Gəncədə AXCP üzvünə hökm oxundu

Şahin Hacıyev, Foto: Şahin Hacıyevin şəxsi arxivindən

Şahin Hacıyev özünü təqsirli bilmir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, Gəncədə şahmat məşqçisi kimi fəaliyyət göstərən Şahin Hacıyevə martın 31-də hökm oxunub. Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Xaqani Səmədovun sədrliyilə çıxarılan hökmə əsasən, Şahin Hacıyev 6 il azadlıqdan məhrum edilib.

2021-ci il noyabrın 26-dan həbsdə olan Şahin Hacıyev Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsilə ittiham olunur. Lakin o, özünü təqsirli bilmir. Martın 31-də hökmdən əvvəl son sözündə də vurğulayıb ki, təqsirsizdir, evində şkafdan narkotik tapılması haqda ittihamda yazılanlar yalandır:

“Guya mən tutulandan sonra evimdə şkafın siyirməsindən də narkotik tapıblar. Yalandır, orada mənim notbukum olub və onu götürüblər”.

Şahin Hacıyev vəkilinin çıxışıyla razılaşdığını bildirib və məhkəmədən bəraət hökmü çıxarılmasını istəyib.

Vəkil Zabil Qəhrəmanov da çıxışında müvəkkilinin təqsirsiz olduğunu deyib. Onun sözlərinə görə, məhkəmədə ortaya çıxan hallar, sübutlar da bunu təsdiqləyir.

“Şahin Hacıyevlə bağlı əməliyyatın keçirilməsi haqqında qərarda İsayev Müşfiq Ədalət oğlunun narkotik maddələrin satışıyla məşğul olduğu göstərilib. Deyirlər ki, sənədin tərtibində texniki səhvə yol verilib. Belə texniki səhv olmur. Texniki səhv elə qərarları yazan polislərin bu sistemdə işləməsidir. Texniki səhvlərlə insanların taleyi həll olunur. Belə texniki səhvlər dövlətin adını ləkələyir”, – vəkil bildirib.

Vəkil hüquqlarını müdafiə etdiyi şəxsə qarşı işgəncələrdən də danışıb. Zabil Qəhrəmanov bildirib ki, Şahin Hacıyev polis şöbəsindən istintaq təcridxanasına köçürüləndə onun üzərində xəsarətlər olub. Təcridxanadan verilən arayışda da o xəsarətlər əksini tapıb:

“Ayağının altında, budunda bənövşəyi qançırlar olduğu yazılıb. İşgəncə ilə əlaqədar prokurorluğa şikayət verilsə də, cinayət işi başlanması rədd edilib. Rədd qərarında da yazılıb ki, guya yıxılıb və nəticədə həmin xəsarətləri alıb. Özündən də ifadə alıblar ki, guya üç gün əvvəl ağacdan yıxılıb. Əgər üç gün əvvəl yıxılsaydı, xəsarətlərin rəngi ya yaşıla çalardı, ya saralardı. Xəsarət bir-iki gün əvvəl yetiriləndə adətən bənövşəyi rəngdə olur. Yazıblar ki, şəhərdən kənarda saxlanılıb. Əgər bu adam yıxılıb o cür xəsarət alsaydı, şəhər kənarına necə gedirdi?”

İşin içində çoxsaylı şübhəli məqamların olduğunu deyən vəkil xatırladıb ki, qanuna görə şübhəli hallar təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır.

Vəkilin çıxışına baxmayaraq, məhkəmə Şahin Hacıyev haqqında ittiham hökmü çıxarıb.

Hökmdən apelyasiya şikayəti veriləcək.

AXCP də Şahin Hacıyevə qarşı irəli sürülmüş narkotik ittihamının saxta olduğunu, onun sosial media hesabından yazdığı statuslara görə şərlənməklə cəzalandırıldığını bəyan edib.

Daxili İşlər Nazirliyindən isə bildirilib ki, Şahin Hacıyev konkret əməliyyat məlumatı və fakt əsasında saxlanılıb.

Ana səhifəXəbərlərGəncədə AXCP üzvünə hökm oxundu