Xalq legitimliyi zədələnir
Bu gün ilk dəfədir referendum barəsində yazıram. Bir çox şərhi oxudum, bəyanatları gördüm. Əksəriyyət əsasən yaş məsələsini önə çəkir ki, İlham Əliyev öz oğlunu deputat etmək, sonra prezident etmək istəyir. Lakin, məncə, əsas məsələ bu deyil. Hətta tam əksinə yaş məsələsi bilərəkdən ortaya atılır ki, adamlar bunları müzakirə etsinlər, daha vacib məsələlər kənarda qalsın və ya daha az müzakirə olunsun. Eynisini 1995-də Konstitusiya qəbul olunanda etmişdilər. Əsas sistemə aid məsələlər qalmışdı kənarda, hamı dil məsələsinin (Azərbaycan dili – türk dili!) müzakirəsinə girişmişdi…
Referenduma çıxarılacaq məsələlər içində ən önəmliləri və üzərinə gedəcəyimiz müddəalar aşağıdakılardı:
1. Prezidentə Parlamenti buraxmaq səlahiyyətinin verilməsi. Bu dəyişiklik hakimiyyət bölgüsünü ciddi şəkildə zədələyəcək. Qanunverici hakimiyyət tamamilə icraedici hakimiyyətin başında duran şəxsdən asılı olacaq, iki hakimiyyət arasında balans pozulacaq. İndiki Ana Yasada prezidentin veto hüququ, parlamentin isə impiçment hüququ var. İndi elə çıxır ki, əgər parlament prezidenti istefaya göndərmək istəsə ikincisi daha çevik davranıb Ana Yasa şərtlərinə uyğun oldu-olmadı (özündən uyğun ana yasa şərtlərini uydurub!) parlamenti buraxacaq… Belə bir durum sadəcə nonsensdir… Məntiqsizdir və hətta komikdir.
Nəticədə Parlamentin sistemdaxili heç bir önəmi qalmır. İnstitut olaraq ciddi şəkildə zəiflədilir. Xalq seçsə də, parlamentin legitimliyi şərti olur, çünki Prezidentin qərarına bağlı olur.
2. Prezident olmadıqda onun səlahiyyətləri Birinci Vitse-prezidentə keçir. Bu dəyişiklik yenə də xalqdan gələn legitimliyi ciddi şəkildə zədələyir. Vitse-prezidenti xalq seçmir və xalqın seçmədiyi şəxs Ana Yasaya görə dövlət başçısının funksiyalarını yerinə yetirmiş olur. Yəni hüquqi baxımdan birinci vitse-prezident institutu yaradılır, lakin legitimliyi olmur… Bu da əslində nonsensdir! Vitse prezidentlərlə bağlı müddəa isə olduqca məntiqsiz və yenə də komikdir. Çünki təsəvvür edin prezidentə istədiyi qədər vitse-prezident təyin etmək səlahiyyəti verilir, o da parlament üzvləri qədər özünə vitse-prezident təyin edir
Nəticədə Xalq legitimliyi zədələnir, çünki ondan mandat almayan adam dövlət başçısı ola bilir. Baş nazirin sistemdaxili çəkisi demək olar ki, heçə endirilir. Onu prezident təyin edir, legitimliyi zədələnmiş parlament təsdiq edir, lakin parlamentin təsdiq etmədiyi bir şəxs ondan bir pillə yuxarıda olur.
Əsasən bu iki dəyişiklik nəticəsində ölkə monarxiya ilə hüququn arasında qalacaq. Bir tərəfdən Ana Yasa olacaq, digər tərəfdən də bu Ana Yasa bir nəfərə həddindən artıq böyük səlahiyyət verəcək. Hətta o qədər böyük ki, heç dünyada olan monarxiyalarda yoxdur! Monarxiyalarda hakimiyyət irsən keçir, təyinatla yox. Bizdə isə bu referendumdan sonra prezidentə dövlət başçısını faktiki olaraq təyinetmə hüququ veriləcək. Məsələn o, Birinci Vitse-prezident vəzifəsinə oğlunu yox, qızını təyin edə biləcək. Halbuki bu gün hətta müasir monarxların belə bir səlahiyyəti yoxdur. Nə Avropanın konstitusiyalı monarxiyalarında, nə də mütləq ərəb monarxiyalarında. Bir sözlə, bizimkilərin qurmaq istədikləri monarxiya da GEYDİRMƏ MONARXİYA olacaq! Çünki bu monarxiyada həm hakimiyyət irsi olaraq keçməyəcək, həm də “monarxın” əsli-nəcabəti olmayacaq, zadəgan olmayacaq.
Onsuz da bu gün biz bir Xalq olaraq hakimiyyəti dəyişə bilmirik. Bu məsələdə bizim üçün dəyişən bir şey olmayacaq. Artıq hər kəsə məlumdur ki, Xalq ayağa qalxmasa, hakimiyyət seçki yolu ilə dəyişməyəcək. Xalq ayağa qalxanda isə Ana Yasaya heç baxmayacaq, qaldı ki, geydirmə monarxiyaya! Xalqı küçələrə iqtisadi maraqlar, sosial problemlər, ədalətsizliklər gətirəcək.