Gömrük bilməcəsi…

Rəsmi rəqəmlərdən də aydın görünür ki, gömrükdə rəsmiləşdirmənin, leqal daxil olan məhsulların həcmi artıb

Source:


Rəsmi rəqəmlərdən də aydın görünür ki, gömrükdə rəsmiləşdirmənin, leqal daxil olan məhsulların həcmi artıb

Bu ilin əvvəlindən gömrük orqanlarında bəzi dəyişikliklərin olması gündəmə gəldi, ölkədə olan ağır iqtisadi durumu nəzərə alaraq, hökumət qeyri-rəsmi ödənişlərin rəsmiləşdirməsini gömrük orqanlarından tələb etməyə başladı. Bundan başqa, gömrük rüsumlarının valyuta ilə, əsasən, dollar ilə hesablanması və ödənilməsi DGK-nin işinə yaradı: İki devalvasiyadan ən çox qazanan orqanlardan biri məhz gömrük oldu.

İndi rəsmi statistika açıqlandı: DGK xətti ilə dövlət büdcəsinə daxil olan vəsaitin həcmi bir ildə 45% artıb. Ölkədə iqtisadi aktivliyin və xarici ticarətin dibə vurduğu, tənəzzülə uğradığı bir zamanda DGK-nin yığımlarının artması maraqlı məsələdir. Təbii ki. Dollarla yığılan rüsumların indiki məzənnə ilə manata çevrilərək büdcəyə ötürülməsi yığımların manatla olan həcminin artmasına təsir göstərib, amma məsələ tək bununla bitmir. Gəlin bu ilin ilk 4 ayını əhatə edən rəsmi rəqəmlərə nəzər salaq:

Rəsmi rəqəmlərdən də görünür ki, idxal keçən ilin eyni dövrünə nisbətən 24%-ə yaxın azalıb, yəni, məntiqlə, idxaldan daxil olan rüsumlarda da azalma olmalı idi, amma rüsumların yığımı keçən ilin ilk 4 ayına nisbətən 45% artıb.

Eyni dövrün ixrac rəqəmlərinə nəzər salaq:

Göründüyü kimi, ixracımız da 42,6% azalıb, düzdür, bizdə ixrac rüsumları çox azdır, demək olar ki, tək neft, neft məhsulları və qazdan ibarətdir, amma ixracdan da müəyyən qədər rüsum toplanırdı. İxracat da azalıb, amma toplanan rüsumların cəmi artıb.

Məsələni daha aydın görmək üçün gəlin idxalın strukturuna baxaq, çox məsələ bizə aydın olacaq:

Maraqlı məqamlar var, məsələn: 1) 2015-ci ilin ilk 4 ayında ölkəyə cəmi 9,3 mln. dollarlıq kərə yağı gətirilib, amma bu ilin ilk 4 ayında həcm 19,6 mln. dollara qədər artıb, 2) Keçən ilin ilk 4 ayında cəmi 3,8 mln. dollarlıq çay idxal olunmuşdu, bu ilin ilk 4 ayında bu rəqəm 11.4 mln. dollar olub, 3) 2015-ci ilin ilk 4 ayında bitki və heyvan mənşəli yağlar ölkəyə 29 mln. dollar dəyərində gətirilmişdirsə, bu ilin ilk 4 ayında bu rəqəm 41,7 mln dollar olub, 4) Şəkərlə bağlı rəqəmlər belədir: Keşən ilin ilk 4 ayı 37 mln. dollar, bu ilin ilk 4 ayı 43,5 mln. dollar, 5) 2015-ci ilin ilk 4 ayında ölkə 27,6 mln. dollarlıq meyvə-tərəvəz gətirilmişdirsə, bu ilin ilk 4 ayında bu rəqəm 58,06 mln. dollar olub.

Mən gündəlik təlabat malları, ən çox istifadə olunan məhsullar ilə bağlı fərqləri yazdım. İş yerlərinin qapandığı, gəlirlərin və alıcılıq qabiliyyətinin azaldığı bir dövrdə gündəlik tələbat mallarının həcminin artması məntiqli görünmür. İnanmıram ki, bizim vətəndaşlar bu ilin ilk 4 ayında keçən ilə nisbətən daha çox meyvə-tərəvəz yeyir, şəkərlə çay içir, ya da kərə yağının istehlakını artırıb. Rəsmi rəqəmlərdən də aydın görünür ki, gömrükdə rəsmiləşdirmənin, leqal daxil olan məhsulların həcmi artıb, yəni, dünən rəsmiləşdirilmədən ciblərə gedən gömrük rüsumu, bu gün rəsmiləşdirilərək büdcəyə daxil olur. Təbii ki, bu, yaxşı haldır.Biz də istəyirik ki, büdcəmiz dolub-daşsın, amma bu uyğunsuzluğa, dünən alınan rüşvətə və korrupsiyaya görə kimsə cavab verməlidir axı?! Cavabdehlik və məsuliyyət hissi olmadan heç bir dövlət və hökumət orqanında keyfiyyət dəyişikliklərinə nail olmaq mümkün olmayacaq…

Ana səhifəAnalitikaGömrük bilməcəsi…