Rövşən Hacıbəyli
Təhsilimizin sabahına ağı əvəzi
Bir neçə gün qabaq elm və təhsil naziri Emin Əmrullayevin “Facebook” profilindən şad xəbər yayıldı. Bilmirik nazir özü yazmışdı, yoxsa profili idarə edənlər. Hər halda, xəbər yaxşı xəbər idi, üstəlik, sevinci bölüşmək çox yaxşı adətdir. Deyilənə görə, sevinci paylaşanda daha da çoxalır. Özündən əvvəlki nazirlərdən fərqli imici formalaşdırılan, ya da həqiqətən, onlardan fərqli olan gənc nazirin bu addımı alqışlanasıdır. Şad xəbərə keçməzdən öncə gənc nazirə bir tövsiyəmiz var: sevinci bölüşdüyü kimi, dərdi də bölüşsün, çünki hələ təhsil sahəsində dərdlərimiz sevincimizdən qat-qat çoxdur. Həm də dərdlə bağlı da deyim: dərd bölüşdükcə azalır. Ancaq gəlin qabaqca sevincdən başlayaq, onsuz da dərdləri başından aşan oxucularımızı qaramat xəbərlərlə yormayaq.
Gənc nazirin profilində yazılanlara baxaq:
“Bakı Dövlət Universiteti “QS Quacquarelli Symonds” dünyanın ən yaxşı universitetlərinin reytinqində top-1000-də yer alıb (burda gənc nazir bir az yanlışa yol verib, reytinq cədvəlində BDU-nun yeri 951-1000-dədir – R.H.). Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti isə reytinqin 1001-1200 diapazonunda qərarlaşıb.
Ali təhsil müəssisələrimizin reytinq göstəricilərində irəliləyişin olması sevindirici haldır. Hər üç universitetin, xüsusilə müvafiq reytinq üzrə son 5 ildə ilk dəfə top-1000-də yenidən təmsil olunması münasibətilə Bakı Dövlət Universitetinin akademik heyətini ürəkdən təbrik edirəm”.
Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin məzunu olaraq mən də bu uğura sevinmək istəyərdim, ancaq uzun illər yaramaz əllərdə olan bu təhsil ocağını bir vaxtların APİ-si, Kirovabad Dovlət Pedaqoji İnstitutu, “Narxoz”u… səviyyəsinə endirənlərə görə sevinmək olmur, vallah, olmur.
Gənc nazirin akademik heyətini təbrik etdiyi Bakı Dövlət Universiteti reytinq cədvəlində 951-1000-ci yerləri bölüşdürür. Əslində, 100 yaşını keçən, ənənəsi olan bir universitet üçün utancverici yerdir. Bizimlə eyni vaxtda müstəqillik qazanan qonşu ölkələrin universitetlərinin reytinq cədvəlindəki yeri bunu deməyə əsas verir. Məsələn, Qazaxıstanın Əl-Fərabi Universiteti bu cədvəldə 163-cü yerdədir. Bu isə o deməkdir ki, qazax qardaşlarımız bizdən, yəni gənc nazirin bəh-bəhlə akademik heyətini təbrik etdiyi Bakı Dövlət Universitetindən 790 pillə öndədir; regionun lider dövlətinin ən tanınmış universitetindən. BDU-nun bu cədvəldə tutduğu yerə qədər Rusiyanın 21 universitetinin adı var. Qazaxıstanın isə 10 universiteti bizdən öndədir. Həmişə müqayisədə bütün sahələrdə bizdən geri olduqları deyilən Ermənistan da BDU-dan qabaqdadır, yəni Yerevan Dövlət Universiteti reytinq cədvəlində 901-950-ci yeri bölüşür. Tbilisi Dövlət Universiteti daha qabaqdadır: 791-800. Özbəkistanın Daşkənd Universiteti 547-ci yerdədir. Estoniyanın Tartu Universiteti isə 358-ci pillədədir. Keçmiş sovet respublikalarından ən uğurlu nəticəni Əl-Farabi adına Qazax Milli Universiteti göstərib. Reytinq cədvəlində bu universitet 163-cü yerdədir. Bundan başqa, Latviya, Litva, Estoniya, Ukrayna, Belarus, Qırğızıstan da bizdən qabaqdadır.
Bakı Dövlət Universiteti 5 ildən sonra da reytinq cədvəlində top 1000-ə yox, ümumiyyətlə, reytinqə düşməməliydi, cənab nazir, çünki saxta mandatlı deputatların bir çoxu ikinci ali təhsil adıyla BDU-dan “hüquqşünas” diplomu alıb. Daha çox saxta mandatlı deputat yoldaşları Abel Məhərrəmovun (1999-2018-ci illərdə BDU-nun rektoru) sayəsində. Saxta mandat alanlara saxta diplom satan universitet top 1000-lik yox, heç bir reytinq cədvəlində olmamalıdır…
Statistik rəqəmləri sadalamaqda məqsəd gənc naziri yormaq, heç haqsız çıxarmaq da deyil, ona daha dolğun informasiya çatdırmaqdır, ola bilsin, onun komandası bu statistikanı nazirə təqdim etməyib. Bizdə vəzifədə olanlar oxumağı yox, hazır statistikanı sevir, prezidentdən üzüaşağı çıxışlarda saxta statistik rəqəmlərlə az qarşılaşmamışıq. İşin ağırlığını əsas gətirib bir çoxu ilkin mənbə ilə şəxsən tanış olmur. Yeri gəlmişkən, gənc nazirin magistr təhsili aldığı Nyu-Yorkdakı Kolumbiya Universiteti reytinq cədvəlində 34-cü yerdədir…
Gələk yazının başlanğıcındakı tövsiyə məsələsinə. Gənc nazir reytinq cədvəlində 1000-dən sonra gələn 3 universitetimizin uğuruna sevinib sevincini bölüşdüyü kimi, bir neçə gün qabaq müəllimlərin sertifikatlaşdırılması ilə bağlı imtahandakı uğursuzluğundan – 4 minə yaxın ibtidai sinif müəlliminin (təhsilin təməlini qoyan) elementar sualları bilməməsinin kədərini də ən azı elə “Facebook” profilində bölüşməliydi: dərdin azalması üçün. İngilisdillilər bilməyə bilər, ancaq nazirlikdə xeyli türkdilli var, onların “dərd bölüşdükcə azalır” məsəlini bilməməsi ibtidai sinif müəllimlərinin elementar sualları bilməməsindən daha betərdir.
Bu da tender, ya katirovka sorğusu deyil ki, ancaq yaxınlarla bölünə…