.
Güclü dövlət ideyası yeni deyil və hazırki Azərbaycanı quranların düşüncəsinə görə qlobal dünyada ölkənin təcrid şəkildə üzməsini və şəxsi maraqlarını dövlət maraqları ilə bir tutan elitanın bu maraqlarını təmin etməli olan neft bumu dövründə bu ideya fəal şəkildə yayılıb. Öz şalvarının cibini dövlət büdcəsinin kisəsi ilə bir tutan Bakı meri Abutalıbov bunu kifayət qədər aydın şəkildə ifadə edib.
Faktiki olaraq, Mehdiyev məqalədə, əvvəllər də olduğu kimi, Qərb və digər tərəfdaşları inandırmağa çalışır ki, güclü hakimiyyət, İlham Əliyevin şəxsində güclü dövlət stabilliyi və təcrid edilmiş Azərbaycanın tədricən dünyaya tranzaksiyasını təmin edə bilə. Ölkənin qloballaşma münasibətləri sisteminə sürətli deyil, məhz tədricən daxil olması hakimiyyət və beynəlxalq dövlət və maliyyə institutları arasında qarşılıqlı münasibətlərdə əsas problemdir. Bu mövzu ona görə aktualdır ki, qlobal dünyanın nümayəndələri fəlakətə uğramış rejimə maliyyə və digər yardımların verilməsi şərti kimi Azərbaycanda gecikmiş islahatların sürətləndirilməsində israr edir.
Məqalə göstərir ki, hakimiyyət bu “güclü” dövlətdə Qərbin maraqlarının ifadəçisinin başqası deyil, məhz o olduğunu əks etdirən güzəştlər axtarır, onları əsaslandırır və təklif edir. Bu, köhnə tezisdir və ölkənin müxtəlif inkişaf dövrlərində Qərbin vaxtaşırı israr etdiyi islahatların təxirə salınmasının əsaslandırılması kimi istifadə olunub.
Amma son bir ildə baş verən hadisələr göstərir ki, Mehdiyevin Azərbaycanın qloballaşmaya Azərbaycanda gördüyü “güclü dövlət” vasitəsilə uyğunlaşması haqqında tezisi əsassızdır.
Azərbayanda “güclü dövlətin” Mehdiyev əlamətlərinə aşağıdakılar daxildir:
– tam suverenliyə malikdir, deməli, öz daxili və xarici siyasətində başqa dövlətlərdən və ya beynəlaxlq təşkilatlardan asılı deyil;
– milli iqtisadiyyatını və istehsal sahəsini ən yeni texnologiyalar əsasında inkişaf etdirir;
– Azərbaycanın bütün etnoslarının dövlət ideologiyası olan, dövlət tərəfindən təsdiq edilən tolerantlıq və multikulturalizm kimi elementləri ehtiva edən güclü “Azərbaycançılıq” milli ideologiyasına malikdir;
– milli mədəniyyətini, elm və təhsili, idmanı və təcrübi tibbi inkişaf etdirir;
– təqaüdçülərin və aztəminatlı vətəndaşların qayğısına qalır;
– qanuna uyğun olaraq ictimai asayişi səmərəli şəkildə təmin edir;
– dövlətin ərazi bütövlüyünün bərpası zərurəti ilə əlaqədar Milli Silahlı Qüvvələri inkişaf etdirir;
– müstəqil fəalliyyətlərində milli maraqlara və dövlət maraqlarına əsaslanan qeyri-hökumət (vətəndaş) strukturlarını hər cür dəstəkləyir;
– qanuna uyğun olaraq radikal qrupların, xüsusən başqa dövlətlər və ya beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən qrupların fəaliyyətinin qarşısını məharətlə alır və s.
Birmənalı olaraq, bütün bu əlamətlər güclü iqtisadi böhran və sistem böhranı şəraitində ciddi deformasiyaya məruz qalıblar. Mehdiyev 2014-cü ildə rejimin kadrlarının vəziyyətini tənqid edərək, bu böhranın mövcudluğunu etiraf etmişdi. Böhran ciddi səhvlər nəticəsində və ilk növbədə 2003-cü ildə İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra “suveren dövlət” və qloballaşma arasında prioritetin yanlış müəyyən edilməsi ilə əlaqədar yaranıb. Əslində Heydər Əliyevin eyni zamanda “güclü dövlət” qurulmasından və qloballaşmada iştirakdan (BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, MDB, İqtisadi Əməkdaşlıq Təşkilatı, NATO FTP, AŞ-aə daxil olma, Aİ qarşısında öhdəliklər) ibarət olan paralel siyasi kursu dayandırılıb.
2004-2005-ci illərdə Turan agentliyi “Avropa modeli vahid Qafqaz məkanı formalaşdırılmasının əsası kimi” (avqust, 2004) və “Azərbaycan və Avropa perspektivləri” (fevral, 2005) adlı məqalələrdə suverenlik qurulmasının qloballaşmadan üstün tutulmasının yanlış olduğu, dövlət üçün çox irəli gedən nəticələri olacağı barədə xəbərdarlıq etmişdi. Sonuncu məqalədə agentlik dinc Qafqaz məkanının formalaşdırılmasına olan maneələr haqqında danışarkən xüsusilə inkişaf etmiş ölkələrin fəal şəkildə cəlb edildiyi qloballaşma prosesi ilə Azərbaycan və iki digər Cənubi Qafqaz ölkəsinin məşğul olduğu milli dövlət quruculuğu prosesi arasındakı ziddiyyəti vurğulayırdı: “Bəs ziddiyyət nədədir? Aİ ölkələri əvvəlcə suveren dövlət kimi formalaşıblar və yalnız bundan sonra tədricən və ardıcıl şəkildə İttifaqın xeyrinə öz suverenliklərindən imtina etməyə başlayıblar: vahid şəklə salınmış qanunvericilik, vahid hərbi komandanlıq, vahid valyuta, açıq sərhədlər, mal və işçi qüvvənin sərbəst hərəkəti, vahid Konstitusiya. Bizim halda CQ ölkələri bir tərəfdən suveren dövlət quruculuğu yolundan keçirlər, digər tərəfdən isə paralel olaraq qloballaşmanın tələblərinə ayaq uydurmaq, yəni suverenlikdən imtina etmək məcburiyyətindədirlər. Hakimiyyətimizin atdığı addımlara əsasən təxmin etmək olar ki, o, ilk növbədə suverenliyin təsdiq edilməsi ilə məşğuldurlar və yalnız bundan sonra qlobal çağırışlara reaksiya verməyə hazırlaşır. Bu halda biz dünyada gedən proseslərdən və Avropaya inteqrasiyadan daha çox geridə qalmaqla risk edirik. Bizim vaxtımız yoxdur. 15 ildə informasiya texnologilayarı dünyasnın nə qədər sürətlə dəyişdiyinə diqqət yetirmək kifayətdir. Dünya nizam-intizamı da bu şəkildə dəyişir. Biz qloballaşma prosesinə fəal şəkildə daxil olmalı və bu gün qloballaşmanın önündə gedən ölkələrin etdiyi kimi, öz maraqlarımızı (siyasi, iqtisadi, informasiya) dövlət sərhədlərimizin hüdudlarından kənarda təmin etməyi öyrənməliyik”.